Mədəniyyət və İncəsənət Universitetinin yeni rektoru kimdir? - Arayış

MƏDƏNİYYƏT
19:10 02.05.2014
3638
Xəbər verdiyimiz kimi. Azərbaycan prezidenti İlham Əliyev Fərəh Şirməmməd qızı Əliyevanın Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru təyin edilməsi haqqında sərəncam imzalayıb.AZXEBER.COM yeni rektorun tərcümeyi-halını təqdim edir.
Fərəh Şirməmməd qızı Əliyeva – Bakı Musiqi Akademiyasının musiqi tarixi kafedrasının dosenti, sənətşünaslıq namizədi – 1961-ci ildə Bakı şəhərində anadan olub.
1984-cü ildə Ü. Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının tarix-nəzəriyyə şöbəsini bitirib. Həmin ildən musiqi tarixi kafedrasında müəllimlik fəaliyyətinə başlayıb.
1986-1991-ci illərdə aspiranturada oxuyub. 1994-cü ildə «XX əsrin 60-70-ci illərin I yarısında Azərbaycan bəstəkarlarının yaradıcılığında bəzi üslub təmayülləri» mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək, sənətşünaslıq namizədi elmi dərəcəsinə layıq görülüb. 1995-ci ildən dosentdir. Azərbaycan Bəstəkarlar İttifaqının üzvüdür. Elmi konfrans və müsabiqələrin fəal iştirakçısıdır. Elmi monoqrafiya («Azərbaycan musiqisində üslub axtarışları», B., 1996), dərsliklər («Musiqi ədəbiyyatı», həmmüəllif A. Tağızadə, B., 1994; «Musiqi» həmmüəlliflər T. Babayeva, S. Qurbanəliyeva, B., 2001), onlarla elmi, elmi-populyar məqalələrin müəllifidir.
Tədqiqatçı kimi F. Əliyeva XX əsr Azərbaycan musiqisi, bəstəkar yaradıcılığı, müasir musiqi problemlərində ixtisaslaşmışdır. O, Ü. Hacıbəyov, A. Zeynallı, Q. Qarayev, F. Əmirov, A. Əlizadə, F. Qarayev, F. Əlizadə, R. Həsənova, S. Ələsgərov, C. Cahanqirov, T. Quliyev, R. Behbudov və s. bəstəkarlar, ifaçılar haqda məqalələrin müəllifidir. Hazırda F. Əliyeva Bakı Musiqi Akademiyasının elmi katibi, ixtisasartırma fakültəsinin dekanıdır. O, həm də Azərbaycan Respublikası Təhsil Nazirliyinin Elmi-metodik Şurasının «Musiqişünaslıq və incəsənət» bölməsinin üzvü və elmi katibidir.
Kafedranın professoru vəzifəsində çalışıb.

OXŞAR XƏBƏRLƏR