“Məhəmməd Əmin Rəsulzadənin siyasi fikirləri” adlı elmi-praktiki konfrans keçirilib

SİYASƏT
18:50 30.01.2014
2860
Bu gün Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) təşkilatçılığı ilə Məhəmməd Əmin Rəsulzadənin 130 illiyinə həsr edilmiş “Məhəmməd Əmin Rəsulzadənin siyasi fikirləri” adlı elmi-praktiki konfrans keçirilib. 
 
AZXEBER.COM-un məlumatına görə, AVCİYA-nın vitse-prezidenti Vəli Əlibəyov tədbiri açaraq, M.Ə.Rəsulzadənin Azərbaycan tarixindəki rolundan, Azərbaycan Milli Şurasını yaratmasından, nəinki türk xalqları içərisində, hətta bütün Şərqdə ilk dəfə olaraq respublika qurmasından danışıb.  Bakı Dövlət Universitetinin (BDU) dosenti Nəsiman Yaqublu son günlər Azərbaycanda Rəsulzadə ilə bağlı silsilə tədbirlərin keçirildiyini bildirərək bunun yaxşı hal olduğunu qeyd edib:  “Bu tədbirlər təkcə Azərbaycanda deyil, bir çox ölkələrdə keçirilir. Sabah Moskvada Rəsulzadə ilə bağlı tədbir keçiriləcək. Həmin tədbirdə iştirak üçün bizə də dəvət göndərilib. O cümlədən, Türkiyədə də belə bir tədbir olacaq. Bu cür tədbirlərin keçirilməsi göstərir ki, Rəsulzadəyə diqqət böyükdür.  
Bu gün ABŞ, Almaniya, Rusiya və Polşada M.Ə.Rəsulzadə irsini araşdıran alimlər yetişməkdədir. Onların arasında Yaponiya alimlərinin tədqiqatlarının xüsusi yeri var”.  Rəsulzadə irsinin zəngin olduğunu deyən N.Yaqublu onun 10-a yaxın ölkədə yaşadığını qeyd edib:  “Ölkədə yaşamaq başqa şeydir, orada fəaliyyət göstərmək isə tamam başqadır. Rəsulzadə yaşadığı ölkələrdə təşkilatlar yaradaraq siyasi fəaliyyətlə məşğul olub. Ona görə də Rəsulzadə deyəndə təkcə Azərbaycan tarixi nəzərdə tutulmur, bütövlükdə Qafqaz tarixi nəzərdə tutulur”. 
N.Yaqublu Ankara Milli Kitabxanasında Rəsulzadənin kitablarından ibarət fondun fəaliyyət göstərdiyini də tədbir iştirakçılarının diqqətinə çatdırıb.  Konfrans tədqiqatçı alimlərin çıxışları ilə davam edib. M.Ə.Rəsulzadənin nəvəsi Rəis Rəsulzadə babasına göstərilən diqqətdən məmnun olduğunu bildirib.

OXŞAR XƏBƏRLƏR