Yığma komandamızın sabiq futbolçusu Mahmud Qurbanov AzxeberSport-a özəl müsahibə verib.
Həmin müsahibəni təqdim edirik:
- Mahmud bəy, Azərbaycan futbolu niyə yerində sayır? Niyə yaxşı futbolçularımız yoxdur?
- Bizdə əvvəllər yaxşı futbolçular olub, İsgəndər Cavadov, Maşallah Əhmədov, Vidadi Rzayev, Yunis Huseynov, Nazim Süleymanov və digərləri. İndi isə o cür futbolçularımız yoxdur. İndi yaxşılardan Rəşad Sadıqovun adını çəkə bilərəm. Rəşad da karyerasını bitirir. Hazırda nə düzgün hücumçumuz, nə də müdafiəçimiz var. Sanki oyunçular robotlaşıb, qaçmaq istəyən yoxdur
- Azərbaycanda niyə yeni Mahmud Qurbanovlar yetişmir?
- Hər futbolçunun öz oyun üslubu olur. Bu dünya futbolunda da belədir. Suala tam cavab vermək çox çətindi. Bəlkə də 15 il sonra deyəcəyik ki, Ramil Şeydayev və ya Qara Qarayev kimi oyunçular niyə yoxdur?
- Mahmud bəy, Azərbaycanda futbola maraq niyə azdı? - Azarkeşlər niyə futbola gəlmir?
Bilirsiz, gərək meydanda ele bir oyun nümayış olunsun ki azarkeş zövq alsın. Mən Lənkaranda oynayanda minimal hesabla qalib gələrkən azarkeşlərin üzünə baxa bilmirdik. Onlar bizdən daha böyükhesablı qələbə gözləyirdi. İndi isə gənclərin çoxu sosial şəbəkələrdə vaxt keçirir. Hətta uşaqlar futbolu məhəllədə yox, play station-da oynayırlar. Yaşıl meydanlara həvəs çox azalıb. Tənbəllik bizə güc gəlir.
- Milli komandamızın builki çıxışlarını necə dəyərləndirirsiz?
- Yığma komandanın builki çıxışlarını heç də uğulu saymaq olmaz. Xalımız az oldu, nəticəmiz isə ürəkaçan olmadı. Klub səviyyəsində "Qarabağ” Çempionlar Liqasına yaxın olsa da Avropa Liqasında çıxış etdi. Artıq demək olar ki, hər mövsüm Avropa Liqasında bir komandamız qrup mərhələsində çıxış edir. Vaxtilə "Neftçi” və "Qəbələ” də qrup mərhələsində oynayıb.
- Mahmud bəy, sizcə milli komandanı əcnəbi yoxsa yerli mütəxəssis çalışdırmalıdır?
- Məncə əcnəbi. Çünki, Milli komandanı çalışdıran məşqçi təcrübəli olmalıdı, karyerasında uğurlar olmalıdı. Mən top məşqçilari nəzərdə tutmuram. Heç onlar Azərbaycana gəlməz də. Tələsib kimisə tez-bazar gətirmək düzgün deyil. Yerli məşqçilərdən də kimsə gələ bilər amma yenə deyirəm məşqçi karyerası zəngin olan biri gəlməlidir.
- Bəs AFFA-dan sizə təklif gəlibmi?
- Xeyr, gəlməyib. Ancaq millidən gələn təklifə kim yox deyər? Bir məşqçi üçün ən gözəl və şərəfli iş milli komandanı çalışdırmaq olar. Mən də "yox" demərəm. Milli komanda da 4 il köməkçi işləmişəm. Bir dəfə isə Norveç ilə matçda baş məşqçi postunda olmuşam. Həmin matçda legionerlərdən təkcə Nazarovu dəvət etmişdim. Onu da ikinci hissədə 20 dəqiqə oynatdım.Buna görə məni çox qınadılar. Reallığı danışsaq, məni hazırda o posta qoymazlar. Ama təcrübəm var və özümə güvənirəm.
- Millətlər Liqasındakı şansımızı necə dəyərləndirirsiz?
- Qüvvələr barabərdi deyə düşünürəm. Monteneqro millisini fərqləndirərdim. Onlarda Balkan futboludur. Qrupumuzda bir az güc baxımından onlar üstün görünür. Çünki monteneqrolu futbolçuların çoxusu Avropa klublarında legioner həyatı yaşayır. Qalan komandalar və bizim millimizin şansı eynidir. Amma bu futboldur. Əvvəlcədən heç nə demək olmaz.
- Sizcə Milli komandamızda milliləşdirilmiş yoxsa yerli oyunçular oynamalıdır? Sezar Meza Kollinin Milliləşdirilməsinə münasibətiniz?
- Mən yerli oyunçuları üstün tutardım. Çünki bizdə artıq bir neçə oyunçu milliləşdirilib. Almeyda və Nazarovu misal göstərə bilərik. Millidə oynayan hər bir oyunçudan nəticə tələb olunur. Əgər futbolçu özünü milli komandada doğrulda bilmirsə təbii ki, yerinə biri gələcək. Komandada hansısa mövqedə yaxşı oynayan oyunçu yoxdursa, legionerlərdən birini milliləşdirmək olar. Bu məcburi addımdır. Komandanın hamısı yerli olsa bizi qınayarlar ki, niyə hamısı yerlidi? Əcnəbi olanda isə deyirlər ki, yerlilər qala-qala niyə əcnəbiləri oynadırsız? Balansı qorumaq gərəkdir. Əsas nəticə olsun.
- Hazırda "Neftçi 2” komandasının baş məşqçisisiniz, oyunçularınızın performansından razısınız?
- Onların məqsədi yaşıdlarından ibrarət milli komandaya dəvət almaq və əsas komandaya düşməkdir. İndi iki oyunçum əsas heyətə yüksəlib. Gözləntilərimiz çoxdu. Bildiklərimizi öyrətməkçün çalışırıq və öyrədirik də. Öyrənmək isə onlara qalıb. Rəqabət hər bir oyunçunu uğura aparar. Əgər mövqeyində güclüsənsə, forma sənin olacaq. Boşluq yaratdınsa çalışmalısan.
- Emil Balayev və Ramil Şeydayevin Azərbaycana qayıtması sizcə geri addımdırmı?
- Düşünürəm ki, onların məsələsi fərqlidir. Emil məcburən "Tobol”dan ayrılıb. Məsələni artıq hamı bilir. Orada qala bilməzdi. Bu bəlkə də zərurətdəndir. Şeydayev də məcburiyyətdən geri gəlib. İrəli addım o olardı ki, Avropa klublarının birinə gedərdilər. Hər ikisi millimizin üzvüdür. Düşünürəm ki, mövsüm sonu hər ikisinə təkliflər gələcək və ən yaxşısını seçib karyeralarına xaricdə davam edəcəklər. Oxşar hadisə mənim də başıma gəlib. Məndə fərq o idi ki, sağlamlığa görə Ukraynadan geri dönmüşdüm.
- Millimizin digər üzvü Renat Dadaşov haqda nə deyə bilərsiniz?
- "Vulherhempton”da çıxış etmək əsl uğurdu. Məncə Renat əsas komandaya qısa vaxt ərzində yüksələcək. Milli komandamızda da çıxışını izləmək həm bizə, həm yerli azarkeşlərə zövq verəcəyini düşünürəm. İstərdim ki, bütün oyunçularımızın qabağına belə şanslar çıxsın. Bu cur hallar Yığma komandamıza xeyirdir.
Hüseyn Qarazadə