Lap başdan bir məqamı qeyd edək. Haqqında söhbət açdığımız kitabın içindəki fikirlərdən, müəllif düşüncələrindən əvvəl bizi özünə çəkən onun adıdır. Bu ad kitabın məğzini təyin edən, ümumiləşdirən ən uğurlu seçimdir. Ümumiyyətlə məbəd nədir? Əvvəlcə sözün etimologiyasına diqqət yetirək: əsrlər boyu insanların müqəddəs saydıqları ayinləri keçirdikləri tikililərdir. Universitetin çoxminli kollektivi üçün müqəddəs məkan, elm və təhsil ocağı məhz Bakı Dövlət Universitetidir; dərs keçirilən auditoriyalardır. Müəllif vaxtilə doğma universitet auditoriyalarında əxz etdiyi mühazirələrdən, müəllimlərindən öyrəndiyi biliklərdən faydalanaraq ərsəyə gətirdiyi, həmçinin müxtəlif vaxtlarda yazılmış publisistik məqalələrin, esselərin müəyyən bir qismini kitabında toplayıb. Beləcə, müəllif özünün "Məbəd"ini yaradıb. Burada yer alan hər yazı "qapı" şəklindədir. Yazıları oxuduqca qapılar bir-bir açılır, beləcə oxucu "Məbəd"lə tanış olmuş olur. Yeri gəlmişkən bildirək ki, nəfis tərtibatlı kitab "Mimta Yayımları" tərəfindən çap olunub. Peşəkar kollektivin çalışdığı komandada yer alan Murad Əziz qapaq dizaynını yüksək incəliklə tərtib edib. Səhifələyici Sevər xanım Şovqatova, korrektoru Aqşin Abdallıdır.
Lap gənclik illərindən, daha dəqiq universitetin sonuncu kursundan ömrünü fakültəmizə — Bakı Dövlət Universitetinə bağlayan müəllimimiz Samir Xalidoğlu "Məbəd"in redaktorudur. Onun zəhməti kitabın hər səhifəsində hiss olunmaqdadır. Bütün bunları nəzərə alaraq, və sözün hər mənasında kitab bizlər üçün doğmadır. Çünki Bakı Dövlət Universitetin 105, həmçinin Jurnalistika Fakültəsinin 55 illiyinə həsr olunub. Çünki kitabın demək olar ki, hər səhifəsində müəllim zəhmətinə qiymət yer alır. Əsl səbəbi də odur ki, Bakı Dövlət Universitetini ən qutsal yer adlandıran və toplunun maddi-mənəvi dəstəkçisi, ideya müəllifi olan, həmçinin rəyçisi böyük Ustadımız Cahangir Məmmədlinin kitabda imzası var.
Digər bir yandan da müəllif yaxın dostumdur. Uğurların daim, qələmin iti olsun!
Ayhan AĞARZAYEV, "Crossmedia.az" saytının əməkdaşı