Maliyyə Nazirliyinin proqnozlarına əsasən, 2030-cu ildə Azərbaycanda orta aylıq əməkhaqqının 1 551,5 manata çatacağı gözlənilir. Həmin dövrdə minimum əməkhaqqının da təxminən 680 manata yüksəldilməsi nəzərdə tutulur.
Əməkhaqlarının artırılması əhalinin gəlirlərinin yüksəlməsinə şərait yaratsa da, maaş artımının qiymətlərə təsiri də müzakirə mövzusudur. Əvvəlki illərdə əməkhaqlarının artımı ilə yanaşı, ərzaq, yanacaq, nəqliyyat və digər gündəlik xərclərdə də artımlar müşahidə olunub.
Bu baxımdan, minimum əməkhaqqının artırılmasının vətəndaşların real gəlirlərinə və həyat səviyyəsinə necə təsir edəcəyi maraq doğurur.
İqtisadçı Natiq Cəfərli AZXEBER.COM-a açıqlamasında bildirib ki, əməkhaqlarının artımı bir sıra iqtisadi amillərdən asılı olacaq:
"Bunu əvvəlcədən söyləmək çətindir. Bu, bir çox parametrlərdən asılı olacaq. Bunu hökumətin arzusu, istəyi kimi dəyərləndirmək olar. Ölkənin məqsədi, arzusu, istəyi bu yöndədirsə, lap yaxşı. Amma bu, bir çox parametrlərdən asılı olacaq. Yəni ölkənin gəlir səviyyəsindən, iqtisadi aktivlikdən, neft qiymətlərindən, qaz qiymətlərindən və bir çox məsələlərdən asılı olacaq”.

Natiq Cəfərli qeyd edib ki, maaşların artırılması ilə yanaşı, qiymət artımının qarşısının alınması üçün bazarda bolluğun yaradılması da vacibdir:
"Hökumət də istəyər ki, Azərbaycanda əməkhaqları və maaşlar yüksək olsun və nəticə etibarilə minimum əməkhaqqı da, minimum pensiya da qalxsın. Amma doğrudan da minimum əməkhaqqı da qalxanda, orta əməkhaqqı da qalxanda Azərbaycanda inflyasiya da yüksəlir, avtomatik olaraq qiymətlər də artır. Deməli, nə olmalıdır? Yerli istehsal artmalıdır, bazarda bolluq olmalıdır, xaricdən gətirilən məhsulların gömrük rüsumlarında azalmalar olmalıdır ki, yerli bazarda bolluq yaransın və qiymətlər artmasın. Yəni təkcə maaş artımı yetərli deyil. Həm də bazarda bolluq yaranmalıdır ki, qiymətlərin tənzimlənməsi mümkün olsun”.
İqtisadçı Xalid Kərimli isə bildirib ki, minimum əməkhaqqının artırılması yalnız gəlirlərin yüksəldilməsi baxımından deyil, əmək münasibətlərinin rəsmiləşdirilməsi və vergi daxilolmaları baxımından da əhəmiyyətlidir:
"Minimum əməkhaqqı nə deməkdir? Bundan aşağı əməkhaqqı verilə bilməz. Yəni minimum əməkhaqqı sadəcə insanların əməkhaqqının artırılmasına gətirib çıxarmır. Eyni zamanda vergi toplanmasına da müsbət təsir edir. Tutaq ki, minimum əməkhaqqı 100 manatdır, adama 500 manat deyir, amma vergidən yayınmaq istəyən şəxs bunu 100 manat üzərindən rəsmiləşdirir. Yəni minimum əməkhaqqının həm də vergi aspekti var. Bu, vergidən gizlədən sahibkarların əməkhaqqını minimum əməkhaqqından aşağı rəsmiləşdirməsinin qarşısının alınmasına təsir göstərə bilər”.

İqtisadçı minimum əməkhaqqının gələcəkdə artırılmasının mümkün olduğunu, lakin bunun iqtisadi göstəricilərdən asılı olduğunu vurğulayıb:
"İstərdim ki, minimum əməkhaqqı 680 manata qədər artırılsın. Belə bir artımın olması yaxşı olardı. Amma bunun olub-olmayacağına əmin deyiləm. Ən azından minimum əməkhaqqının artırılması müsbət hal olardı. İnflyasiya gələn illərdə olacaq. Mərkəzi Bankın proqnozuna görə, gələn illərdə 5-6 faiz, ondan sonrakı iki ildə isə 4-5 faiz arasında inflyasiya gözlənilir. Yəni müəyyən inflyasiya olacaq. Amma inflyasiyaya həm dövlətin həyata keçirdiyi siyasət, həm də dünyada baş verən proseslər və idxal yolu ilə ölkəyə daxil olan qiymət artımları təsir edir”.
Fəridə Əsədzadə












































