Mehman Hüseynov saxlanıldı, Natiq Ədilov polisə çağırıldı
01:39 13.06.2012
2385
Reportyorların Azadlıq və Təhlükəsizliyi İnstitutunun (RATİ) əməkdaşı Mehman Hüseynovu polis saxlayıb. Bu barədə AzadlıqRadiosuna Mehman Hüseynovun vəkili Elçin Sadıqov məlumat verib. Mehman Hüseynov iyunun 12-də saat 18 radələrində Səbail rayon Polis İdarəsinə ifadə verməyə gəlib və 3 saata qədər dindirildikdən sonra təqsirləndirilən şəxs qismində saxlanıb. O, Cinayət Məcəlləsinin 221.1-ci (Xuliqanlıq) maddəsi ilə ittiham olunur. Vəkil Elçin Sadiqov deyib ki, 3 gün ərzində Mehman Hüseynov haqqında məhkəmə qərarının da çıxarılacağı gözlənilir. Vəkil bu ittihamla razılaşmadıqlarını, saxlanılmanın M. Hüseynovun foto və blogger fəaliyyəti ilə bağlı olduğunu deyib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə bildirib ki, mayın 21-də İctimai Palata BŞİH binası qarşısında razılaşdırılmamış aksiya keçirərkən Mehman Hüseynov polis əməkdaşlarına qarşı müqavimət göstərib: “O, ictimai qaydanı kobud surətdə pozaraq, eləcə də cəmiyyətə açıq şəkildə hörmətsizlik edərək, polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlədib, xuliqanlıq hərəkətlərinə yol verib. İyunun 6-da faktla əlaqədar Mehman Hüseynov barəsində Səbail rayon Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin 221.1 maddəsi ilə cinayət işi başlanılıb”. İttiham sübuta yetirilsə, Mehman Hüseynov 1 ilədək azadlıqdan məhrum də edilə bilər. “Azadlıq” qəzeti isə AXCP mətbuat xidmətinin rəhbəri, və qəzetin əməkdaşı Natiq Güləhmədoğlunun (Ədilov) polisə çağırılması barədə xəbər yayıb.