Məktəblərdə pul "davası" – “Valideyn xoşluqla verirsə, rüşvət sayılmır”

Məktəblərdə pul "davası" – “Valideyn xoşluqla verirsə, rüşvət sayılmır”
SOSİAL
16:22 21.12.2021
738

 

Xəbər verdiyimiz kimi, Təhsil naziri Emin Əmrullayev brifinq keçirib. Nazir məktəblərdə müəllimlərin valideynlərdən pul yığması məsələsindən danışıb. O məktəblərdə pul yığılması probleminin əvvəldən mövcud olduğunu bildirib:


"Məktəblərdə pul yığımı bu günün problemi deyil, mən məktəbdə oxuyanda da belə idi”. Onun sözlərinə görə, valideynlər ümumiyyətlə məktəbin idarəolunmasında iştirak etməməlidir: "Dövlətin hamı üçün hər şeyi etmək imkanı yoxdur. Məktəblərdə pul yığımı qanun pozuntusudur. Bunun üçün qayda olmalıdır. Təhsil elədir ki, nə qədər resurs gəlirsə, o qədər də nəticə olur. Bu yığım qeyri-qanuni olmamalı, şəffaf olmalıdır. Valideyn-Müəllim Assosiasiyaları ictimai qurumdur, Təhsil Nazirliyinə tabe deyil. O təşkilatın müəllim və valideynləri nə qədər təmsil etməsi vacibdir”.

Sözügedən açıqlama sosial şəbəkələrdə ciddi müzakirələrə səbəb oldu.

Bu açıqlamadan sonra AZXEBER.COM-un sosial media hesablarına gələn rəylər arasında naziri qınayanlar da olub, fikrini düzgün ifadə etməyib deyənlər də.

İzləyicilərdən biri qeyd edib ki, pul yığımı adətən şəhər məktəblərində daha çox olur: "Mən 5 ildir müəllim işləyirəm, 2 məktəb dəyişmişəm və bu günə qədər bir şagirddən, bir valideyndən zorla pul alındığını görməmişəm. Sinifdə nəsə qırılırsa, dağılırsa, onu əlimizə götürüb nazirliyin üstünə qaça bilmirik. Elə valideyn olur ki, deyir, mən düzəldəcəm və sağ olsun edir də. Eləsi də var ki, heç maraqlanmır, elə müəllim özü həll edir məsələni. Yəni, mən müəllim olaraq 5 illik işlədiyim iki məktəbdə bunu görmüşəm. Adətən pul yığılma halları şəhər məktəblərində baş verir, kənd məktəblərində görməmişəm”.

Digər bir izləyici isə qeyd edib: "Nazir demək istəyir ki, pul yığmaq normaldır. Əgər pulu verib dalınca ağlayacaqsansa, vermə”.

İzləyicilərdən bir digəri fərqli fikir irəli sürüb: "Hər kəs xoşluqla verirsə, rüşvət sayılmır. Bu, niyyətə bağlıdır”.

Əvvəlkidən fərqli olaraq indi yığılan məbləğin daha yüksək olduğunu qeyd edən də var: "Onda yığılan qəpik-quruş idi. İndi 50 manatdan aşağı yiyə duran yoxdur”.


Məsələ ilə bağlı AZXEBER.COM-a danışan təhsil üzrə ekspert Elşən Qafarov qeyd edib ki, bu məsələ ilə bağlı ölkədə ciddi nöqsanlar var: "Nazir məktəblərdə pulların toplanması ilə bağlı fikrini çox dəqiq izah etdi. Bildirdi ki, Valideyn-Müəllim Assosiasiyası dövlət orqanı deyil, qeyri-hökümət təşkilatıdır. Bu assosiasiyaya hansısa bir valideyn zorla üzv edilə bilməz və ondan hər hansı bir üzvlük haqqının toplanması valideynin şəxsi istəyi ilə ola bilər. Valideynin istəyindən kənar ondan kimsə pul tələb edə bilməz. Amma ümumilikdə, onu da qeyd etdi ki, bu sahədə qanunvericilikdə çox ciddi boşluqlar var. Məsələn, Azərbaycanda təhsil müəssisələrinin idarə olunmasının dövlət ictimai xarakterdə olması təhsil haqqında qanunda da öz əksini tapıb. Amma bizdə dövlət ictimai xarakterdə təhsil müəssələrinin idarə olunması ilə bağlı hər hansı bir mexanizm yoxdur. Biz pul yığımını adətən məktəblərdə görürük, Valideyn-Müəllim Assosiasiyasına üzv olanlar ona üzvlük haqqı verə bilər. Amma buraya məcburi üzvlük qeyri-mümkündür, bu, könüllü xarakter daşımalıdır. Oraya üzvlük qanuna uyğun olaraq nağdsız ödənilməlidir, nağd ödəniş varsa, qanunsuzdur. Məsələnin başqa bir tərəfi isə odur ki, məktəb işçiləri, məktəb direktoru özü belə üzvlük haqqı topladığına görə cəmiyyətdə haqlı olaraq narazılıqla qarşılanırlar. Bu məsələ ilə bağlı ölkədə həm qanunvericilik sahəsində, həm də mövcud yazılı və yazılmamış qaydalarda çox ciddi nöqsanlar var”.


Bir digər təhsil üzrə ekspert Elçin Əfəndi AZXEBER.COM-a açıqlamasında təhsil müəssisələrinin pul yığılma yeri olmadığını bildirb: "Nazirin bu fikri anlaşılmazlıq yaratdı. Məktəbdə könüllü pul yığılması açıq-aşkar birbaşa pul yığımı kimi görünür. Ümumiyyətlə, təhsil müəssisələrində pul yığılma halı baş verməli deyil. Ola bilər ki, məktəb müəyyən işlərin görülməsi ilə bağlı, məktəbin hansısa bir işi üçün, məsələn təmir üçün könüllü formada imkanı çatan valideynlərdən nəyisə xahiş edir. Bu zaman yığılan məbləq hesabat xarakterli olmalı və təqdim edilməlidir. Əks halda hər hansı ödənişin yığılması yolverilməzdir. Təhsil nazirinin də bu cür ifadə səsləndirməsi mənim üçün də maraqlıdır. Ümumiyyətlə, məktəbdə idarəetmə məsələsindən valideynlər tamamilə çıxarılmalıdır. Çünki valideynlərin bəziləri öz övladlarının yaxşı qiymət almaları üçün çalışırlar deyə rüşvət yığımını həyata keçirirlər. Nəticə etibarilə digər valideynlərə də maddi baxımdan çətinlik çəkirlər”. Ekspert nazirin pul yığımı ilə bağlı açıqlamasına qarşı olduğunu bildirib: "Nazir deyir ki, məktəblərdə hər zaman pul yığımı olub, o, oxuyanda da olub. Düzdür, hər birimizin dövründə bu hallar olub. Məsələ odur ki, mən oxuyanda belə idisə, indi də belə olmamalıdır. Biz vəzifəyə qoyulmuşuqsa, məqsəd bu kimi halların qarşısını almaqdır”.

Aydın Nuri

Yazı Medianın İnkişafı Agentliyinin yardımı ilə "Elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması” mövzusu üzrə dərc edilib.
OXŞAR XƏBƏRLƏR