Rövşən Rəsulov
Jurnalist
"Turan” İnformasiya Agentliyinin baş direktoru Mehman Əliyev öz həbsi ilə bağlı ağlasığmaz versiyaları səsləndirməkdə davam edir.
İddia edir ki, onun həbsini Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov və Baş prokuror Zakir Qaralov planlaşdırmış və Prezident yanında müzakirələrdə israr etmişlər.
Əvvələn, bu iddia birbaşa özünü hüquqi dövlət elan etmiş Azərbaycan Respublikasının imicinə yönəlmiş ləkələmə kampaniyasının davamıdır. Həmin kampaniyanı isə məhz M. Əliyevin uzun illərdən bəri bağlı olduğu anti-Azərbaycan dairələr yürütməkdədirlər. İndi ölkə daxili "sanballı” bir "media kapitanı”nın bu iddiaları tirajlaması Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin hər toplantıda məhz həmin dairələrin qaralama kampaniyasına qarşı verdiyi cavabları təkzib edir. Belə çıxır ki, həmin dairələr haqlı, Azərbaycan Prezidenti haqsızmış.
İkincisi, M.Əiyev Elçibəy hakimiyyəti zamanı uğurlu informasiya müharibəsi(öz diliycə desək, təminatı) aparmasından danışır, erməniləri məğlub etdiklərini iddia edir. Bu, necə uğur idi ki, erməni kəşfiyyatının zabiti tacik adıyla gəlib Prezident Aparatınının təşkil etdiyi mətbuat konfransında sizi yerdən yerə vururdu? Bu uğur nədə idi? Bəlkə o uğur "907-ci düzəliş”in qarşısını almağa kömək etmişdi? Bəlkə Türkiyə baş naziri Süleyman Dəmirəli "Elçibəyin çevrəsində KQB qızışdırması” var dedirtməkdən yayındırmışdı?
Belə uğurlu təminat var idisə, nədən AXC –nin rəhbərlyində olmuş Arif Rəhimoğlu "bizim məğlubiyyətimizin əsas səbəbi informasiya siyasətimizi qura bilməməyimizdə idi "deyə yazırdı?
Belə uğur var idisə,nədən Pənah Hüseyn Elçibəyin reytinqinin.... 30 faizə qalxmasını sevinclə qeyd edirdi.
O, informasiya təminatı Prezidentin siyasətinə ölkə daxilində dəstək gətirmirsə, xarici siyasətdə ən yaxın ölkənin qınağına səbəb olursa, ölkənin informasiya məkanına erməni zabitinin asanlıqla soxulmasına imkan yaradırsa, separatçılığa əngəl deyil, təhrikçi olursa, bu necə uğurdur?
Bəs nədir Mehman Əliyevi danışdıran və ya dingildədən?
AXC dövründəki uğursuz informasiya "təminatçilığını” sonradan müxalifətin uğursuz informasiya ruporluğu əvəzləyib. Mərhum analitiklərinin dili ilə gah Elçibəyə, gah Kərimliyə, gah Qəmbərə edilən stavkalar özünü doğrultmayıb. "Turan” nəinki informasiya məkanında, heç müxalif cinhada da tərəfsiz media kimi tanınmadı. Dillə bağlı uğursuz eksperimentlər isə 2000-ci illərdə onları rəqabətdə asanlıqla udmuş digər agentliklərin gülüş obyektinə çevrildi.
Bir müddət media ilə bağlı müxtəlif donor təşkilatların Azərbaycan mediasını narınca rəngə boyamaq üçün müxtəlif layihələrində(PresKlub, Redaktorlar Birliyi kimi), Soros Fondunun ayrımalarında mütləq baş rol M. Əliyevin timsalında "Turan”a nəsib olurdu.
Lakin bu ayırmalar subyektiv yollarla müəyyənləşdirilib kefinə uyğun xərcləmələrə getdiyindən( ayrılan vəsaitin göyə sovrulmasını M. Əliyev özü də etiraf edir, amma bunu özgələrinin ayağına yazır) medianı ələ keçirmək kimi bir nanəcib tapşırıq yerinə yetirilməmiş qaldı.
Əlavə vergi borcları müvafiq orqanların "Turan”la bağlı qərarlar qəbul etməsinə səbəb oldu. İndi M. Əliyev həm öz reputasiyasını düzəltmək, həm də ona media üzərində nəzarət iddiasında olduğu layihələrin uğursuzluğa düçar olmasına səbəb olmuş şəxslərdən qisas almaq qərarına gəlib.
Təbii ki, cənab Prezidentin Azərbaycanın uğurlu media siyasətini həyata keçirən şəxs Əli Həsənovdur. Bu siyasət Azərbaycan mediasını "narıncı avantüralar”ın təsirinə düşməsinə, "Media kapitan”larının Soros Fondundan əli baxımlı olmasına imkan verməyib, Mətbuat Şurasını yeni Pressklub etmə cəhdlərinin qarşısını alıb. Nəhayət ,Leyla Yunus kimi dəmdəməkilərin erməni kəşfiyyat zabitinə Bakıda mətbuat konfransı keçirmək, beləliklə, erməni lobbisinin dəstəyilə bütün gələcəyini sığortaya almaq istəklərinin önünün kəsib. Bu da Mehmanı, dəstəsini və onların arxasında duranları xüsusi qıcıqlandırır.
Müsahiblərdə sezilən bir məqama diqqət yetirmək lazımdır. M. Əliyev və dəstəsi media məkanını ələ keçirmə istəklərinin önündə əngəl olaraq öz Prezidentinə, mənsub olduğu komandaya sədaqətli, məsul olduğu sahəyə dərindən bələd olan Əi Həsənov kimi peşəkarı görürlər. Bu peşəkar və sədaqətli məmurla bacara bilmədikdə isə onu ləkələməyə çalışır, eyni zamanda dövlətin vətəndaş cəmiyyəti təsisatları ilə işləyən fərqli qurumlarından dəstək almağa can atırlar. Bizdə olan məlumata görə, amerikanlar onun uğursuz layihələrinə maliyyə ayırmaqdan imtina etdiklərindən Mehman və dəstəsi indi bu axırıncı yolu sınamağı özünə rəva görür. ABŞ donorlarları ilə münasibətlərin korlanmasının da səbəbləri var. 2013-cü ilin avqustunda Mehman Əliyev Rusiya Prezidenti Vladimir Putinə məktub imzalayaraq Rusiyadan Bakıya namizəd ixrac edilməsi xahişinə düşməsi, çoxmilyonluq layihələrin pulların təyinatsız sovrulması həmin donorların diqqətindən yayınmamışdı.
Sonda daha əvvəllər səslənmiş fikirlərə yenidən qayıtmaq ehtiyacı yaranır. M. Əliyevdə iddia etdiyi informasiyalar hardandır? Hacı Məmmədovun Elmar Hüseynovu qətl edəcəyini 15 gün əvvəl hardan bilirmiş? ABŞ Konqresinin Durbin adlı ermənipərəst senatorunun ona qahmar çıxacağını hardan bilirmiş? Guya Prezident yanında getdiyini iddia etdiyi müzakirənin təfsilatı onda hardandır? Bunlar hamısı yuxuda əyan olur, yoxsa qulağına pıçıldayanlar var? Qulağı səsdə deyilsə, pıç-pıçın yanlış mənbə olmadığına bu əminlik hardandır? "Mamoy kişinin yuxuları” məzhəkəsində qoca qarının əsasının qızıla çevrilməsi səhnəsini çox da ciddiyə almayın, cənablar, reallıqda elə şeylər olmur. Daha dəqiqi əsa olur, amma qızıla çevrilmir..