Onun sözlərinə görə, hər üç partiyanın sədrləri arasında artıq bir neçə görüş keçirilib:
“Üç partiyanın müxalifətin inteqrasiyası məsələsində fikirləri üst-üstə düşür, baxışlarımızda yaxınlıq var. Bundan sonra da çalışacağıq ki, bu yaxınlığı daha da inkişaf etdirək. İstisna deyil ki, hər hansı şərtlər daxilində üç partiyanın əməkdaşlığı mümkün olsun. Hər şey danışıqların nəticələrindən asılıdır. Hər üç partiyanın öz fəaliyyətlərini gələcəkdə blok və ya koalisiya şəklində həyata keçirməsi istisna olunmur”.
Qeyd edək ki, adıçəkilən partiyaların sədrlərinin son görüşü mayın 4-də Klassik Xalq Cəbhəsi Partiyasının qərargahında keçirilib.
Mirmahmud Mirəlioğlu “Yeni Müsavat”a açıqlamasında bildirib ki, hələ hər hansı koalisiya və ya birlik yaratmaq barədə qərar qəbul edilməyib: “Koalisiya qurulub-qurulmadığı kimi məsələləri birgə müəyyənləşdirmək olar. İstənilən şəxs nəyisə ehtimal etmək hüququna malikdir, ehtimal edə bilər. Amma koalisiyanın qurulması və qurulmaması birgə müəyyənləşdirilir. Hansısa açıqlama və ya sual-cavabla müəyyənləşdirilmir”.
Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev açıqlamasında bildirdi ki, hələlik koalisiyanın yaranmasından danışmaq çox tezdir. Həmin qurumda Yaşıllar Partiyasının da təmsil olunacağı vurğulandı.
“Müxalifət düşərgəsindəki aktiv qüvvələri bir araya gətirmək, ən başlıcası isə uğursuzluğta düçar olmuş siyasi təşkilatların taleyini təkrarlamamaq üçün onların taktikasını təkrarlamaq niyyətində deyilik. Ona görə də tamamilə yeni, fərqli mübarizə vasitələrindən istifadə etməklə, yeni komanda və siyasi tezislərlə siyasi mübarizə aparmaq, effektiv güc mərkəzini formalaşdırmaqda maraqlayıq. Doğrudur, müxalifət düşərgəsində indiyədək çox ittifaqlar və koalisiyalar yaranıb, dağılıb. Bizim yaratmaq istədiyimiz koalisiyanın gələcəyini, perspektivlərini isə zaman göstərəcək”, – Ə.Əliyev dedi.
Onun sözlərinə görə, təşəbbüslərinin uğuruna inanır: “Çünki müzakirələr apardığımız partiyalar bizi, biz də onları tanıyırıq. Məsələn, Liberal Partiya ilə 2005-ci ildən bəri əməkdaşlıq edirik vəbelə demək mümkdürsə, aramızda zamanın imtahanından çıxmış münasibətlər sistemimiz var. Yaşıllar Partiyası fəlsəfəsi, siyasi proseslərə yanaşma tərzi və s. ilə fərqlənən siyasi təşkilatdır. Digər partiyalarla da məsləhətləşmələr aparırıq. Yəqin ki, çox çəkməz, əldə etməyə çalışdığımız birliyin format, status və fəaliyyət göstərəcəyi adla bağlı razılaşma bu ayın sonunadək əldə olunacaq”.