Xətai rayonu Xocalı prospekti 29-da yerləşən çoxmərtəbəli yaşayış binalarından birində yanğın başlayıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları cəlb olunub. Sakinlərin sözlərinə görə, avtomobillərin texniki tələblərə uyğun olmayan şəkildə şarj edilməsi yanğının əsas səbəblərindən biri ola bilər.
AZXEBER.COM xəbər verir ki, məsələ barədə Demokrat.az-a açıqlama verən hüquqşünas Rəşad Əliyev bildirib ki, yaşayış binalarında ümumi istifadə sahələrində özbaşına elektrik xətləri çəkmək və ya yüksək güc tələb edən avadanlıqlardan istifadə etmək qanunvericiliyin pozulması hesab olunur:
"Bu, həm "Yanğın təhlükəsizliyi haqqında" qanunun, həm də mənzil fondunun istismarı qaydalarının tələblərinə ziddir. Əgər sübut olunarsa ki, yanğın konkret sakinin məsuliyyətsiz davranışından qaynaqlanır, həmin şəxs mülki və inzibati məsuliyyət daşıya bilər. Digər tərəfdən, burada bina idarəçiliyinin və müvafiq qurumların da məsuliyyəti istisna edilmir. Əgər binada elektrik sisteminə nəzarət zəif olubsa, təhlükəli qoşulmalara göz yumulubsa, bu zaman kollektiv məsuliyyət məsələsi də gündəmə gələ bilər. Bu cür hallarda cəza hadisənin ağırlığından asılı olaraq dəyişir. Əgər yalnız qayda pozuntusu qeydə alınarsa, şəxslər 200-500 manat arası cərimə ilə üzləşə bilər. Əgər yanğın nəticəsində maddi ziyan yaranıbsa, təqsirkar şəxs əlavə olaraq bütün zərəri ödəməlidir. Hadisə ağır nəticələrə xəsarət və ya ölümə səbəb olarsa, bu zaman 2 ildən 5 ilədək, daha ağır hallarda isə 5 ildən yuxarı azadlıqdan məhrumetmə cəzası tətbiq oluna bilər".