“Mançester Yunayted” Ruben Amorimlə yollarını ayırdı – SƏBƏB

“Mançester Yunayted” Ruben Amorimlə yollarını ayırdı – SƏBƏB
İDMAN
15:07 05.01.2026
170
İngiltərə Premyer Liqasının nəhəngi "Mançester Yunayted” portuqaliyalı baş məşqçi Ruben Amorimin istefasını rəsmən açıqlayıb.

AZXEBER.COM klubun rəsmi saytına istinadən xəbər verir ki, Ruben Amorim 2024-cü ilin noyabr ayında "qırmızı şeytanlar”ın baş məşqçisi təyin olunub və komandanı ötən ilin mayında Bilbaoda keçirilən UEFA Avropa Liqasının finalına çıxarıb.

Klubun açıqlamasında bildirilib ki, hazırda Premyer Liqada 6-cı pillədə qərarlaşan "Mançester Yunayted” mövsümü mümkün olan ən yüksək mövqedə başa vurmaq üçün dəyişiklik etməyə qərar verib.

Xarici mətbuatın yazdığına görə, istefanın pərdəarxası səbəbləri bazar günü "Lids Yunayted"lə 1:1 hesablı heç-heçədən sonra yaşanan hadisələrlə bağlıdır. Ruben Amorim oyundan sonra keçirilən mətbuat konfransında klub rəhbərliyi ilə gərginliyini açıq şəkildə ifadə edib.

Transfer siyasətini və skaut şöbəsini tənqid edən portuqaliyalı mütəxəssis "hər şöbə, skaut komandası və idman direktoru öz işini görməlidir. Mən bura sadəcə məşqçi olmağa yox, menecer olmağa gəlmişəm” deyə bildirib.

Məlumata görə, bu açıqlamalardan sonra klub rəhbərliyi ilə münasibətlər daha da gərginləşib və tərəflər yollarını ayırmaq qərarı veriblər.

Qeyd edək ki, "Mançester Yunayted” komandanı müvəqqəti olaraq keçmiş futbolçu və U-18 komandasının məşqçisi Darren Fletçerə həvalə edib. O, çərşənbə günü "Börnli” ilə oyunda komandaya rəhbərlik edəcək.
 

OXŞAR XƏBƏRLƏR