Xəbər verdiyimiz kimi Prezident İlham Əliyev 26 sentyabr tarixində imzaladığı Fərmanla "Media Reyestrinin aparılması Qaydaları”nı təsdiqləyib.
Fərmana əsasən, Medianın İnkişafı Agentliyinə (MEDİA) Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti ilə birgə Media Reyestrinin təhlükəsizliyinin təmin edilməsi üçün zəruri tədbirlər görmək tapşırılıb.

AZXEBER.COM-a danışan Azərbaycan Respublikasının Əməkdar jurnalisti, "Şərq” qəzetinin təsisçisi və baş redaktoru Akif Aşırlı bu fərmanın qəbul edilməsini Azərbaycan mediasının tarixində yeni səhifənin açılması kimi xarakterizə edib. Onun sözlərinə görə, Media Reyestri Azərbaycan mətbuatının inkişafı üçün yeni bir mərhələnin əsasını təşkil edəcək:
"Azərbaycan mətbuatında jurnalistikasında xaotik vəziyyət yaranıb. Jurnalistika və redaksiya iddiasında olanlar həddən artıq çoxdur. Jurnalist peşəsindən sui-istifadə eləmə halları da var. Hesab edirəm ki, Azərbaycanda ciddi informasiya mühitinin yaradılması üçün reyestr qaydalarının qüvvəyə minməsi əhəmiyyətlidir. Bu baxımdan mediada qayda-qanun aktorların iştirakının təmin edilməsi baxımından bu qaydaların qüvvəyə minməsinin müsbət tərəfləri çoxdur. Bu qaydaların tətbiqi redaksiyalarda müəyyən qaydaların yaranmasına gətirib çıxaracaq. Əksər redaksiyalarda işçi və redaksiya arasındakı münasibətlərin hüquqi müstəvidə tənzimlənməsində xeyli problemlər var və bu qaydaların müəyyən əhəmiyyəti olacaq. Bu qanun həmçinin işə götürənin məsuliyyətinə də təkan verəcək. Müqavilədən və xidməti müqavilədən kənar işçilərin redaksiyada çalışması və onların əmək haqlarının kifayət qədər real, obyektiv əksini tapmasında da xeyli rol oynayacaq. Jurnalistlərin sosial müdafəsinin düzəlməsi baxımından da bu qaydanın əhəmiyyəti var. Bu proses əgər normal irəliləyərsə, xeyli irəliləyişə nail olmaq olar. Eyni zamanda hesab edirəm ki, Media Reyestri Azərbaycan mətbuatının inkişafı üçün yeni bir mərhələnin əsasını təşkil edəcək”.

"Azxeber.com" informasiya portalının baş direktoru Əfsələddin Ağalarov jurnalist fəaliyyəti ilə məşğul olan şəxslər haqqında məlumatların vahid bazada toplanmasını inqilabi addım adlandırıb:
"Media Reyestrinin işlək vəziyyətə gətirilməsi Azərbaycan mətbuatı üçün inqilabi hadisələrdən biridir. Çünki bu günə qədər biz kimin gerçək jurnalist, kimin "fake" jurnalist olduğunu bilmirdik.
Heç bunu müəyyən edə biləcək, əllə tutula bilən bir mexanizmimiz belə yox idi. İndi bunu müəyyən edə biləcək yenilik varsa, mən ona inqilab deyirəm. Başqa cür inqilab necə olur? Düşünün ki, ortada sürətli, çevik bir avtomobil var idi, amma təkərsiz. Media reyestri məhz həmin avtomobilin yeni hazırlanmış təkərləridir".
Ə.Ağalarov Media Reyestrinin formalaşmasının media-cəmiyyət münasibətlərinə də təsir edəcəyini, cəmiyyətin jurnalistlərə olan baxışlarında da müstəsna rola malik olacağını deyib:
"Önəmli olan odur ki, cəmiyyət də, dövlət də ölkəmizdə nə qədər jurnalistin olduğunu biləcək. Bu çox önəmli məlumatdır. Digər tərəfdən reyestrin ən önəmli üstünlüklərindən danışaq. Dünənə qədər heç bir bank jurnalistlərə nəyinki ipoteka krediti, heç istehlak krediti belə vermirdi. İndi gerçək jurnalist kimliyi daşıyan şəxs istənilən zaman bu üstünlüklərdən yararlana biləcək, ipotekaya müraciət edə biləcək. Bütün məlumatlar aşkarlaşacaq. Digər tərəfdən bir stereotipin sonuna da çıxmış olacağıq. Dünənə kimi jurnalistikamız müğənni qarderobu eşələyənlərin məkanı kimi xarakterizə olunurdu. Çünki təhsil, intelekt, etik davranış adı altında heç nə yox idi. Amma indi bu reyestrin fəaliyyəti ilə ümumi bir inam yaranacaq. Jurnalistlərin nüfuzu müğənni qarderoblarından, çirkli pulların altından çıxıb öz layiqli, şərəfli yerini alacaq".
Qeyd edək ki, Media Reyestrində media subyektləri, onların redaksiyaları və jurnalistlərə dair elektron hökumət portalında mövcud olan məlumatlar inteqrasiya, digər məlumatlar isə istifadəçi tərəfindən daxil edilməklə sistemləşdiriləcək. Bu, jurnalist fəaliyyəti ilə məşğul olan şəxslər haqqında məlumatların vahid bazada toplanması deməkdir.
Bütün sadalanan və sadalanmayan məqamları nəzərə aldıqda belə qənaətə gəlmək olur ki, Media Reyestri Azərbaycan mətbuatının inkişafı üçün yeni bir mərhələnin əsasını təşkil edəcək.
Ayşən Mirzəyeva











































