Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli Fərmanı ilə təsdiq edilmiş milli iqtisadiyyat perspektivi və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrində də maliyyə inklüzivliyinin artırılması, maliyyə xidmətlərinin çatdırılması kanallarının diversifikasiyası, sahibkarların, xüsusilə də kiçik və orta sahibkarların maliyyə mənbələrinə çıxış imkanlarının genişləndirilməsi və maliyyə xidmətləri ilə təminatının yaxşılaşdırılması əsas strateji hədəf və prioritetlərdən biri kimi müəyyən edilmişdir.
«Sahibkarlıq fəaliyyəti haqqında» Azərbaycan Respublikasının qanununda qeyd olunur ki, sahibkarlıq fəaliyyəti fiziki şəxslərin, onların birliklərinin, habelə hüquqi şəxslərin mənfəət və ya şəxsi gəlir əldə edilməsi məqsədilə özlərinin cavabdehliyi və əmlak məsuliyyəti ilə, yaxud digər hüquqi və ya fiziki şəxslərin adından qanunvericiliklə qadağan edilməyən təsərrüfat fəaliyyətinin bütün növləri, o cümlədən məhsul istehsalı, satışı və xidmətlər göstərilməsi formasında həyata keçirdikləri müstəqil təşəbbüskarlıq fəaliyyətidir. Bu sahibkarlıq fəaliyyətinin məzmununu dəqiq əks etdirir. Son dövrlər Azərbaycanda sahibkarlığın inkişafı üçün ciddi addımlar atılıq və bu istiqamətdə dövlət dəstəyi göstərilir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2019-cu ildə Mikayıl Cabbarovu yeni vəzifəyə - İqtisadiyyat naziri təyin olunması ilə əlaqədar qəbul edərkən ona mühim tapşırıqlar verib. Prezident qeyd edib ki, Azərbaycanda sahibkarlığın inkişafı üçün vergilər stimulverici rol oynayır və nəticələr də göz qabağındadır.
"Bu il Vergilər Nazirliyi plandan əlavə təqribən 350 milyon manatdan çox vəsait toplayıb və əlbəttə ki, bu, şəffaflığın təzahürüdür. Təbii ki, bu vəsait bizə bu il çox geniş və ciddi sosial paket icra etmək imkanı verdi. Deyə bilərəm ki, bu sosial təşəbbüsün analoqu bu günə qədər olmamışdır. Dörd milyon iki yüz min insan bu sosial təşəbbüsdən faydalanıb, minimum əməkhaqqı təxminən iki dəfə, minimum pensiya 70 faizdən çox artırılıb. Minimum pensiyanın alıcılıq qabiliyyətinə görə biz MDB məkanında birinci yerdəyik, amma orta pensiyanın səviyyəsinə görə üçüncü yerdəyik. Yəni, bu, doğrudan da çox böyük sosial təşəbbüsdür. Əlbəttə, əgər bizim maliyyə imkanlarımız olmasaydı, biz bunu edə bilməzdik”.
Prezident həmçinin qeyd etmişdi ki, bizim siyasi müstəqilliyimizin təməlində iqtisadi müstəqillik dayanır:
"Hələ ulu öndər Heydər Əliyev vaxtilə demişdir ki, iqtisadiyyatı güclü olan ölkə hər şeyə qadirdir. Bu, tam həqiqətdir və bu gün bizim siyasi müstəqilliyimizin təməlində iqtisadi müstəqillik dayanır. Mən bunu öz çıxışlarımda dəfələrlə demişəm. Əgər bizim iqtisadiyyatımız kənar dairələrdən asılı olsaydı, biz uğurlu siyasi kurs icra edə bilməzdik. Bizim siyasi müstəqilliyimizin, o cümlədən xarici siyasətdə apardığımız prinsipial mövqeyin əsas baza prinsipi iqtisadi müstəqilliyimizdir. Mən Prezident kimi ilk illərdən iqtisadi müstəqilliyə nail olmaq üçün çalışmışam, müvafiq göstərişlər vermişəm. Bu gün Azərbaycan iqtisadi baxımdan, o cümlədən siyasi baxımdan heç kimdən, heç bir ölkədən asılı deyil, prinsipial müstəqil siyasət aparır, o siyasət ki, Azərbaycan xalqının maraqlarını təmin edir. Azərbaycan xalqının maraqlarını, dövlət maraqlarını bütün beynəlxalq tribunalardan müdafiə etmək üçün əlbəttə ki, bizim iqtisadi imkanımız olmalıdır”.
Ölkəmizdə azad sahibkarlığın inkişafı və eyni zamanda liberal iqtisadiyyatın təşviqi də son illərin gündəmdə olan məsələlərindəndir. Azad sahibkarlığın inkişafı üçün liberal iqtisadiyyatın təşviqi böyük əhəmiyyət daşıyır. Amma bu sahədə bəzi problemlər və çətinliklər də mövcuddur.

İqtisadçı-ekspert Pərviz Heydərov AZXEBER.COM-a açıqlamasında mövzu ilə bağlı fikirlərini bildirib.
O, qeyd edib ki, ölkəmizdə sahibkarlığın inkişafı və iqtisadiyyatda liberallaşmanın genişləndirilməsi prioritet vəzifələrdən təşkil edir:
"Ölkəmizdə sahibkarlığın inkişafı və iqtisadiyyatda liberallaşmanın genişləndirilməsi prioritet vəzifələrdən təşkil edir. Dövlət başçımız tərəfindən təsdiqlənən "2030:sosial iqtisadi inkişafa dair milli prioritetlər” bunu əyani təcəssüm etdirir. Bu da ondan irəli gəlir ki, ümumi iqtisadi tərəqqinin, makroiqtisadi dayanıqlığın möhkəmlənməsi bunun əsasında müəyyən edilir. Yəni kiçik və orta sahibkarlığın inkişafı, qeyri-inhisarçılığın möhkəm əsasda təşəkkül tapması, azad rəqabət mühitinin formalaşması əsasında. Bütün bunlar isə qanunvericilikdən tutmuş, büdcə-vergi siyasətinə və ümumiyyətlə, idarəetmədə islahatlarədək hər şeyi əhatə edir və bunların davamlı olmasını tələb edir. Hüquqi-normativ baza durmadan təkmilləşdirilməlidir. Büdcə-vergi siyasəti sadələşdirilməlidir”.
Ekspert qeyd edib ki, azad rəqabət şəraitinin təşəkkül tapması üçün həm inzibati, həm tənzimləyici vasitələrdən istifadə yolu ilə bütün metodlardan istifadə edilməlidir:
"Azad rəqabət şəraitinin təşəkkül tapması üçün həm inzibati, həm tənzimləyici vasitələrdən istifadə yolu ilə bütün metodlardan istifadə edilməlidir. Ümumiyyətlə, azad sahibkarlığın inkişaf tapması və liberal iqtisadiyyatın təşəkkülü üçün özül olaraq sərbəst rəqabət şəraiti yaranmalədır, real olaraq əksini tapmalıdır. Hesab edirəm ki, birinci növbədə ölkəmizdə buna nail olunmalıdır”.

İqtisadçı alim Nazim Bəydəmirli AZXEBER.COM-a açıqlamasında bildirib ki, azad sahibkarlığın inkişafı üçün ilk növbədə gərək sahibkarların mülkiyyət toxunulmazlığı təmin olunsun:
"Liberal bazar iqdisadiyyatı dəyərləri azad rəqabəti özündə ehtiva edir. Bazar iştirakçılarının hüquq və vəzifə bərabərliklərini özündə ehtiva edir. Azad sahibkarlığın inkişafı üçün ilk növbədə gərək sahibkarların mülkiyyət toxunulmazlığı təmin olunsun. Eyni zamanda iqtisadi mübahisələrdən irəli gələn məsələləri həll etmək üçün azad məhkəmələr olsun. Üstəlik dövlət orqanları iqtisadi fəaliyyətlə məşğul olmasın. Dövlət siyasəti iqtisadi siyasətə proqnoz oluna biləcək olsun. Eyni zamanda əsas olan inhisarçılıq olmasın. İnhisarçılığı yaradan da məmur sahibkarlığıdır. Hansı ki, məmur sahibkarlığını yaradan səbəb çox aydındır. Burada müxtəlif vəzifəli şəxslərin onlardan tələb olunan əmlak və gəlir deklarasiyalarını verməmələri, ümumiyyətlə, korrupsiya qanunveriliciyin işləməməsi və Mərkəzi İcra Hakimiyyəti orqanının doğru iş qurmaması və iqtisadi sahədə əsas olan korrupsiya sahəsinə nəzarət etməməsi, korrupsiya hüquq pozuntuları ilə mübarizə aparmaması, bütün bunların məmurların qanunu saymamasına gətirib çıxarır”.
Nazim Bəydəmirli həmçinin qeyd edib ki, real sahibkarlıq bazar iqtisadiyyatı şəraitində işləmir:
"Ümumilikdə, bazar iqtisadiyyatının adı var, amma real olaraq real sahibkarlıq bazar iqtisadiyyatı şəraitində işləmir. Eyni zamanda müxtəlif dövlət qurumları - Nazirliklər və digər şirkətlər antiinhisar fəaliyyəti haqqında qanunvericiliyə zidd olaraq özləri birbaşa sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Xatırladım ki, onlar öz yanlarında MMC, ASC-lər yaradaraq iqtisadi fəaliyyətlə birbaşa məşğul olurlar. Dövlət büdcəsinin mənimsənilməsi ilə bu mexanizmlərlə məşğuldurlar”.
İqtisadçı bu sahəni təşviq etməyin bir çox yollarının olduğunu bildirib:
"Öz məmurlarını biznesdən kənarlaşdırmaq, icazələrin, lisenziyaların azaldılması, azad məhkəmələrin təmin olunması, investisiya mühitinin təşviqi, eyni zamanda gömrük və vergi siyasətinin fiskal siyasət olaraq yumşaldılması təşviqetmə yollarına misal ola bilər. İnvestisiya o zaman ölkəyə gəlir ki, burada onun mülkiyyət toxunulmazlığı var. Sahibkarlıqla məşğul dedikdə insanların beyninə gələn ilk növbədə bizim bəzi "əzəmətli” nazirlərimiz, komitə sədrləri və digərləri göz önünə gəlir. Çünki onlar korrupsiya mexanizmləri ilə gizli sahibkarlıqla məşğuldurlar. Öz ailə üzvlərinin adına şirkətlər quraraq bazarı sıxışdırırlar”.
Aydın Nuri
Yazı Medianın İnkişafı Agentliyinin yardımı ilə "Azad sahibkarlığın inkişafı və liberal iqtisadiyyatın təşviqi;” mövzusu üzrə dərc edilib.
