Mən Nadir Qafarzadəni ilk dəfə 10 il əvvəl görmüşəm. Əmim oğlunun toyunda oxuyurdu. Bizim camaat musiqi həvəskarı olduqları üçün gecə saat 2-yə kimi onu evə buraxmadılar. Nadir düz 8 saat oxuyub-oynadı. Məclis başa çatandan sonra rəhmətlik əmim onun cibinə 6 "şirvan" pul qoydu. Şadlıq evinin administratoru əmimi kənara çəkib, belə dedi: "Onun "daskı"sı 5 "şirvan"dır". Nədənsə, həmişə Nadiri efirdə görəndə, həmin "5 şirvan" söhbətini xatırlayıram.İki il əvvəl ATV-də efirə gedən "Sən tək deyilsən" verilişində Nadir Qafarzadənin ünvanına tənqidi fikirlər səsləndirmişdim. Ertəsi gün dostlardan çoxlu sayda mesaj aldım. Məni dəstəkləyənlərlə yanaşı, qınayanlar da vardı. Bir tamaşaçı yazmışdı: "Nadirin xətrinə dəyməyin. O, həyatda çox çətinliklər görüb". Bu hadisədən iki ay sonra Nadir Qafarzadənin efirdə göz yaşı axıtdığını görəndə, vaxtilə onu ittiham etdiyim üçün əməlli-başlı peşman oldum.Nadir Qafarzadə ATV-nin efirində mətbuat nümayəndələrini təhqir edəndə, dərhal şou-biznesdən yazan bir neçə həmkarıma zəng edib, onun indiyə kimi hansı jurnalisti döydüyünü soruşdum. Hamı eyni cavabı verdi: "Nadir heç bir jurnalisti döyməyib. Amma toylarda onun özünü çox döyüblər". Bir həmkarım isə Nadirin "Reytinq"in keçmiş əməkdaşı Afət Rahilqızı ilə konfliktini xatırlatdı...Nadir Qafarzadə Afət xanıma qarşı zorakılıq edəndə, mən başqa qəzetdə işləyirdim. Amma dəqiq bilirəm ki, redaksiya öz əməkdaşının hüququnu sona kimi qoruyub. İş o yerə çatıb ki, Nadir bağışlanması üçün ağbirçək bibisini də redaksiyaya göndərib. Nadirin daşqəlbli insanları belə rəhmə gətirən acı həyat hekayəsi bir neçə dəfə nəql olunandan sonra kollektiv onun günahından keçib. Əgər Nadir vaxtilə Afət Rahilqızına əl qaldırdığını nəzərə alıb, efirdən jurnalistləri aşağılayırsa, çox böyük səhvə yol verir. Çünki Azərbaycan mentalitetində qadına əl qaldırmaq qəhrəmanlıq sayılmır. Əksinə, nə vaxtsa qadına əl qaldırmış adam bu hadisəni ört-basdır etməklə öz eyibini pərdələməyə çalışır.Biz jurnalistlərin faciəsi 5 "şirvan"a 8 saat mahnı oxuyan müğənnilərin şəkilləri ilə qəzet səhifələrini "bəzədiyimiz" gün başlayıb. Əgər biz vaxtilə Nadir kimi adamların həyatından yazıb sözü ucuzlaşdırmasaydıq, bu gün o, söz adamına yuxarıdan aşağı baxmazdı. Nadir hardan bilsin ki, biz jurnalistlər bir məqaləni yazmaq üçün bəzən bir kitab oxumalı oluruq. Ömründə bir broşuranı oxuyub başa çatdırmayan adamdan bundan artığını da gözləməyə dəyməz.Həyatda elə adamlar var ki, onlara zamanında cavab vermək lazımdır. Nadir Qafarzadənin mənsub olduğu "manıslar sinfi" də bu kateqoriyaya daxildir. Əgər bu gün müğənni Nadirə layiq olduğu cavabı verməsək, sabah prodüsser Tolik də bizə yumruq qıcayacaq...