AZXEBER.COM Trend-ə istinadən xəbər verir ki, bu il magistratura üzrə dövlət sifarişi əsasında plan yerlərinin sayı 7 022 olub.
Dövlət İmtahan Mərkəzinin rəsmi saytında elan edilən magistratura üzrə qəbul nəticələrinə əsasən, qəbul olunanların 6 580 nəfəri dövlət sifarişi üzrə təhsil alacaq. Beləliklə, dövlət sifarişi üzrə 442 plan yeri boş qalıb.
Qəbul olunanlardan 6 580 nəfər dövlət sifarişi, 52 nəfər dövlət hesabına, 7 213 nəfər isə ödənişli əsaslarla təhsil alacaq. Qəbul olunanların 10 510 nəfəri ali təhsil müəssisələrinin cari, 3 335 nəfəri isə əvvəlki illərin məzunudur.
Bu il magistratura üzrə plan yerlərinin ümumi sayı 17 688 olub. Qəbul olunanların sayı isə 13 845 nəfər təşkil edib. Müqayisə göstərir ki, magistratura üzrə ümumilikdə 3 843 plan yeri boş qalıb.
Boş qalan plan yerlərinə əlavə yerləşdirmənin vaxtı DİM tərəfindən elan olunacaq.
Qeyd edək ki, 2026-cı ildə Azərbaycanın ali təhsil müəssisələri üzrə magistraturaya qəbul planı əvvəlki illə müqayisədə 840 yer və ya 4,82 faiz artıb. Dövlət sifarişi üzrə qəbul planında isə azalma qeydə alınıb.
Dövlət İmtahan Mərkəzinin rəsmi saytında yer alan statistikaya görə, 2025-ci ildə dövlət sifarişi üzrə plan yerlərinin sayı 7 084 olduğu halda, 2026-cı ildə bu rəqəm 7 022 təşkil edib. Beləliklə, dövlət sifarişi üzrə plan yerlərinin sayı 62 yer və ya 0,88 faiz azalıb.











































