MEDİA-nın yeni qərarı müsbət qarşılandı - Sayt rəhbərlərindən açıqlama

MEDİA-nın yeni qərarı müsbət qarşılandı - Sayt rəhbərlərindən açıqlama
ÖZƏL
16:42 14.11.2025
607
Medianın İnkişafı Agentliyinin (MEDİA) onlayn media subyektləri üçün maliyyə dəstəyi mexanizminə etdiyi dəyişiklik sektorda yeni dinamika yaradıb. 

Agentliyin yenilənmiş müsabiqə şərtlərinə görə, qalib media qurumları ilə bağlanacaq müqavilələr çərçivəsində hər bir subyektə aylıq 5000 manat maliyyə yardımının ayrılması nəzərdə tutulur. Bu, əvvəlki illərdə tətbiq olunan 3000 manatlıq dəstəklə müqayisədə əhəmiyyətli artım deməkdir.

"Yeni Çağ” Media Qrupunun baş redaktoru Aqil Ələsgər AZXEBER.COM-a açıqlamasında deyib ki, hər bir dəstək həm də bir məsuliyyət deməkdir:

"Hesab edirəm ki, Medianın İnkişafı Agentliyinin həm onlayn media, həm də qəzetlərlə bağlı dəyişikliklərindəki başlıca prioritet jurnalistikanın dövrün tələbi olan rəqəmsal mediada dayanıqlı inkişafına hesablanıb. Belə ki, tariximizdə önəmli bir yer tutan, təkcə Azərbaycanda deyil, dünyada tənəzzülə uğrayan çap mediasına faydasız süni tənəffüs verməkdənsə, onu tam itirmədən, əsas yaradıcı heyəti ilə uğurlu həftəlik nəşr çıxartmasına dəstək vermək, eyni zamanda onlayn medianın imkanlarını artırmaq üçün atılan addımlar ümumilikdə Azərbaycan dövlətinin media siyasətinin tərkib hissəsidir. 


Bu baxımdan hesab edirəm ki, onlayn media dövlətin bu dəstəyini düzgün bir biznes plan ilə idarə edərsə, qəzetlərdən fərqli olaraq inkişaf perspektivləri var”.

A.Ələsgər deyib ki, sayt rəhbərləri bu maliyyə dəstəyinin onlara deyil, media qurumunun daha yaxşı fəaliyyət göstərilməsi üçün verildiyinin fərqində olmalıdır:

"Sayt rəhbərləri bu maliyyə dəstəyinin onlara deyil, media qurumunun daha yaxşı fəaliyyət göstərilməsi üçün verildiyinin fərqində olmalı və verilən dəstək saytın texniki bazasının gücləndirilməsinə, yazı keyfiyyətinin artırılmasına xidmət etməlidir”.

"Pravda.az” xəbər portalının baş redaktoru İlkin Pirəli isə deyib ki, MEDİA-nın onlayn media subyektlərinə göstərilən maliyyə dəstəyinin məbləğini artırılması dövlətin qayğısının bariz nümunəsidir:

"Medianın İnkişafı Agentliyinin onlayn media subyektlərinə göstərilən maliyyə dəstəyinin məbləğini artırılması dövlətin qayğısının bariz nümunəsidir. Bu, milli mətbuatın gücləndirilməsinə, peşəkarlığın qorunmasına xidmət edir. Media subyektlərinin ayrı-ayrı şəxslərdən aslılığı, demək olar, minimuma enib. Çünki reklam bazarının zəif olduğu dövrdə medianın kənar təsirlərə məruz qalma riski var. Bunu tarix boyunca görmüşük, xaricdən maliyyələşən media orqanlarının fəaliyyəti buna sübutdur. Bu, həm də təhlükəsizlik baxımından risklidir. Dövlət üçün isə əsas onun təhlükəsizliyidir. Bu baxımdan Azərbaycan dövləti milli mətbuatı qoruyur, rəqabətə davamlılığı üçün yardımlar edir, digər dəstək xarakterli jestlər həyata keçirir ki, bu da sonda inkişafa gətirib çıxarır”.


İ.Pirəli vurğulayıb ki, jurnalistlərin mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində atılan addımları xüsusi qeyd etmək lazımdır:

"Jurnalistlərin mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində atılan addımları xüsusi qeyd etmək lazımdır. Bir neçə il öncə, qanuna edilən dəyişiklikdən sonra hər bir jurnalist güzəştli şərtlərlə mənzil sahibi ola bilər. Medianın İnkişafı Agentliyinin media savadlılığının artırılması üçün keçirilən çoxsaylı təlimlər peşəkarlığın qorunmasına, şəffaflığın yüksəlməsinə hesablanıb. Həyata keçirilən media siyasəti müsbət nəticələrini verib. Azərbaycan artıq qalib dövlətdir, beynəlxalq səviyyədə nüfuzu kifayət qədər yüksəkdir. Təsadüfi deyil ki, Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyevi böyük lider adlandırıb. Belə olan halda, təbii ki, Azərbaycan mediası da dövlət başçısının həyata keçirdiyi nəhəng siyasətə adekvat olmalıdır. Azərbaycan dövləti bunun üçün əlindən gələni edir”.

Şahanə Ziyad
 
Yazı Medianın İnkişafı Agentliyinin "informasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi" mövzusunda dərc edilib.

 


OXŞAR XƏBƏRLƏR