Xəbər verdiyimiz kimi, fevralın 15-də magistraturaya qəbul üzrə birinci imtahan keçiriləcək. Bu il imtahan qaydalarında ötən illərlə müqayisədə mühüm dəyişiklik edilib. Belə ki, yeni qaydalara əsasən, ingilis dili ixtisasları üzrə esse yazılışı namizədlər üçün məcburi olacaq.
Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, təhsil məsələləri üzrə tədqiqatçı Elmin Nuri AZXEBER.COM-a bildirib ki, magistratura səviyyəsi üzrə qəbul imtahanlarında esse bir neçə ildir tətbiq olunur:
"Magistratura səviyyəsi üzrə qəbul imtahanlarında xarici dil bloku üzrə esse tapşırığı artıq bir neçə ildir ki, tətbiq olunur. Bu qiymətləndirmə maksimum 5 ballıq meyar ilə aparılır və qrammatik qapalı test suallarının sayının azalmasına da səbəb olur. Üstəlik, bu tapşırıq vasitəsilə magistratura namizədlərinin həmin dil üzrə özünüifadə bacarığı, analitik təhlil qabiliyyəti və söz ehtiyatının akademik səviyyəsi müəyyənləşdirilir”.

Ekspert bildirib ki, esse digər ixtisaslara da şamil olunmalıdır:
"Hazırda esse tapşırığı ingilis dilli ixtisaslar istisna olmaqla digər ixtisaslar üzrə məcburi deyil. Doğrusu, bunu mövcud mərhələ üçün müəyyən qədər anlaşılan hesab etsək də, gələcəkdə də bu şəkildə davam etməsini doğru saymıram. Çünki namizədlər imtahana daxil olarkən xarici dil bloku üzrə özlərini avtomatik olaraq 5 baldan məhrum etmiş olurlar. Daha dəqiq desək, bu seçimi özləri edirlər. Halbuki namizədlər esse mərhələsinə az da olsa hazırlaşsalar, ən azı 1,5–2 bal toplamaq imkanına malikdirlər. Əminəm ki, müasir gəncliyin dil bilikləri buna kifayət qədər şərait yaradır”.
E.Nuri vurğulayıb ki, magistratura imtahanlarında 0,5 bal belə həlledici rola malikdir:
"İndiki şərtlərdən xəbərdar olan və seçimin könüllülük prinsipi əsasında edildiyini bilən namizədlər esse mərhələsi üçün ayrılan yarım saatlıq vaxtdan istifadə etmirlər. Halbuki magistratura imtahanlarında bəzən təkcə 1 bal deyil, hətta 0,5 bal belə həlledici əhəmiyyət daşıyır. Bu yanaşmada seçim azadlığının namizədlər üçün müsbət tərəfləri ilə yanaşı, mənfi cəhətləri də məhz burada ortaya çıxır. Üstəlik, essedən imtina xarici dil blokuna daha peşəkar yanaşmadan imtina kimi də dəyərləndirilə bilər. Esse mərhələsinin gələcəkdə məcburi olması isə ən azı bu 2 mənfi halın aradan qaldırılmasına töhfə verə bilər”.
Şahanə Ziyad










































