“Maarifçi” proqramına 5 mindən çox müraciət: 53 namizəd seçildi

“Maarifçi” proqramına 5 mindən çox müraciət: 53 namizəd seçildi
SOSİAL
15:49 23.07.2026
255
Elm və Təhsil Nazirliyinin təşəbbüsü və Təhsilin İnkişafı Fondunun dəstəyi ilə həyata keçirilən IV "Maarifçi” tələbə-məzun proqramının müsahibə mərhələsini uğurla başa vuran iştirakçılarla görüş keçirilib.

AZXEBER.COM xəbər verir ki, görüşdə Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Mətin Kərimli iştirakçıları salamlayaraq proqramın məqsədi, əhatə dairəsi və yaratdığı imkanlar barədə məlumat verib.

O bildirib ki, "Maarifçi” proqramı gənclərin peşəkar inkişafına dəstək olmaqla yanaşı, onların dövlət idarəçiliyi sahəsində praktik bilik və bacarıqlar qazanmasına və nəzəri biliklərini real iş mühitində tətbiq etməsinə imkan yaradır.

Görüşdə proqramın işçi qrupunun üzvləri də çıxış edərək iştirakçıları təbrik edib və qarşıda gözləyən fəaliyyət istiqamətləri barədə məlumat veriblər. Tədbir sual-cavab sessiyası ilə davam edib.

Qeyd edək ki, bu il IV "Maarifçi” tələbə-məzun proqramına rekord sayda – 5 096 müraciət daxil olub. İlkin seçim meyarlarına cavab verən 3 721 namizəd test imtahanı mərhələsinə dəvət edilib. Yüksək nəticə göstərən 881 namizəd isə müsahibə mərhələsində iştirak edib.

Elm və Təhsil Nazirliyinin müxtəlif struktur bölmələrinin ekspertlərinin qiymətləndirməsi əsasında 53 namizəd proqram iştirakçısı seçilib.

Dörd ay davam edəcək proqram çərçivəsində iştirakçılar Elm və Təhsil Nazirliyində, ölkənin 12 şəhər və rayonunda yerləşən struktur bölmələrində, həmçinin Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyində təcrübə keçəcəklər.

Onlar, eyni zamanda, müxtəlif təlim və görüşlərdə iştirak edərək peşəkar və sosial bacarıqlarını inkişaf etdirmək imkanı qazanacaqlar.

Məlumat üçün bildirək ki, "Maarifçi” tələbə-məzun proqramı 2024-cü ildən təşkil olunur. İndiyədək 102 nəfər proqramın iştirakçısı olub, 52 məzun isə hazırda Elm və Təhsil Nazirliyinin müxtəlif struktur bölmələrində əmək fəaliyyəti göstərir.
OXŞAR XƏBƏRLƏR