"Qalatasaray"ın ulduz futbolçusu Mauro İkardi ödənilməyən borc səbəbindən rəhbərliyə rəsmi xəbərdarlıq edib.
Argentinalı hücumçu bu kəskin addımı imic hüquqlarına əsasən ona çatmalı olan 4 milyon avroluq vəsaiti hələ də ala bilmədiyi üçün atmaq məcburiyyətində qalıb.
Məşhur forvardın qəfil xəbərdarlıq məktubu göndərməsi klub rəhbərliyində həm təəccüb, həm də ciddi narazılıq yaradıb. Xatırladaq ki, hücumçu daha əvvəl də maaşının gecikdirilməsi səbəbindən bənzər yola müraciət etmişdi.
Qeyd edək ki, Mauro İkardi imic hüquqlarına dair sözügedən müqaviləni "Qalatasaray"ın sabiq vitse-prezidenti Erden Timur və klub konqresinin keçmiş üzvü Murat Özkaya ilə bağlayıb. Lakin adıçəkilən şəxslərin həbs olunması səbəbindən ulduz futbolçuya vəd edilən milyonluq vəsaitin ödənişi həyata keçirilməyib.