UEFA Çempionlar Liqasının finalı çərçivəsində İngiltərə təmsilçisi "Mançester Siti" ilə İtaliya təmsilçisi "İnter" sabah saat 23:00-da İstanbuldakı Atatürk Olimpiya Stadionunda qarşılaşacaq.
AZXEBER.COM xəbər verir ki, final görüşündə "Mançester Siti” ilk, "İnter” isə 4-cü titulunu hədəfləyir.
Qarşılaşmanı polşalı hakim Şimon Marçiniak idarə edəcək. Matç CBC SPORT, TV8 və EXXEN kanallarında canlı yayımlanacaq.
Finalı təxminən 72 min azarkeşin izləyəcəyi açıqlanıb.
Qeyd edək ki, hər iki klub avrokuboklarda ilk dəfə qarşılaşacaq.
Xatırladaq ki, 2020-2021 mövsümündə ilk finalını "Çelsi"yə qarşı keçirən "Mançester Siti" 1:0 hesabı ilə məğlub olub. 1963-1964 mövsümündə "Real Madrid"i 3:1, 1964-1965 mövsümündə "Benfika"nı 1:0, 2009-2010 mövsümündə isə "Bavariya"nı 2:0 hesabı ilə məğlub edən "İnter" kuboku muzeyə aparıb. İtaliya komandası 1966-1967 mövsümündə "Seltik"ə 2:1, 1971-1972 mövsümündə "Ayaks"a 2:0 hesabı ilə məğlub olaraq kubokun bir addımlığında qalıb.
Mikayıl