Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) tərəfindən martın 28-də keçiriləcək yeni hərrac elan edilib.
Komitədən verilən məlumata görə, budəfəki hərraca 144 dövlət əmlakı olmaqla, 40 səhmdar cəmiyyəti, 77 kiçik dövlət müəssisə və obyekti, 27 nəqliyyat vasitəsi çıxarılıb.
Hərraca çıxarılan 77 kiçik dövlət müəssisəsi və istifadəsiz qeyri-yaşayış obyektlərinin bir qismi altındakı torpaq sahəsi ilə birlikdə özəlləşdiriləcək. Tikili və torpaq sahəsi ayrı-ayrılıqda qiymətləndirilib.
Hərraca torpaq sahəsi ilə birgə çıxarılan kiçik dövlət müəssisələri sırasında ən yüksək hərrac qiyməti 561 min manata olan qeyri-yaşayış binasıdır.
Nəsimi rayonu, Bülbül prospektində yerləşən daşınmaz əmlakın torpaq sahəsi 474,8 kv.m, tikili sahəsi isə 255,5 kv.m-dir. Bundan əlavə, hərraca çıxarılan start qiyməti yüksək olan əmlaklar sırasında 405 min manata Səbail rayonunda qeyri-yaşayış sahəsi, 270 min manata Qaradağ rayonunda Anbar, 369 min manata Sumqayıtda "Laçın” restoranı da var.
Hərraca çıxarılan 27 nəqliyyat vasitəsi müxtəlif dövlət qurumlarının balansında olan, lakin xidməti istifadədən çıxarılmış nəqliyyat vasitələridir. Hər bir nəqliyyat vasitəsinin fotosu və müvafiq məlumatlar hərrac günündən 1 ay əvvəldən komitənin özəlləşdirmə portalında əks olunur.