Lütfi ZADƏ: “Azərbaycan Konstitusiyasına yazılacaq sətirlər ölkənin uğurlu inkişafına yeni yollar açacaq”

Lütfi ZADƏ: “Azərbaycan Konstitusiyasına yazılacaq sətirlər ölkənin uğurlu inkişafına yeni yollar açacaq”
Redaktorun Seçdikləri
13:13 25.09.2016
14810
Dünya şöhrətli alim, qeyri-səlis məntiq nəzəriyyəsinin yaradıcısı olan dünya şöhrətli azərbaycanlı alim Lütfi Zadə Azərbaycanda keçiriləcək referenduma toxunub.
 
AZXEBER.COM Azərbaycan qəzetinə istinadən xəbər verir ki, Lütfi Zadə adına Beynəlxalq Elmlər Akademiyasının vitse-prezidenti və Azərbaycan Texniki Universitetinin professoru Şahnaz Şahbazoya verdiyi açıqlamada alim referendumun keçiriləmsini alqışlayıb. "Mən Azərbaycanda gedən quruculuq prosesini çox diqqətlə izləyirəm. Azərbaycan indi referenduma hazırlaşır. Yəqin ki, bu, zərurətdən yaranıb. Konstitusiya dövlət quruluşunun əsasıdır, onun qanunlarını, vətəndaşların hüquq və vəzifələrini özündə əks etdirir.
 
Bilirəm ki, Azərbaycan Konstitusiyasına ediləcək əlavə və dəyişikliklərin çoxu ölkə vətəndaşlarının hüquq və azadlıqlarının genişləndirilməsi, mənafelərinin daha səmərəli təmin edilməsi, idarəetmə funksiyalarının təkmilləşdirilməsi ilə bağlıdır. Əminəm ki, Azərbaycan Konstitusiyasına yazılacaq təzə sətirlər ölkənin uğurlu inkişafına yeni yollar açacaq”. Alim tarixi vətənində onun qeyri-səlis məntiqini daha da inkişaf etdirən gənc alimlərin də olduğunu diqqətə çatdırıb. "Qeyd etdiyim kimi, Azərbaycanda çox savadlı cavan insanlar var və orada qeyri-səlis məntiqdə artıq bir neçə işlər görülmüşdür. Heydər Əliyev adına Biliklərə Əsaslanan Sistemlər və Tətbiqi Beynəlxalq Elmi-Tədqiqat Mərkəzinin və Beynəlxalq Konfranslar Mərkəzinin yaradılması bu işlərə təkan olacaq. Çünki Azərbaycan intellektual işlər üçün çox gözəl coğrafi yerdədir. Azərbaycan böyük ölkə olmasa da, onun elmlə təhsillə bağlı işlər üçün potensialı var və artıq vacib bir mərkəzə çevrilməkdədir”.

"Məni ən çox sevindirən odur ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra çox böyük inkişaf yolu keçmişdir. Dünyanın heç bir ölkəsi son 25 ildə belə inkişafa nail olmayıb. Bu uğur Heydər Əliyevin, onun siyasi kursunu məharətlə davam etdirən İlham Əliyevin sayəsində qazanılıb. Mən hazırda ikinci elə bir dövlət xadimi tanımıram ki, İlham Əliyev qədər xarici dil bilsin. Azərbaycanın birinci xanımı Mehriban Əliyeva da çox böyük işlər görüb. İnanıram ki, bu insanlar bundan sonra da Azərbaycan üçün çox işlər görəcəklər"


Çox uzağa getməyək. Keçən il Bakıda ilk Avropa Oyunları keçirildi. Özü də olduqca yüksək səviyyədə - Olimpiya səviyyəsində. Halbuki inkişaf etmiş Avropa ölkələrinin heç biri, mən deyərdim ki, buna cürət etmədi. Görəsən, bundan sonra II Avropa Oyunlarını keçirməyi hansı dövlət boynuna götürəcək? Məncə, hazırda Azərbaycanın bir problemi varsa, o da Dağlıq Qarabağla bağlıdır. İnanıram ki, bu problem də öz ədalətli həllini tezliklə tapacaq. Çünki Azərbaycanın indiki iqtisadi və hərbi qüdrəti bunu deməyə əsas verir. Bu yaxınlaradək Azərbaycan ABŞ-da neft-qaz ölkəsi kimi tanınırdı. İndi sabitlik, sülhsevər, multikultural dəyərlər, idman ölkəsi kimi də tanınır. Ona görə də universitet əməkdaşları, xaricdən dəvət olunmuş professorlar, dostlarım, aspirantlarım, tələbələrin və b. arasında Azərbaycandan söz düşəndə fəxrlə deyirəm ki, Azərbaycan mənim vətənimdir. Mən azərbaycanlıyam! Bakıda axırıncı dəfə 2008-ci ildə olmuşam.
 
Həmin vaxt Baku Tel Beynəlxalq Sərgisində də iştirak etdim. Səfər çərçivəsində Prezident İlham Əliyevlə görüşdüm. Hətta Bakıda oxuduğum 16 saylı məktəbi də ziyarət etdim. Şəhər mənə olduqca xoş təsir bağışladı. İndi yəqin ki, daha da gözəlləşib. Bu yerdə bir tövsiyəm də var. Yüksək binaları ard-arda tikmək düzgün deyil. İsveçdə yüksək binaların tikintisinə qadağa qoyulub. Azərbaycan da bu yolla getsə, yaxşı olar. Söhbət tövsiyədən düşmüşkən, bir məsləhətim də var. Azərbaycanda istedadlı adamlar çoxdur. Xüsusilə qeyri-adi istedadlı gəncləri diqqətdən kənarda qalmağa qoymayın.
 
Onlara müəyyən müddətədək xüsusi qayğı göstərmək lazımdır. Belələri gələcəkdə Azərbaycana daha çox fayda verə bilərlər. Mən elm adamı olduğum üçün dünyaya göz açdığım ölkədə bu sahəyə göstərilən diqqət və qayğını da çox yüksək qiymətləndirirəm. Azərbaycanın hər bir şəhərində, kəndində açılan, tikilən, yenidən qurulan məktəbləri, universitetləri görəndə ürəyim dağa dönür, qəlbən sevinirəm. .
OXŞAR XƏBƏRLƏR