Yelisey sarayında Ermənistanın Baş naziri Nikol Paşinyan və Fransa Prezidenti Emmanuel Makron arasında görüş keçirilib.
AZXEBER.COM Ermənistan mediasına istinadən xəbər verir ki, Makron bugünkü görüşün ikitərəfli strateji münasibətlərin gündəliyini müzakirə etmək üçün yaxşı fürsət olduğunu qeyd edib.
Paşinyan 9-cu Paris Sülh Forumuna dəvətə görə minnətdarlığını bildirib. O, Ermənistan-Fransa münasibətlərinin yüksək səviyyəsini vurğulayıb və bütün istiqamətlər üzrə əlaqələrin inkişafının və genişləndirilməsinin vacibliyini qeyd edib.
Həmsöhbətlər ikitərəfli qarşılıqlı əlaqələrə dair məsələləri müzakirə ediblər. İnfrastruktur sahəsində və digər istiqamətlərdə birgə layihələrin gedişatına toxunulub.
Ermənistan-Avropa İttifaqı əməkdaşlığının gələcək inkişafı, o cümlədən viza rejiminin liberallaşdırılması prosesi və Aİ-nin dəstəyi ilə həyata keçirilən islahatların gedişatı ilə bağlı mövzular müzakirə olunub.
Paşinyan və Makron həmçinin regional hadisələr və baş verən proseslər ətrafında fikir mübadiləsi aparıblar.











































