Makron uşaqlar üçün bəzi süni intellekt modellərinin qadağan edilməsini təklif edib

Makron uşaqlar üçün bəzi süni intellekt modellərinin qadağan edilməsini təklif edib
DÜNYA
08:12 10.11.2026
50
Fransa Prezidenti Emmanuel Makron yetkinlik yaşına çatmayanlar üçün təhlükə yaradan süni intellekt (Sİ) modellərinin istifadəsinin qadağan oluna biləcəyini bildirib.

Makron bu barədə "Les Echos” qəzetinə müsahibəsində danışıb.

"Əgər süni intellektdən istifadənin müəyyən formaları uşaqlar üçün risk yaradırsa, həmin istifadələr qadağan edilməlidir”, – Fransa Prezidenti vurğulayıb.

Makron bildirib ki, süni intellektin uşaqlara təsirinin öyrənilməsi üçün elmi ictimaiyyətin iştirakı vacibdir. Onun sözlərinə görə, mütəxəssislər hansı növ süni intellektlə qarşılıqlı əlaqənin yetkinlik yaşına çatmayanlar üçün təhlükə yaratdığını müəyyən etməlidirlər.

Fransa lideri süni intellekt sahəsində kifayət qədər tənzimləmənin olmamasını "Vəhşi Qərb”lə müqayisə edib. O qeyd edib ki, zərurət yaranarsa, məhdudiyyətlər zərərli modellərin tamamilə qadağan edilməsinə qədər genişləndirilə bilər.

"Biz hökumətlər və şirkətlərlə birlikdə ilkin audit və sertifikatlaşdırma prinsipini qəbul edən ilk xartiyanı hazırlayırıq”, – Makron bildirib.

Prezidentin sözlərinə görə, uşaqların süni intellektdən istifadəsinin tənzimlənməsinə yönəlmiş sənəd noyabrın 10–11-də keçiriləcək Paris Sülh Forumunda təqdim olunacaq.

Fransa hakimiyyəti təşəbbüsün Avropa səviyyəsində tətbiqinə, həmçinin ABŞ, Kanada və digər ölkələrin prosesə qoşulmasına nail olmaq niyyətindədir.

Qeyd edək ki, Makron daha əvvəl də yetkinlik yaşına çatmayanların sosial şəbəkələrdən istifadəsinə məhdudiyyətlərin tətbiqini dəstəkləyib.

///apa.az
OXŞAR XƏBƏRLƏR