xari

Məhkəmədə ülgüclə damarını kəsdi

SOSİAL
12:42 07.03.2016
1659

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Qaraçuxurda məscidi yandırmaqda ittiham olunan Namiq Nəsibov və Elnur Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Hakim Rauf Əliyevin sədrliyi ilə keçirilən iclasda hökm oxunub.

Təqsirləndirilən Namiq Nəsibov son söz ilə çıxış edib.

Məhkəmə kollegiyasının hökmü ilə Elnur Ələkbərov 15 il müddətinə azadlıqdan məhrum edilib. Namiq Nəsibovun psixi durumu ilə bağlı anlaqsız vəziyyətdə olması barədə qərar verilib. Onun Maştağa qəsəbəsində yerləşən 1 saylı Respublika Psixiatriya Xəstəxanasında müalicə alması haqda qərar qəbul olunub.

Elnur Ələkbərov hökm oxunarkən özünü öldürmək istəyib. O, ülgüclə damarlarını kəsib. Daha sonra məsələyə məhkəmə nəzarətçiləri qarışıb.

Ötən iclasda təqsirləndirilənlərdən biri Elnur Ələkbərov 2007-ci ildən rəsmi olaraq Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşı olduğunu, bir neçə əməliyyatda iştirak etdiyini deyib.

Xatırladaq ki, dövlət ittihamçısı məhkəmədən E.Ələkbərovun 15 il, N.Nəsibovun isə 17 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Qeyd edək ki, 2014-cü ilin noyabr ayının 26-da Qaraçuxur qəsəbəsində yerləşən “Cümə” məscidinə yandırıcı maye ilə doldurulmuş şüşə butulkalar atılaraq yanğın törədilib. Milli Təhlükəsizlik Nazirliyi tərəfindən keçirilmiş tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Namiq Nəsibov və Elnur Ələkbərov saxlanılıblar.

Onlar barəsində Cinayət Məcəlləsinin 214.2.1-ci (terrorçuluq), 228.2.1-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanıb.

Müəyyən edilib ki, N.Nəsibov 2014-cü ilin avqust-sentyabr aylarında “PKK” terror təşkilatının nəzarətində olan Suriya Ərəb Respublikasının ərazilərinə gedərək oradakı döyüşlərdə iştirak edib. O, Suriyanın Kobani şəhərindən qayıtdıqdan sonra E.Ələkbərov ilə birgə “PKK” terror təşkilatının respublikamızda qanadı olaraq qeyri-rəsmi “Yekbun” təşkilatını yaradıb və ətraflarına tərəfdarlar toplamaq işinə başlayıblar. N.Nəsibov və E.Ələkbərov internetdə sosial şəbəkələr vasitəsilə yaratdıqları təşkilatın adından Bakı şəhərində aksiyaların keçirilməsi üçün çağırışlar da edib.

///“Qafqazinfo”

OXŞAR XƏBƏRLƏR