Maşın bazarı yandı. Belə hallar əslində, tez-tez baş verir və bunun bəzən təsadüfdən, bəzən də bilərəkdən - maraqlı şəxslər tərəfindən törədildiyi iddia edilir.
Bir müddət əvvəl 8-ci km-də yerləşən paltar satılan bazar da yanmışdı. Sonra maşın bazarında 4-5 sahibkarın dükanı yandı və küllü miqdarda ziyan dəydi.
Dünən də, saat səkkizdə Nizami rayonunda yerləşən maşın ehtiyat hissələrinin satışını həyata keçirən 8-ci km maşın bazarında güclü yanğın baş verdi. Nəticədə 60-dan çox dükan tam yararsız hala düşdü və sahibkarlara yüz min manatlarla ziyan dəydi.
Əslində bazar yanmadı, orda icarəyə yer götürüb sahibkarlıq fəaliyyəti ilə məşğul olan sahibkarlar yandı. Dişi ilə, dırnağı ilə ərsəyə gətirdiyi, uşaqlarının boğazından kəsərək, mal ehtiyatı toplayan və ümidini bura tikən yüzlərlə vətəndaşımız yandı.
Topdansatışla məşğul olan sahibkardan tutmuş tum satana qədər hər kəsdən haqq yığan bazar rəhbərliyinin hadisə yerində görmədik. Görə də bilməzdik. Çünki hər ay bazarı mühafizə etdiyi üçün sahibkarlardan külli miqdarda pul toplayan Rasim adlı sahibkar, mallarını xilas etmək üçün özünü oda atmaq istəyən icarədarlarının qabağına çıxa bilməzdi.
Hər birindən ayda 176 manat vergi pulu, aylıq 690 manatdan 3000 manata qədər icarə pulu, ildə 50 manat standartlaşdırma pulu, aylıq 12 manat mühafizəçi pulu və s. yığan bazar rəhbərliyi görəsən, niyə sığorta pulu yığmır?
Çünki heç bir standarta uyğun gəlməyən bazar dükanlarını bütün sığorta şirkətləri sığorta etməkdən imtina edib.
Yaxud ildə hər bir sahibkardan standartlaşma adı altında 50 manat alan Rasim müəllim görəsən, nəyi satandarlaşdırıb?
Hər il 50 min manatdan çox yığılan `’axran’’ pulun hansı məqsədlərə sərf olunduğu məlum deyil.
Yanğından mühafizə avadanlıqları quraşdırılmayan bircə dənə obyekti nəzərdən qaçırmayan FHN hektarlarla ərazisi olan maşın bazarını görəsən, niyə yaddan çıxarıb?
Hər bir fərdi sahibkardan məcburi qaydada `’işıq’’ aktı, yanğınsöndürən balonlar, yanğın xəbərdarlğını bildirən siqnalizasiya və sığorta tələb edən FHN yəqin ki, Rasimi “görəndən” sonra bu boyda bazarı görə bilmir.
Yaxud da ,bermud üçbucağında olduğu kimi bura FHN-nin “radarına” düşmür.
Bəli, dünən maşın bazarında yanğın baş verdi. 3-4 saat davam edən yanğın, birinci sıra deyilən ərazidəki dükanlar tamamilə yanandan sonra söndürüldü. Hər kəs ərazini tərk etdi. XƏBƏR OLARAQ cəmiyyətdə yayılan bu hadisə, yüzlərlə ailəyə FƏLAKƏT GƏTİRDİ. Son qəpiyini də malda saxlayan sahibkarların və ailələrinin on illərlə çəkdiyi əziyyət hesabına nail olduqları bir saata məhv oldu.
Allah sizlərə səbir, Rasim müəllimə də insaf versin.
AzNews.az