Liderlərin hər görüşü yeni siyasi uğurun başlanğıcına çevrilib

Liderlərin hər görüşü yeni siyasi uğurun başlanğıcına çevrilib
SİYASƏT
10:50 27.09.2023
535
Azərbaycanla Türkiyə dövlətləri arasında dostluq və qardaşlıq əlaqələri qədim tarixə malikdir. Dünyada bir-birinin dövlət müstəqilliyini Azərbaycan və Türkiyə qədər dəstəkləyən, həmrəylik göstərən başqa bir nümunə tapmaq çətindir. Azərbaycan və Türkiyə xalqlarının eyni soykökə, dilə, dinə, mədəniyyətə və bir çox digər qarşılıqlı bağlara malik olması bu iki ölkəni həmişə doğma etmiş, sevincli, kədərli günlərdə də bir-birinin yanında olmasına şərait yaratmışdır. Xalqlarımızın yaxşı gündə də, pis gündə də bir-birinə dayaq olması, yardım əlini uzatması, əlbəttə ki, Azərbaycan-Türkiyə münasibətlərinin yüksək səviyyəsini, möhkəm əlaqələrin sarsılmaz xarakterini bir daha təsdiqləyir.

Çanaqqalada Türkiyənin istiqlalı uğrunda Azərbaycan qəhrəmanlarının qanı, Bakının azad olunması savaşında türk əsgərlərinin şücaətilə yoğrulan bu birlik qalib sərkərdə Atatürkün sevgisi, böyük dövlət adamı Ulu Öndər Heydər Əliyevin müdrikliyi ilə dünya tarixində əvəzsiz iz buraxdı. Bu gün həmin prosesi Türk dünyasının liderləri Rəcəb Tayyib Ərdoğan və cənab İlham Əliyev tərəfindən beynəlxalq miqyasa yüksələrək zirvəyə çatdırılıb. Bu zirvənin hüquqi təsdiqi kimi imzalanan Şuşa Bəyannaməsi müasir dünya düzənində ən üstün dövlətlərarası münasibətin simvolu sayıla bilər. Zəfər savaşında mənəvi və siyasi dəstəyi ilə Azərbaycanın yanında olan Türkiyə həm Qələbə paradında iştirakı, həm də Şuşa Bəyannaməsi ilə tək dostluq, qardaşlıq mesajını deyil, həm də dünya üçün istənilən təhlükəyə qarşı "Bir millət, iki dövlət” prinsipinin duracağını göstərən həqiqət idi. Qardaş Türkiyə son antiterror tədbirlərində də Azərbaycanın yanında olduğunu ən yüksək səviyyədə bəyan etdi. 

Azərbaycan və Türkiyə Prezidentlərinin Naxçıvanda görüşü iki dost, qardaş, müttəfiq ölkənin birliyinin, həmrəyliyinin növbəti təqdimatı oldu. Dünya bu birliyin sarsılmazlığının, daha da möhkəmləndiyinin şahidinə çevrildi. Qardaş ölkənin Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyəni Türk dünyası ilə birləşdirən Naxçıvandan bir daha bəyan etdi ki, Türkiyə-Azərbaycan əlaqələri dünyada tayı-bərabəri olmayan müstəsna səviyyədədir. "Bir millət, iki dövlət” şüarı çərçivəsində əlaqələrimizi və əməkdaşlığımızı bütün sahələrdə gücləndirmək üçün fəaliyyətimizi davam etdiririk.

Prezident Rəcəb Tayyib Ərdoğanın Naxçıvan səfərində Azərbaycan-Türkiyə müttəfiqliyinin sarsılmazlığı bütün dünya üçün bir daha nümayiş olundu. Hər iki dövlət başçılarının səmimi münasibəti, həm bölgənin, həm də bütövlükdə dünyanın siyasi proseslərinə ortaq baxışı onu göstərir ki, bu müttəfiqlik hərbi və siyasi qarşıdurma şəraitində olan bir çox ölkələrə nümunə ola bilər. Eyni zamanda Qafqazdan Orta Asiyaya uzanaraq Türk Dövlətləri Birliyini möhkəmləndirən bu müttəfiqlik dünya siyasi düzəninə də ciddi təsir göstərməkdədir. Bu gün artıq dünyanın qaynar nöqtələrində problemin həlli, böyük iqtisadi layihələrin gerçəkləşməsi üçün Ankaranın və Bakının rəyi əsas götürülür. Bütün beynəlxalq platformalarda eyni mövqedən çıxış edən bu iki qardaş ölkənin imzaladığı sənədlər də həm regional, həm geopolitik, həm də strateji baxımdan böyük əhəmiyyət kəsb edir. 

Azərbaycan və Türkiyə Prezidentlərinin mətbuata birgə bəyanatları münasibətlərimizin dünəninə, bu gününə və qarşıda dayanan hədəflərə işıq saldı. "Dövlət başçımız cənab İlham Əliyev mətbuata bəyanatında bir daha qardaş ölkənin 44 günlük İkinci Qarabağ müharibəsinin başlandığı andan Azərbaycanın yanında olduğunu, bu gün də bu birliyin işğaldan azad edilmiş ərazilərimizdə aparılan bərpa-quruculuq işlərində özünün aydın ifadəsini tapdığını qeyd etdi. 

Azərbaycan-Türkiyə əlaqələri bütün sahələrdə uğurla inkişaf edir. Məhz iki dövlətin siyasi iradəsi, qətiyyəti sayəsində reallığa çevrilən enerji layihələri regionda sabitliyi, təhlükəsizliyi möhkəmləndirməklə yanaşı, dünyanın enerji təhlükəsizliyinin təminatına böyük töhfələrdir” söyləyən millət vəkili səfər çərçivəsində təməli qoyulan İğdır-Naxçıvan qaz kəmərlərini də bunun bariz nümunəsi kimi qeyd edib. 

Prezident Rəcəb Tayyib Ərdoğanın Naxçıvan səfəri Azərbaycan–Türkiyə müttəfiqliyinin möhkəmlənməsinə daha bir töhfə verməklə yanaşı, həm də Avrasiya geopolitik məkanında yeni düzənin əsasını qoyur. Liderlərin hər görüşü yeni siyasi uğurun başlanğıcına çevrilir. Naxçıvan görüşü də yaxın zamanlarda şahidi olacağımız uğurların əsasını qoymuş oldu.


Naftalan şəhər sakini Faiqə Ağayeva

OXŞAR XƏBƏRLƏR