"Ölkəmiz bütün dünyaya lider-ordu-xalq birliyi nümayiş etdirir" - Naqif Həmzəyev

"Ölkəmiz bütün dünyaya lider-ordu-xalq birliyi nümayiş etdirir" - Naqif Həmzəyev
SİYASƏT
12:18 19.12.2023
330
Azərbaycan Respublikası müstəqilliyimizin bərpasının ardından olduqca çətin, keşməkeşli dövrlərdən keçdi. Hələ uzaq olmayan tariximizdə bir tərəfdən torpaqlarımızın işğalına, həmin torpaqlarda yaşayan soydaşlarımızın soyqırıma məruz qalmasına, ata-baba yurdlarından qovulmasına, digər tərəfdən isə beynəlxalq ictimai auditoriyanın azərbaycanlıların soyqırımı və torpaqlarının işğalına qarşı siyasi səssizliyinə şahidlik etdik. 30 illik işğal müddəti boyunca diplomatik cəbhəmiz mübarizəsini bir an olsun dayandırmasa da, Ulu Öndər Heydər Əliyevin ölkəni dirçəltmə kimi çox ağır missiyanı çiyinlərinə götürdüyü 1993-cü il sonrasında, eləcə də Prezident İlham Əliyevin rəhbərliyi dövründə müharibə şəraitində olmağın xalq üzərindəki  faktiki sosial-iqtisadi çətinlikləri dövlət siyasəti nəticəsində mümkün qədər neytrallaşdırıldı.
 
Hətta, vaxtilə 1 milyona yaxın qaçqın və məcburi köçkünün yerləşmə problemi belə Azərbaycanın yerli imkanları hesabına aradan qaldırıldı, çadır düşərgələri ləğv edildi. Biz hətta bugünün özündə belə dünya praktikasında müşahidə edirik ki, müharibə şəraitində olan ölkələrin xalqları necə ağır sosial-iqtisadi və ictimai məsuliyyət və vəzifələr qarşısında qalırlar və ölkədə hansı məhdudiyyətlər özünü göstərir.
 
Artıq Qarabağ adlı nə daxili, nə də xarici siyasi problemimiz var. Maraqlıdır ki, bizə dost olan ölkələrin xalqları belə bizimlə heç bir qan və ya vətəndaşlıq bağı olmadığı halda qələbəmizlə fəxr edərkən, müharibə sonrası dönəmin çətin günlərində azərbaycan xalqı ilə birlik və bərabərlik nümayiş etdirməyə çalışarkən, ölkə daxilindəki bəzi qruplar hətta xalqımızın bugünündən belə siyasi ambisiyalar naminə istifadə etməyə çalışır.

7 fevral 2024-cü il tarixində ölkə ərazisində bir ilk yaşanacaq və Prezident seçkiləri bütün ölkə ərazisində keçiriləcək. Məhz bu səbəbdəndir ki, "zəfər seçkisi” olaraq adlandırıldı.
 
Qeyd etmək lazımdır ki, növbədənkənar seçkilərin təyin edilməsi Azərbaycan Respublikası Prezidentinin konstitusional hüququdur və Prezident cənab İlham Əliyev məhz konstiutusiyanın ona vermiş olduğu bu hüququndan istifadə etdi. Buna qarşılıq, radikal müxalifət tərəfindən boykot çağırışı edilməsi açıq-aşkar şəkildə bu partiyaların özünə inamsızlığının, aktiv seçici bazasından yoxsun olmalarının, xarici-siyasi aspektdən isə boykotun kənar qüvvələrin siyasi sifarişi olduğunun göstəricisidir. Çünki, belə bir qərarın xalqımızın iradəsini əks etdirməsini düşünmək faktiki reallığa uyğun gəlmir.

Nəzərə almaq lazımdır ki, növbədənkənar prezident seçkilərinin keçirilməsi haqqında qərar siyasi partiyaların üzvlərinin reyestrlərinin dövlət qeydiyyatına alınması prosesinin tamamlanmasından sonra qəbul edilib. Beləcə, dövlət qeydiyyatına alınmış bütün siyasi partiyalara seçkilərdə iştirak etmək imkanı yaradılıb. Bu faktın özü belə, Azərbaycanda ədalətli rəqabət mühitinin təmin edildiyinin göstəricisidir.

2020-ci ildən etibarən ərazi bütövlüyümüzün öz gücümüz və potensialımız vasitəsilə bərpa edilməsi istiqamətindəki siyasi-diplomatik fəaliyyət və hərbi əməliyyatlar qlobal miqyasda bir çox paytaxtın ölkəmizlə bağlı mənfur siyasətini darmadağın etdi. Müharibədə kapitulyasiyaya imza atan Ermənistan olsa da, məğlubiyyətin yasını Ermənistanla birlikdə bir çox dövlət saxladı və onlar Azərbaycanın hətta ən kiçik səhvini illərdir gözləyirlər ki, ölkəmizə qarşı təzyiq mexanizmi formalaşdıra bilsinlər. Belə bir şəraitdə müxalifət partiyasının elan edilmiş seçkini boykot etmə çağırışı onların əslində xalqın iradəsini deyil, xaricdən gələn "sifariş”lərin  siyasi acizliyini və növbəti məğlubiyyətini özündə əks etdirir. 

Azərbaycan Respublikası müstəqilliyinin ən güclü və ən əsası isə vahid dövrünü yaşayır. Ölkəmiz bütün dünyaya lider-ordu-xalq birliyi nümayiş etdirir. Bizim qələbəmiz hələ də qərbin önəmli tədqiqat mərkəzləri tərəfindən öyrənilir, önəmli tədqiqatlar aparılır. Bir azərbaycanlı kimi bütün bu dövrlərə birbaşa şahidlik etmək çox böyük qürurdur və xalqımız yaşadığı çətinliklərin ardından bu qürura və daha da böyük nailiyyətlərə layiqdir. 7 fevral 2024-cü il tarixində isə Azərbaycan xalqı özünün siyasi iradəsini ortaya qoyacaq və xalq öz liderini seçəcək. İstər ölkə daxilindəki radikal müxalifət, istərsə də kənar qüvvələr yaxşı bilməlidir ki, xaricdə formalaşan heç bir siyasi sifariş və ya təzyiq Azərbaycan dövlətinin və xalqının iradəsinə təsir göstərə bilməz: dəmir yumruq və dəmir iradə hər zaman öz yerindədir.
 
Naqif Həmzəyev,
Milli Məclisin deputatı
OXŞAR XƏBƏRLƏR