Bu sözləri AZXEBER.COM-a açıqlamasında deputat Aqil Abbas deyib. Millət vəkili Azərbaycanda ölüm hökmünün yenidən qüvvəyə minməsi iddialarına münasibət bildirib:
"Bir neçə il əvvəl ölüm hökmü ləğv ediləndə “Ədalət” qəzeti olaraq biz buna qarşı çıxmışdıq. Üstündən bir neçə il keçdikdən sonra da biz bu məsələni yenidən gündəmə gətirdik. İndi də Fazil müəllimin dediyi ilə razıyam. Mənim də ürəyimcə olar ki, cinayəti törədənə layiqli cəza verilsin. Çünki elə cinayət var ki, onun cəzası elə ölümdür. Bu gün həmin adama ömürlük həbs verəcəklər, 15-20 il sonra, bəlkə, əfv olunacaq. Və ya siyasi dustaqlar sırasına daxil olub çıxacaq azadlığa. Lakin artıq Azərbaycan Avropanın təsiri ilə ölüm hökmünü ləğv edib və ömürlük həbslə əvəz edib. Bundan sonra geri addım atmaq mümkün deyil. Bu, dünya tərəfindən də pis qəbul olunacaq.
Türkiyə də belə bir məsələni müzakirə edir ki, dövlətə xəyanət və bu kimi cinayətlər ölüm hökmü ilə cəzalandırılsın. ABŞ ölüm cəzasını ləğv etsə də, bir çox ştatlarda bu hökm qüvvədə qalır.
Ancaq bir məsələ ilə razı deyiləm ki, ölüm cəzasının bərpası cinayətlərin sayını azalda bilər. Məgər ölüm hökmü olanda adam başı kəsmirdilər, yandırmırdılar, doğramırdılar? Cəzanın ağırlığı cinayətin qarşısını almır. Sadəcə, layiqli cəzanın verilməsi baxımından, ölüm hökmünün qüvvəyə minməsi ilə razıyam."
Qeyd edək ki, ölüm hökmünün bərpa edilməsi iddiasını millət vəkili Fazil Mustafa qaldırıb.
Ceyhun