Bu gün orta məktəblərin əksəriyyətində şagirdlərə psixoloji xidmət göstərilir. Yəni ailəsində, təhsilində, özəl həyatında problem yaşayan şagirdlərlə məktəb psixoloqları mütəmadi ünsiyyətdə olur. Şagirdləri düşdükləri psixoloji durumdan çıxarmaq üçünsə müxtəlif vəsaitlərdən istifadə edilir.Sualımıza cavab tapmaq üçün yolumuzu 51 saylı orta məktəbdən saldıq. Məktəbin psixoloqu Nəzakət Babayeva deyir ki, şagirdlər həm fərdi, həm də qrup şəklində ona müraciət edir. Onlara yardım müxtəlif psixologiya kitablarının,testlərinin, məlumat lövhələrinin mövcud olduğu otaqda göstərilir. Bu otaqda hər bir şagirdin psixoloji xəritəsi də saxlanılır. Xüsusilə yetkinlik yaşına çatan məktəblinin müraciətləri əsasən ailə daxili problemlər, müəllim-şagird münasibəti, şəxsi məsələlər olur. Psixoloq deyir ki, bəzən şagirdi düşdüyü çətin vəziyyətdən çıxarmaq üçün valideynlərin köməyinə ehtiyac duyulur. Adıçəkilən məktəb psixoloji xidmətin təşkili üçün xüsusi vəsaitlərlə təmin olunmasa da, psixoloqlar bu məsələnin həlli yolunu tapıblar.51 saylı məktəbdən fərqli olaraq, 175 saylı orta məktəbdə isə ümumiyyətlə psixoloq üçün otaq da ayrılmayıb. Buna şagirdlərin çoxluğu və dərs otaqlarının azlığı əsas gətirilir. Məktəbin psixoloqu Ləman Məmmədova deyir ki, təhsil ocağında psixoloji xidmətə daha çox 8-11-ci siniflər ehtiyac duyur. Onları ən çox narahat edən məsələlərsə sevgi, müəllim-şagird münasibətləri və dərs yükünün yaratdığı gərginliklərdir.Məsələylə bağlı Bakı şəhər təhsil idarəsindən bildirilib ki, hər bir məktəb Təhsil Nazirliyi tərəfindən müvafiq vəsaitlərlə təmin olunur və artıq bir sıra orta məktəblərə psixoloji xidmətin təşkili üçün vəsaitlər paylanıb. Bakı şəhər Təhsil İdarəsi isə 11 il ərzində şagirdin davranışlarını özündə əks etdirən psixoloji xəritənin hazırlanmasına çalışır.//anspress