Maaş artır, pul yığmaq yenə mümkün olmur – İqtisadçı səbəbini açıqladı

Maaş artır, pul yığmaq yenə mümkün olmur – İqtisadçı səbəbini açıqladı
SOSİAL
16:39 28.09.2026
135

Son dövrlər insanların gəlirlərinin artmasına baxmayaraq, xərclərinin də paralel şəkildə yüksəlməsindən şikayət etməsi diqqət çəkir. 

Bəzi insanlar qazancı artdıqca gündəlik və aylıq xərclərinin də çoxaldığını, nəticədə əvvəlki kimi pul yığa bilmədiklərini bildirirlər. Xüsusilə gəlirin artması ilə həyat tərzinin dəyişməsi, daha bahalı məhsul və xidmətlərə üstünlük verilməsi bu vəziyyətin əsas səbəbləri sırasında göstərilir.

Bəs gəlir artdıqca xərclərin də artmasının əsas səbəbi nədir? İnsanlar daha çox qazandıqca niyə əvvəlki kimi pul yığmaqda çətinlik çəkirlər? 

İqtisadçı Xalid Kərimli AZXEBER.COM-a açıqlamasında bildirib ki, gəlirin artması ilə xərclərin yüksəlməsi mümkündür, lakin bu, insanların mütləq daha az pul yığması anlamına gəlmir: 

"Fərdi məsələləri ümumi qayda kimi təqdim etmək olmaz. Kimsə belə ola bilər, hansısa qrupda belə vəziyyət yarana bilər, amma bunu ümumi qayda kimi demək mümkün deyil. Ümumi qayda ondan ibarətdir ki, gəlir artdıqca xərclər də artır. Amma bu, insanın yığım imkanlarının azalması demək deyil. Kimsə daha çox, kimsə isə daha az yığa bilər. Gəlir artdıqca yığımın həcminin dəyişməsi fərdi məsələdir. Məsələn, əvvəllər insan gəlirinin 10 faizini yığırdısa, gəliri artdıqdan sonra 5 faiz yığa bilər. Başqa bir insan isə gəliri artdıqca daha çox yığmağa başlaya bilər. Ona görə də burada vahid qanunauyğunluq yoxdur. Digər məsələ inflyasiya ilə bağlıdır. İnsanların 3-5 il əvvəlki gəlirləri ilə indiki gəlirləri eyni olsa belə, həmin gəlirlə əldə edə bildikləri məhsulların miqdarı dəyişə bilər. Məsələn, 5 il əvvəl 2-3 manata alınan məhsul bu gün daha baha qiymətə satılır. Eyni məhsulu, məsələn, bir kilo əti indi daha yüksək qiymətə almaq lazım gəlir. Burada inflyasiya amili də nəzərə alınmalıdır”.

 

 

İqtisadçı qeyd edib ki, gəlirin artması insanların əvvəllər təxirə saldığı ehtiyaclarını qarşılamaq imkanlarını da genişləndirir: 

"Digər tərəfdən, gəlir artdıqca insanların əvvəllər ödəyə bilmədiyi və ya təxirə saldığı tələblərini qarşılamaq imkanı da yaranır. İnsan gəliri artdıqda özünü yalnız 5 il əvvəlki vəziyyəti ilə müqayisə etmir, ətrafındakı insanlarla da müqayisə edir. Məsələn, ətrafındakı insanların avtomobili varsa, onun da avtomobil almaq istəyi yarana bilər. Gəlir əhəmiyyətli dərəcədə artdıqda insan əvvəl ən ucuz məhsulu axtarırdısa, sonradan "bir qədər baha olsun, amma şəraiti daha yaxşı olsun” düşüncəsi ilə seçim edə bilər. Yəni gəlir artdıqca insanın standartları da yüksələ bilər”. 

Xalid Kərimli bildirib ki, gəlirin artması kreditlərə çıxış imkanlarını da genişləndirə və nəticədə xərclərin yüksəlməsinə səbəb ola bilər: 

"Eyni zamanda, gəlir artdıqca kredit götürmək imkanları da genişlənə bilər. İnsan düşünə bilər ki, gəlirim 20 faiz artıb və gələcəkdə də bu artım davam edəcək. Bu halda kredit götürür və əlavə faiz ödənişləri yaranır. Nəticədə xərcləri də arta bilər. Lakin bütün bunlar gəlirin artması ilə yığımın mütləq azalması demək deyil. Bəzi insanlar gəlirləri artdıqda daha çox xərcləyir və hətta gəlirlərindən artıq öhdəlik götürə bilirlər. Digərləri isə gəlirləri artdıqca yığımlarını da artırırlar. Ona görə də burada "gəlir artdıqca insan yığa bilmir” kimi ümumi bir qanunauyğunluq yoxdur. Qanunauyğunluq ondan ibarətdir ki, gəlir artdıqca xərclər də arta bilər. Amma gəlirin artmasının yığıma təsiri hər bir insanın davranışından, seçimlərindən və maliyyə imkanlarından asılıdır”. 

Fəridə Əsədzadə

OXŞAR XƏBƏRLƏR