“Antiterror əməliyyatı Vətən müharibəsinin sonu kimi qiymətləndirilə bilər” - Ekspert

“Antiterror əməliyyatı Vətən müharibəsinin sonu kimi qiymətləndirilə bilər” - Ekspert
SİYASƏT
12:25 19.09.2025
228
 
Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirlərindən iki il keçir. 

2023-cü ilin sentyabrında reallaşan əməliyyatlar nəticəsində qeyri-qanuni silahlı dəstələr zərərsizləşdirilib, konstitusiya quruluşuna qarşı fəaliyyətlərə son qoyulub. Əməliyyat Azərbaycanın ərazi bütövlüyünün tam təmin olunmasında həlledici mərhələ kimi yadda qalıb.

Siyasi şərhçi Səxavət Məmməd AZXEBER.COM-a bildirib ki, 44 günlük Vətən müharibəsindən sonra Qarabağda yaşayan ermənilərin Azərbaycanın tərkibində qalacağı, separatizmə son qoyacağı və qondarma qurumu ləğv edəcəkləri gözlənilirdi:

"Lakin hadisələrin gedişi bunun əksini göstərdi. Müharibədən sonra bölgədə qalan təxminən 10 min erməni silahlısı Rusiya sülhməramlılarının nəzarəti altında təşkilatlanaraq nizami orduya çevrilməyə başladı. Hətta sülhməramlıların yerləşməsindən cəmi bir ay sonra onlar silahlılarla birgə hərbi təlimlərə start verdilər. Azərbaycan tərəfi uzun müddət məsələnin qansız həll olunmasına çalışsa da, reallıq göstərirdi ki, gec-tez antiterror əməliyyatı qaçılmaz olacaq. Həmin dövr ərzində Azərbaycan ordusu bir sıra uğurlu lokal əməliyyatlar həyata keçirdi. Məsələn, Laçın və Kəlbəcər istiqamətində mövqelər silahsız azad edildi, "Fərrux əməliyyatı”, "Qisas əməliyyatı”, Sarıbaba-Qırxqız əməliyyatı” və digər hərbi əməliyyatlar baş tutdu”.

Ekspert deyib ki, erməni tərəfi isə prosesin sülh yolu ilə həllində maraqlı olmadığını nümayiş etdirirdi:

"Nəticədə Azərbaycan Qarabağda sərhəd nəzarət-buraxılış məntəqəsi quraraq Ermənistandan silah və hərbi təchizatın qarşısını aldı. Bu, sonrakı antiterror əməliyyatının uğurlu alınmasında mühüm rol oynadı. 2023-cü ilin sentyabrında başlanan antiterror əməliyyatı Azərbaycan ordusunun planına uyğun olaraq cəmi 24 saat ərzində həyata keçirildi. Əməliyyatın məqsədi strateji yüksəkliklərin və kəndlərin azad edilməsi deyil, erməni silahlılarının əlaqəsini kəsmək, onları tərksilah edərək təslim olmağa məcbur etmək idi. Əməliyyatdan sonra təslim olmaqdan imtina edən bəzi silahlı qruplara qarşı da bir neçə gün ərzində əməliyyat aparıldı və onlar tam tərksilah edildi. Nəticədə, Qarabağda yaşayan ermənilər bölgədə qalmağın mümkünsüz olduğunu anlayaraq ərazini tərk etdilər”.

"Bu antiterror əməliyyatı 44 günlük Vətən müharibəsinin davamı və sonu kimi qiymətləndirilə bilər”-, deyə ekspert vurğulayıb.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR