Bu, təkcə təhsil prosesindəki yenilikləri ilə deyil, həm də universitetin ayrı-ayrı sırf yaradıcılıqla məşğul olan fakültələrinin ard-arda keçirdiyi tədbirlərində də özünü büruzə verir. Yaz ayı başlayandan bu günə qədərsə biri-birinin dabanın basan tədbirlər nəinki ADMİU-da, həmçinin ümumilikdə paytaxtımızda hökm sürən bayram əhval-ruhiyyəsini daha da artırır. Əvvəlcə “Səda” tədris teatrında martın 7-də düzənlənən Beynəlxalq qadınlar bayramına həsr edilmiş mərasim müəssisədə çalışan, təhsil alan qadın və qızlara əsl sürpriz oldu. “Teatr rejissorları” kafedrasının müəllimi, dosent Yaqut Mehdiyevanın rejissorluğuyla təqdim olunan bu tədbirin davamı kimi bir neçə gün sonra auditoriyaların birində səslənən “Musiqişünaslıq” kafedrasının müəllimi, gənc bəstəkar Nigar Babayevanın əsərləri Azərbaycanın bəstəkarlıq məktəbində yeni bir ulduzun peyda olmasından xəbər verdi. Nigarın fortepiano, skripka, truba üçün yazdığı prelüd və pyesləri, vokal və mahnı nümunələri konsertdə iştirak edən peşəkar musiqiçilər tərəfindən yüksək qiymətləndirildi. Martın 16-da isə bayram tədbirlərinə Mədəniyyət və İncəsənət Universitetində təhsil alan xarici ölkə gəncləri də qoşulmuşdu.
Bu dəfə qardaş Türkiyədən Azərbaycana gəlmiş və tələbəlik illərini məhz bu təhsil ocağında başa vurmaq istəyən gənclər öz ürək sözlərini demək, türk dünyasının bu əziz bayramı münasibətilə kompozisiya hazırlamaq qərarına gəlmişdilər. Bu işlərdə mahir olan “Sənətşünaslıq” fakültəsinin “Azərbaycan dili və ədəbiyyat” kafedrasının müdiri, professor Gülşən Əliyeva, həmin kafedranın müəllimi, dosent Fatimat Məmmədova və əcnəbi tələbələrin hazırlıq şöbəsinin metodisti Sevinc Nəsibli onların arzularından xəbər tutub dərhal köməyə gəlmiş, tamaşaçıların ürəyincə olan milli folklor nümunələrimizlə onları təmin etmişdilər. Üstəlik də tədbir günü üçün Novruzun bütün atributlarını özündə əks etdirən, üzərində hər cür naz-nemət düzülmüş bir masa da iştirakçıların ixtiyarına verilmişdi. Və bu təamlardan dada-dada türkiyəli gənclərin oxuduqları şərqiləri, Azərbaycan mahnılarını dinləmək, rəqsləri izləmək, tamaşaçıların da onlara qoşulub yallı tutmağını görmək fərəh doğururdu “Ədəbiyyat və Azərbaycan dili” kafedrasının müəllimi Sevinc Həsənovanın rejissorluğuyla səhnələşdirilmiş süjetlərdə Bahar qızı, Kosa, Keçəl mifik personajlarını məharətlə canlandıran türkiyəli tələbələrdən Naşidə, Tolqaxan, Murad, mahnı və rəqsləri gənc olsalar da az qala peşəkarlar səviyyəsində ifa edən Oğuzxan, İdris, Mahmud, Samed, Savaş, Mehmet, Binyamin Bahar bayramının Azərbaycan ellərində dəbdə olan mərasim variasiyalarına qısa vaxt ərzində necə vaqif olduqlarını əyani sübut etdilər. Mərasimin sonunda universitetin prorektoru, professor Rafiq Sadıqovun yetirdiyi xoş bir müjdə hamı tərəfindən unudulmaz bayram hədiyyəsi kimi qəbul edildi. Bəlli oldu ki, ADMİU-nun rektoru, professor Timuçin Əfəndiyevin sərəncamı ilə universitetin müəllimlərinin, tədris şöbəsi və digər işçi heyətinin maaşları əhəmiyyətli dərəcədə artırılıb. Mədəniyyət və İncəsənət Universitetində bayram tədbirləri davam edir.