“Azərbaycan qanunvericiliyində hicaba qadağa yoxdur. Lakin hansısa təhsil müəssisəsi daxili normativ hüquqi aktlarla buna qadağa qoya və ya icazə verə bilər”. Bu açıqlamanı Milli Məclisin deputatı Aydın Mirzəzadə verib.
Onun sözlərinə görə, «Təhsil haqqında» qanunda hicabla bağlı hər hansı bir müddəa yoxdur. Lakin təhsil müəssisələri öz daxili nizamnamələrinə əsaslanaraq müvafiq qərarlar qəbul edirlər: «Əgər məktəblər vahid geyim formasına keçirlərsə, məktəbə hicabla gəlib-gəlməməyə icazə vermək məktəbin öz hüququdur. Mən bu məsələdə Təhsil Nazirliyi ilə həmrəyəm. Bu məsələni siyasiləşdirmək və ya hansısa istiqamətə yozmaq düzgün deyil».
Milli Məclisin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov isə ümumilikdə təhsil müəssisələrində hicaba qadağa qoyulmasına tərəfdar olduğunu vurğulayıb: “Orta məktəbə hicabla getmək tam qadağan olunmalıdır. Orta məktəb şagirdi hələ şəxsiyyət kimi formalaşmayıb ki, hansısa dini görüşü olsun. Məktəbin öz qayda qanunları var”.
“Müstəqil olmamışıq ki, çadraya bürünək. Cəmiyyət bu kimi hallara qarşı mübarizə aparmalıdırlar”. Bu açıqlamanı Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid verib.
O bildirib ki, qadınların hicab taxmasının əleyhinədir: “Kimlərsə məhdud dairədə, evində hicab taxırsa, onun qarşısını almaq olmaz. Amma Azərbaycan dünyəvi dövlətdir. Ölkənin təhsil müəssisələrində, orta məktəblərdə şüuru tam formalaşmamış qızlara valideynlər tərəfindən baş örtüsü taxdırmaq və məktəbə bu cür getməyi tələb etmək Azərbaycan dövlətinə qarşı təxribatdır. Bu, Konstitusiyaya qarşı çıxmaqdır. Bu mövqedə olan insanlar cəmiyyətin qınağına tuş gəlməlidir. Təhsil Nazirliyinin mövqeyini düzgün sayıram. Uzun illər Azərbaycanın ziyalıları mübarizə aparıb dini fanatizmdən xalqı uzaqlaşdırmağa çalışıblar”.
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev bildirib ki, Konstitusiyanın “Din və dövlət” adlanan 18-ci maddəsinin birinci bəndində göstərilir: Azərbaycan Respublikasında din dövlətdən ayrıdır. Əsas qanunun 3-cü hissəsində isə dövlət təhsil sisteminin dünyəvi xarakter daşıdığı qeyd olunub: “Hicab isə dini geyim və atributdur. Deməli, onun dünyəvi təhsil müəssisəsində olmasını qanun qadağan edir. Hətta dövlət qurumlarına da hicabla daxil olunması açıq qadağan edilməlidir. Vaxtilə “Təhsil haqqında” qanun müzakirə olunanda mən Milli Məclisdə bu maddənin çıxarılmasının əleyhinə oldum. Çox təəssüf ki, o vaxt çoxluq hicabın qadağan edilməsinin açıq yazıldığı maddənin çıxarılmasının tərəfdarı oldu”.
Q. Həsənquliyev Təhsil Nazirliyinin bu məsələ ilə bağlı mövqeyini doğru hesab etdiyini də vurğulayıb.
Bakı Dövlət Universitetinin professoru, politoloq Rüstəm Məmmədov bildirib ki, SSRİ dağılandan sonra İslama yanaşma dəyişib və bu mənada hicab modeli ortaya çıxıb: “Azərbaycan Türkiyəyə yaxınlaşdıqca bu ölkənin hicab mədəniyyətini də qəbul etməyə başladı. Azərbaycan üçün qeyri-stabil vəziyyət yaradıb. Dərs dediyim auditoriyada hicabın sayının ilbəil çoxaldığını görürəm. Hicablı qızlar digərlərindən fərqlənir. Yəni onların davranışında bir kodlaşma hiss olunur. Bu Avropa məntiqli cəmiyyəti çaşdırır. Hicaba qayıtmağımız nə dərəcədə düzgündür? Biz bu modeli Türkiyədən aldıq və indi də görürük ki, Türkiyə hicaba qərq olmaqla heç nəyə nail olmadı, əksinə geri getdi”.
R. Məmmədov deyib ki, Azərbaycanda bu modelin təlqin olunmasını istəmir: “Tam azadlıqdan sui-istifadə edərək, dini ideologiyanın təbliği cəmiyyətdə ciddi toqquşma yaradacaq”.
Tarixçi-alim Kərim Şükürov isə söyləyib ki, orta məktəblərdə geyimlə bağlı şagirdlərdən çox valideynlər qərar verdiyindən bu məsələyə münasibət mürəkkəbdir: “Ali məktəblərdə qismən də olsa tələbələrin geyimlə bağlı mövqeyi olur. Orta məktəblərdə bu məsələyə münasibət daha mürəkkəbdir. Ümumi ziddiyyətə gətirməmək, cəmiyyətdə sosial narazılıq yaratmamaq üçün ən yaxşı çıxış yolu insanlara seçim verməkdir. İnzibati resurslar vəziyyəti gərginləşdirə bilər”.
mənbə: APA