Mehriban Əliyeva: "Hökumətlərin və medianın üzərinə böyük məsuliyyət düşür"

Mehriban Əliyeva: "Hökumətlərin və medianın üzərinə böyük məsuliyyət düşür"
SİYASƏT
11:00 06.05.2017
1013
Bakıda keçirilən IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində beynəlxalq təşkilatların birinci yüksək səviyyəli görüşü olub.

Azərbaycan birinci vitse-prezidenti Mehriban Əliyeva görüşdə çıxış edib.

M. Əliyeva bildirib ki, Azərbaycan dünyanın coğrafi və mədəni müxtəlifliyinin qovuşduğu nadir ölkələrdən biridir. O qeyd edib ki, Azərbaycanın paytaxtı Bakı Şərq ilə Qərbin, eləcə də müasir və tarixi dövrlərin harmonik birləşməsidir: "Öz tarixi boyu Azərbaycan qarşılıqlı əməkdaşlıq və dostluq şəraitində yaşayan müxtəlif mənşəyi və dini olan fərqli icmaların və millətlərin yaşadıqları məkan olub. Şərqin Qapısı kimi tanınan, müxtəlif mədəniyyət və sivilizasiyaların, Şərq ilə Qərbin, Şimal ilə Cənubun kəsişməsində yerləşən və nəhayət, həm İslam, həm Avropa təşkilatlarının üzvü olan Azərbaycan çoxsaylı sivilizasiyaların dəyərlərini özündə birləşdirir. Azərbaycanda yaşayan müxtəlif xalqların ölkəmizin ictimai və siyasi həyatında oynadıqları mühüm rol ilə bərabər, biz onlar tərəfindən öz etnik dəyələrini, dinlərini və ənənələrini tam şəkildə necə qoruyub saxladıqlarını aydın şəkildə görürük. Azərbaycanda etnik və dini tolerantlıqla yanaşı, milli və mədəni müxtəliflik ab-havası ölkəmizi bir çox millətlərin və dinlərin olduğu məkana, o cümlədən qlobal səviyyədə mədəniyyətlərarası dialoq platformasına çevirib. Azərbaycanın müxtəlif beynəlxalq təşkilatlarla məhsuldar və səmərəli əməkdaşlıq tarixi var. Biz beynəlxalq miqyasda mədəniyyətlərarası dialoqun təşviqi sahəsində Azərbaycanın artan rolunu ön plana çəkən bu cür ilk toplantını keçiririk. Beynəlxalq təşkilatların birinci yüksək səviyyəli toplantısı Azərbaycan hökuməti, Avropa Şurası, UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, ISESCO, BMT-nin Dünya Turizm Təşkilatı və FAO ilə tərəfdaşlığı əsasında təşkil olunur. Həmin təşkilatların fəal üzvü olan Azərbaycan bir sıra mühüm beynəlxalq tədbirlər keçirib”.

M. Əliyeva bildirib ki, Azərbaycan nadir ölkələrdən biridir ki, həm Avropa Şurasının, həm də İslam Əməkdaşlıq Təşkilatının üzvüdür: "Fərəhlənirik ki, həmin iki aparıcı beynəlxalq təşkilat arasında fəal əməkdaşlıq 2008-ci ildə "Bakı prosesi” ilə başladı. Bu gün "Bakı prosesi” olduqca mühüm və nadir beynəlxalq təşəbbüsdür. Böyük rəmzi mənası var ki, Bakı 2015-ci ildə ilk Avropa Oyunlarına ev sahibliyi edib və gələn həftə isə IV İslam Həmrəyliyi Oyunları başlayacaq. Hər iki tədbir nəticəsində Bakıya 100-dən artıq ölkənin nümayəndələri gəlib və gələcəklər. Biz bunu "Bakı prosesi”nin bir hissəsi hesab edirik. Millətləri və dinləri bir-birinə daha yaxın edən mühüm siyasi təşəbbüslərdən başqa, Azərbaycan dünyanın müxtəlif yerlərində müxtəlif humanitar və xeyriyyə layihələri həyata keçirib. İcazə verin, onlardan bəzilərini qeyd edim: Pakistanın Müzəffərabad regionunda 2005-ci ildə zəlzələ nəticəsində dağılmış qızlar üçün məktəbin yenidən tikilməsi; Romada qədim Marçellinio və Pietro katakombalarının bərpası; Versal Sarayının parkında tarixi abidələrin bərpası; Bosniya və Herseqovina, Gürcüstan, Macarıstan, Rumıniya, Rusiya və Serbiyanın bir sıra şəhərlərində məktəblərin, məscid və kilsələrin, reabilitasiya mərkəzlərinin, tibb ocaqların və istirahət parklarının tikintisi; Fransanın Aşağı Normandiya regionunda 20-yə yaxın yerli kilsənin, Strasburq Soborunda şüşə vitrajların bərpası; Vatikanın Apostol Kitabxanasında qədim əlyazmaların bərpası və rəqəmsal formata salınması, Vatikan muzeylərində bir sıra abidələrin bərpası; Luvr muzeyində İslam incəsənəti şöbəsinin yaradılmasında iştirak; Bolqarıstanın Veliko Tırnovo şəhərində Trapezitsa Memarlıq Muzeyi Qoruğunun bərpası; Almaniyanın Berlin kiləsinin bərpasında iştirak; İtaliyada, Romada Kapitoli Muzeyində filosoflar zalının bərpası. Bu misallar mədəniyyətlərarası dialoqun potensialına və mövcudluğuna olan güclü inamımızı aydın şəkildə göstərir. Qlobal mədəni irsin qorunmasına verdiyimiz töhfə Azərbaycanın multikulturalizm dəyərlərinə birmənalı bağlılığını nümayiş etdirir”.

M. Əliyeva qeyd edib ki, bu gün dünya qarşılıqlı anlaşma əsasında sivilizasiyaların dəyərlərinin qorunmasına və təşviq olunmasına ciddi ehtiyac duyur. "Bu proses çərçivəsində hökumətlərin, siyasətçilərin, beynəlxalq təşkilatların və medianın üzərinə böyük məsuliyyət düşür. Bu proses hazırda hələ də böyük çağırışlarla üzləşir. Dünyada milyonlarla insan hələ də yoxsulluqdan, aclıqdan, sosial bərabərsizlikdən, sağlamlığa təhdidlərdən əziyyət çəkir. Digərləri isə təbii və antropogen fəlakətlərdən, zorakı ekstremizmdən, terrorçuluqdan və humanitar böhranlardan əziyyət çəkirlər. Biz praktiki olaraq söyləyə bilərik ki, bəzi hallarda beynəlxalq hüquqa riayət edilmir və ya onun normaları ikili standartlar nəticəsində pozulur. Əslində insan həyatına aid məsələlər və hər kəsin təhlükəsiz həyata hüququ ən ali prinsiplərdən biridir və qorunmalıdır. Bu baxımdan mədəniyyətlərarası, dinlərarası dialoq və əməkdaşlıq anlaşma və hörmət prinsipləri ilə birgə cəmiyyətin inkişafının mərkəzində dayanır. Məqsədlərimizə nail olmaq üçün bəşəriyyət millətlər arasında qarşılıqlı əlaqəni quraraq, daha güclü münasibətləri yaradaraq ekstremizm və ksenofobiya kimi maneələri aradan qaldırmalıdır. Biz beynəlxalq təşkilatların, maliyyə və iqtisadi təsisatların göstərdikləri yardımı yüksək dəyərləndiririk və etiraf edirik ki, bu, həmin prosesin ayrılmaz hissəsidir. Yüksək səviyyəli bu toplantının keçirilməsində məqsəd dünyanın siyasi, iqtisadi, mədəni, sosial, maliyyə və digər beynəlxalq təşkilatlarının insanların təhlükəsizliyi, davamlı inkişafı və inklüziv cəmiyyətlə bağlı məsələləri müzakirə etməkdən ibarətdir. Biz, həmçinin çalışırıq birgə tədbirlər görək ki, mədəniyyətlər və sivilizasiyalar arasındakı gərginliklər aradan qalxsın. Çünki onlar bəzi hallarda dini, mədəni və sosial məhdudiyyətlər yaradır. Bu təşəbbüs resursları səfərbərliyə almaq, o cümlədən dünyanı daha təhlükəsiz etmək üçün birgə səylərin göstərilməsində əlavə platforma olacaq. Ona görə, beynəlxalq təşkilatların təmsilçilərinin iştirakı ilə birinci yüksək səviyyəli toplantının keçirilməsi mədəniyyətlərarası anlaşmanı, tolerantlığı, qarşılıqlı hörməti, qlobal vətəndaşlıq etikasını, müştərək məsuliyyətimizi təmin edəcək.

Bizim hamımız dünyada mədəni müxtəlifliyi tanıyırıq. Bütün mədəniyyətlərə və sivilizasiyalara gəldikdə, onlar davamlı inkişafa töhfə verməlidir. Bütün bu işlərin həll olunması asan deyil. Bizim hamımızın müxtəlif mədəni mənşəyi var. Biz hesab edirik və ən azı etiraf etməliyik ki, müxtəlif perspektivlər mövcuddur və onlar açıq qalır. Yekun olaraq, əlbəttə, qeyd edirik ki, dialoq dərhal razılaşma, sadə anlaşma və yaxud başqa məsələlərin həlli demək deyil. Çünki bu, müxtəlif ideyalar və stereotiplər arasında olan boşluğun aradan qaldırılmasına göstərilən cəhddir. Bu, təbii ki, münaqişədən daha yaxşıdır. Mən sizə maraqlı diskussiyalar arzulayıram. Hesab edirəm ki, bizim məramımız bununla daha da güclənəcək. Biz dialoqu davam etdirəcəyik və bir çox çağırışları aradan qaldırmağa nail olacağıq”, - deyə o vurğulayıb.

APA
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Pakistan açıqladı: Əfqanıstan tərəfinin itkiləri 1500 nəfəri keçib
05:41 16.03.2026
Pakistan açıqladı: Əfqanıstan tərəfinin itkiləri 1500 nəfəri keçib
Kubada etirazçılar inzibati binaları dağıdır, saxlanılanlar var
04:24 16.03.2026
Kubada etirazçılar inzibati binaları dağıdır, saxlanılanlar var
KİV: Yaxın Şərqdəki vəziyyətə görə ABŞ-ın Ukraynaya silah tədarükü gecikir
02:32 16.03.2026
KİV: Yaxın Şərqdəki vəziyyətə görə ABŞ-ın Ukraynaya silah tədarükü gecikir
Bakıda və Abşeronda məhəllədaxili yollar bərbad vəziyyətdə: Məsuliyyət kimin üzərindədir? - VİDEO
01:39 16.03.2026
Bakıda və Abşeronda məhəllədaxili yollar bərbad vəziyyətdə: Məsuliyyət kimin üzərindədir? - VİDEO
Hakan Fidan səudiyyəli həmkarı ilə müharibənin dayandırılmasını müzakirə edib
01:07 16.03.2026
Hakan Fidan səudiyyəli həmkarı ilə müharibənin dayandırılmasını müzakirə edib
Araz çayında balıqlar kəskin azalıb - VİDEO
00:24 16.03.2026
Araz çayında balıqlar kəskin azalıb - VİDEO
Əraqçi Yaxın Şərqdə eskalasiyaya səbəb olanların adlarını açıqladı
00:07 16.03.2026
Əraqçi Yaxın Şərqdə eskalasiyaya səbəb olanların adlarını açıqladı
Qazaxıstanda keçirilən referenduma dair "exit-poll" nəticələri açıqlanıb
23:53 15.03.2026
Qazaxıstanda keçirilən referenduma dair "exit-poll" nəticələri açıqlanıb
Daha bir güləşçimiz Avropa çempionu oldu
23:40 15.03.2026
Daha bir güləşçimiz Avropa çempionu oldu
“Dedi, tez qayıdacağıq, soyuqdur, uşağı aparmayaq” - Video
23:34 15.03.2026
“Dedi, tez qayıdacağıq, soyuqdur, uşağı aparmayaq” - Video
İranda casusluq şübhəsi ilə 500 nəfər saxlanılıb
23:24 15.03.2026
İranda casusluq şübhəsi ilə 500 nəfər saxlanılıb
Fərid Şahbazlı: "Qlobal Bakı Forumu dəyişən dünya nizamında mühüm dialoq platformasına çevrilib"
23:07 15.03.2026
Fərid Şahbazlı: "Qlobal Bakı Forumu dəyişən dünya nizamında mühüm dialoq platformasına çevrilib"
Azərbaycan və Səudiyyə Ərəbistanının XİN başçıları arasında telefon danışığı baş tutub
23:03 15.03.2026
Azərbaycan və Səudiyyə Ərəbistanının XİN başçıları arasında telefon danışığı baş tutub
Əraqçı: "İran ABŞ ilə danışıqlara ehtiyac görmür"
22:55 15.03.2026
Əraqçı: "İran ABŞ ilə danışıqlara ehtiyac görmür"
Qubada müəllim dəm qazından boğularaq ölüb
22:44 15.03.2026
Qubada müəllim dəm qazından boğularaq ölüb
Azərbaycanlı diplomat ölkəyə təxliyə olundu
22:28 15.03.2026
Azərbaycanlı diplomat ölkəyə təxliyə olundu