Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən sabiq deputat Gülər Əhmədovanın məhkəməsi keçirilib.
AZXEBER.COM-un məlumatına görə, bu gün prosesdə vəkillər çıxış etməli olub.Lakin prosesdən əvvəl Gülər Əhmədovanın halı pisləşib, özündən getməsi olub. Məhkəməyə təcili yardım çağırılıb. Həkimlərin müayinəsindən sonra onun prosesi davam etdirə bilməyəcəyi müəyyən edilib.Buna görə də proses gələn həftəyə ayın 25-nə kimi təxirə salınıb.Qeyd edək ki, ötən prosesdə dövlət ittihamçısı G.Əhmədovanın 4 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.G.Əhmədova Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) və 307.2-ci (cinayət barəsində xəbər verməmə və ya qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə təqsirləndirilir.Qeyd edək ki, fəaliyyəti dayandırılan Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin ötən ilin sentyabrında yaydığı qalmaqallı videodan sonra Gülər Əhmədova mandatından imtina edib. Bu ilin fevralın 13-də isə Gülər Əhmədova barəsində həbs-qətimkan tədbiri seçilib.İttihama görə, Gülər Əhmədova külli miqdarda özgə əmlakını ələ keçirmək məqsədi ilə 2005-ci ilin oktyabr-noyabr aylarında tanışı Sevinc Babayeva ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girməklə sonuncunun vasitəsi ilə Azərbaycan Beynəlxalq Universitetinin rektoru vəzifəsində işləmiş Elşad Abdullayevlə görüşərək ona qarşı olan etibarından sui-istifadə etməklə ona deputat seçilməsinə köməklik edəcəyi barədə yalan vədlər verib aldadaraq 1 000 000 (bir milyon) ABŞ dollarını ələ keçirməklə dələduzluq edib.Bundan başqa o, Sevinc Babayevanın 2007-ci ilin may ayında vətəndaş Namiq Əliyev və başqalarının etibarından sui-istifadə etməklə dələduzluq yolu ilə külli miqdarda özgə əmlaklarını ələ keçirdiyinə görə barəsində 19 yanvar 2009-cu il tarixdə Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə başlanmış cinayət işi üzrə Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsində istintaqın aparıldığını, həmin iş üzrə Sevinc Babayevanın qeyd edilən maddə ilə təqsirləndirilən şəxs qismində cəlb olunması və barəsində axtarış elan edilməklə həbs qətimkan tədbiri seçilməsi haqqında qərarın qəbul olunduğunu bilərək, şəxsi münasibətlərinə görə 26 sentyabr 2012-ci il tarixdə onu Bakı Hava Limanından İstanbula yola salıb.Qabaqcadan aralarında olan razılaşmaya əsasən tanışı Türkiyə Respublikasının vətəndaşı Selcuk Ağlayan onun xahişinə əsasən Sevinc Babayevanı qarşılayaraq İstanbulda Meryem Solmaz adı ilə 26 dekabr 2012-ci il tarixə kimi qeyri-leqal yaşamasını təşkil edib, həmin müddətdə onun Türkiyə Respublikasında yaşamasını maliyyələşdirməklə Sevinc Babayevanın tutulmasına aktiv mane olub qabaqcadan vəd etmədən ağır cinayəti gizlədib.