"Məhsəti məqsədli şəkildə tamaşaçıya “pozğun” kimi təqdim edilib"

"Məhsəti məqsədli şəkildə tamaşaçıya “pozğun” kimi təqdim  edilib"
ÖZƏL
15:30 09.12.2025
585
"Bu 10 dəqiqəlik materiala "film” demək düzgün deyil. O, nə filmin, nə də qısametrajlı filmin tələblərinə uyğun gəlir”.

Bu sözləri AZXEBER.COM-a açıqlamasında AzVision.az saytının baş redaktoru, əməkdar jurnalist Vüsal Məmmədov qalmaqala səbəb olan Sabiq mədəniyyət naziri Əbülfəs Qarayevin qızı Suad Qarayevanın çəkdiyi "Məhsəti" filminə münasibət bildirərkən deyib.

O deyib ki, bu "film” instaqram blogerlərinin çəkdiyi videolara bənzəyir:

"Ənənəvi kino üçün vacib olan əsas şərtlər konfliktin yaranması, onun inkişafı və həlli qəhrəmanın transformasiyasıdır. Amma sözügedən "film” bunların heç biri yoxdur. Ssenari və rejissor işi demək olar ki, yox səviyyəsindədir. Daha çox instaqram blogerlərinin paylaşdığı videolara bənzəyir. "Film”də maraqlı monoloq və dialoq da mövcud deyil”.

Əməkdar jurnalist vurğulayıb ki, Məhsətinin "pozğun” kimi təqdim olunması məqsədli şəkildə olub:

"Qəhrəmanlardan birinin dilindən Məhsətinin "gəzəyən” olması səsləndirilir. Onu teatr səhnəsində canlandırmalı olan aktrisa da bu yanaşmanı əsas götürərək, obrazını anlamaq üçün guya pozğun həyat tərzinə başlayır.  Videonun vermək istədiyi əsas mesaj da budur. Belə çıxır ki, Məhsətinin "pozğun” kimi təqdim olunması məqsədli şəkildə tamaşaçıya çatdırılır. Əgər məqsəd tarixi şəxsiyyətin bu cür mübahisəli təqdimatı ilə qalmaqal yaratmaq deyildisə, onda bu, ideoloji təxribat təsiri bağışlayır”.

V.Məmmədov qeyd edib ki, kino janrının öz tələbləri var:

"Kino janrının öz tələbləri var. Gənc aktrisa Məhsətinin "gəzəyən” olduğunu dərk etmək istədi. Amma kino bizdən tələb edir ki, filmin əvvəlində və sonunda o, fərqli bir obrazda olsun. Yəni film ərzində müəyyən inkişaf yolu keçsin. Məhsətini bu cür dərk etməsi aktrisanı haradan haraya gətirdi? Bu inkişaf göstərilsəydi, müəyyən mənada bədii həll sayılardı. Amma sözügedən videoda heç bir məna əks olunmur”. 

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR