ABŞ-da mühakimə edilən rus silah qaçaqmalçısının məhkəməsi yekunlaşdı
AZXEBER.COM-un TRT-yə istinadən verdiyi xəbərə görə, silah qaçaqmalçılığı ittihamıyla ABŞ-da mühakimə edilən Rusiya vətəndaşı Viktor But 25 il həbs cəzasına məhkum edilib.
SSRİ dövründə Hərbi Hava Qüvvələrinin zabiti olan Butun məhkəməsi Nyu-Yorkda keçirilib.
Kolumbiyada solçu FARC döyüşçülərinə ağır silahlar satmağa çalışmaqda ittiham edilən "ölüm taciri" ləqəbli But haqqındakı iddiaları rədd edib. Prokuror onu amerikalıları öldürməyi planlaşdıran terrorçulara silah satmaqda ittiham edib. Butun vəkilləri müdafiə etdikləri şəxsin silah vədiylə terrorçuları öz yanına çəkməyə çalışdığını, əsas məqsədinin 5 milyon dollara iki köhnə yük təyyarəsi satmaq olduğunu iddia ediblər. Ancaq bu çıxışlar Butu xilas etməyib. 45 yaşlı "ölüm taciri" 25 il həbs cəzasına məhkum edilib.
1990-cı illərdən etibarən dünyanın müxtəlif bölgələrindəki diktatorlarla terror qruplarına silah satmaqda ittiham edilən But 2008-ci ildə keçirilən əməliyyat nəticəsində Tailandda yaxalanıb. Özünü FARC gerillası kimi təqdim edən ABŞ agentlərinin ələ keçirdiyi But iki il Tailandda həbsdə qalıb. Daha sonra onun Tailanddan ABŞ-a təhvil verilməsi Moskva ilə Vaşinqton arasında gərginlik yaradıb.
Butun həyatı baş rolda amerikalı aktyor Nikolas Keycin oynadığı "Müharibə Tanrısı" adlı filmin də mövzusu olub.