“Marlon Brando Hollivuddan, Yaşar Nuri bizim kinomuzdan tanınır” (Köşə)

“Marlon Brando Hollivuddan, Yaşar Nuri bizim kinomuzdan tanınır” (Köşə)
KÖŞƏ
16:02 03.09.2011
3056

Vasif İsmayılzadə

Bu gün əvəzolunmaz, görkəmli komediya aktyoru, komik, psixoloji və dramatik rollarınməharətli ifaçısı, Azərbaycan Respublikasının Xalq Artisti, Prezident təqaüdçüsü, şöhrət ordenli sevimli Yaşar Nurinin 60 yaşı tamam oldu. Bəli,Yaşar Nuri bütün titulları layiqincə Türklər demiş hak etmiş aktyorlardan biridir. Hər bir şeyə öz gücü və öz istedadı ilə nail olub. Doğurdanda Yaşar Nuri Azərbaycan kinosu və teatrı üçün ömür qoymuş aktyorlarımızdandır. Onun bir-birindən maraqlı film və tamaşaları hər zaman böyük həvəs və təlabatla izlənilir. Balaca bir qeyd xatırlatmaq istəyirəm. Hər bir ölkə öz aktyoruna milli sərvəti kimi baxır, onu sevir və qoruyur. Çünki, onun ölkəsini təmsil edən aktyor həm də öz ölkəsinin simasıdır. Məsələn, Alen Delon deyərkən Fransanı xatırlayırıq, Şon Konnori deyəndə Şotlandiya, Adriano Celentano-İtaliya, Nikol Kidman-Avstraliya və s. bu siyahını uzatmaq da olar. Yəni, bu insanlar artıq öz ölkələrinin simalarıdırlar.
Teleməkanlardan da seyr edirik ki, hansısa bir ölkənin, yaxud da elə götürək Hollivudun yaşlı hətta, yeni nəsil aktyorları belə bir yere gede bilmirlər, şəhərdə rahat gəzə bilmirlər, dincələ bilmirlər. Çünki, bütün onu tanıyan və sevənlər bir anın içində onun başının üstünü qara bulud kimi alırlar. Kimi avtoqraf, kimi bir imzalı rəsim, kimi onun həyatından bir şeylər öyrənməyə can atır. Belə məşhur insana bir nəfəs qədər yaxın olmaq üçün dəridən-qabıqdan çıxırlar. Çox zaman kumirlərinə rahatsızlıq şəraiti yaradırlar. Loru dildə desək bir loxmasını belə ağzına atmağa imkan vermirlər. Bəzi hallarda şöhrətinin zirvəsinə çatmayan aktyoru bu kimi vəziyyətlər qıcıqlandırır, onlar hər zaman sevənlərindən uzaq olmağa çalışırlar. Fanatların hətta, yeni nəsil aktyorlarına qarşı diqqəti artıq bəzi hallarda həddini belə aşmaqdadır. Halbuki bizim canlı əfsanəmiz Yaşar Nuri əcnəbilərin gənc nəsil yox, yaşlı nəsillərinə belə dərs keçməyə qadirdir. İnanın ki, bu belədir.! Mənim aləmimdə Yaşar Nuri Marlon Brandodan daha üstün aktyordur. Yox,mən mərhum Marlon Brandoya zəif aktyor deye bilmərəm. O, artıq qəbul olunmuş bir dahidir, amma və lakin Yaşar Nurinin yaratdığı obrazları Brando heç vaxt canlandıra bilməzdi. Bəli, Marlon Brandonu dünyada tanıyırlar, sevirlər. Amma, Yaşar Nuridə az tanınmır. Bir də unutmayın ki, Marlon Brando Hollivuddan, Yaşar Nuri bizim kinomuzdan tanınır. Unutmayaq ki, Brando Hollivudan deyil hansısa bir islam ölkəsindən çıxsaydı heç zaman, o şöhrətinə çata bilməzdi. Marlon Brando "Xaç Atası" filmi ilə dünyaya səs salsa belə, Yaşar Nurinin oynadığı "Səndən Xəbərsiz" tamaşasındakı sevdiyi Gülnara (yəni Firəngiz Mütəllimovaya) ciddi, üzgün biraz da həyəcanlı baxaraq titrək səslə "Sən beləysənmiş Gülnar... Mən səni tanımamışam. Tanımamışam..." kəlməsi nəyə desən dəyər! Baxmayaraq ki, "Səni axtarıram", "Səndən Xəbərsiz" tamaşaları komedia janrına aid deyil, Yaşar Nurini komediya aktyoru kimi daha çox sevirlər. Amma, həqiqətən o drammatik, psixoloji obrazları belə daha gözəl yaradıb.Yəqin, ki razılaşarsız. Yaratdığı xarakterlər qətiyyən biri-birinə bənzəmir. Bu da onun Böyük aktyor olduğunun gerçək sübutudur!
Bəli Yaşar Nuri artıq 60 yaşa "xoş gəldin" dedi. 60 yaşa böyük zəhmətlə, fədakarlıqla, bol-bəhrəli səhnə fəaliyyəti ilə, zəngin karyera, acılı və şirinli ömür yolu ilə gəldi. Azərbaycanın İncəsənət tarixinə qızıl hərflərlə adını yazdıran sənətkar oldu. Allah Yaşar Nuri fenomeninə uzun ömür versin, bu xəstəliklər geridə qalsın və sevimlimiz Yaşar müəllim yeni-yeni, daha böyük, maraqlı film və tamaşalarla bizi sevindirsin. AD GÜNÜN MÜBARƏK. NƏ YAXŞI Kİ SİZ VARSINIZ DÜNYAMIZDA YAŞAR müəllim!!!!
OXŞAR XƏBƏRLƏR