Xəbər verdiyimiz kimi, bir neçə gün öncə 156 saylı məktəbin şagirdləri 9-cu sinifdə həmin məktəbi bitirən məktəblini bullinqə məruz qoyub.
Məktəbdən bildirilib ki, məktəb rəhbərliyi və psixoloq tərəfindən şagird və valideyni ilə söhbət aparılıb, müvafiq tədbirlər görülüb.
Habelə DİN-dən də baş verən xoşagəlməz görüntülərlə bağlı rəsmi açıqlama verilib və qeyd edilib ki, hadisə ilə bağlı cinayət işi açılıb.
Cəmiyyəti düşündürən isə həmin şagirdlərin cəzalandırılıb, cəzalandırılmamasıdır.
Məsələ ilə bağlı hüquqşünas Gülnar Nəzərliyə müraciət etdik.
Vəkil AZXEBER.COM-a açıqlamasında hadisəni hüquqi cəhətdən izah edərək qiymətləndirib:

"Azərbaycan Respublikasının Cinayət Məcəlləsində yaşı 15-ə çatmış, lakin 18 yaşı tamam olmamış şəxslərdə müəyyən cinayətlər var ki, onlar bunu törətdikdə məsuliyyətə cəlb olunurlar. Amma bu qızların hərəkətləri həmin kateqoriyaya daxil deyil. Böyük ehtimalla, bu qızlar yetkinlik yaşlarına çatmadıqları və əməllərində cinayət tərkibi olmadığı üçün müvafiq polis orqanlarına çağırıb valideynləri ilə profilaktik söhbətlər aparılacaq. Gələcəkdə onlara belə bir halın təkrarlanması təqdirdə hansı problemlərin yaşana biləcəyi haqda xəbərdarlıq olunacaq. Habelə həmin bullinq hərəkətləri videoya çəkib ictimailəşdirən şəxslər də müəyyən olunaraq polisə dəvət olunub onlarla profilaktik söhbətlər aparılaraq məsələ həll olunacaq".
Milli Məclisin deputatı Fazil Mustafa mövzu ilə bağlı AZXEBER.COM-a açıqlama verib.

Deputat hesab edir ki, məktəb şagirdlərinin bu cür qeyri-etik davranışları birbaşa məktəbin son halından xəbər verir:
"Bununla bağlı məktəbdə təlim-tərbiyə işinə baxılmalıdır. Ümumiyyətlə, məktəb təkcə təhsil almaq yeri deyil, həm də təlim-tərbiyə yeridir. Ona görə də bu məsələyə xüsusi diqqət yetirilməlidir. Təəssüf ki, son vaxtlar orta məktəblərə təyin edilən direktorların ümumi səviyyəsi tələbata cavab vermir və təcrübəsi olmayan adamların xeyli hissəsi müxtəlif formalarda məktəb direktoru vəzifəsinə gətirilir. Bu da hazırkı nəticəni ortaya qoyur. Çünki məktəbdə həm direktor, həm təlim-tərbiyə üzrə direktor müavinləri müəyyən həyat təcrübəsinə sahib olmalıdır. Ailə dəyərlərinin daşıyıcıları olmalıdırlar".
Millət vəkili vurğulayıb ki, təhsil sahəsində olan nöqsanlara ciddi nəzarət edilməlidir ki, belə hallar müşahidə olunmasın:
"Bizim müşahidələrimiz onu göstərir ki, bu sahədə kifayət qədər nöqsanlar var. Bütün bunlara da əhəmiyyət verilmir. Bır sıra məktəblərdə ümumiyyətlə, direktorun özünün davranışı, hazırlıq səviyyəsi məktəbi idarə etməyə uyğun deyil. Bu da müxtəlif neqativ halların carçısı olur. Bu səbəbdən də həmin məsələlərə ciddi yanaşılmalıdır. Məktəblərdə bu qədər hadisələrin baş verməsi onu göstərir ki, şagirdlər nəzarətdən çıxıb. Bu hallara qarşı müəyyən dərəcədə cəmiyyətin özü də məsuliyyət daşıyır. Məktəblə insanların əlaqəsi demək olar ki, formal formadadır. Azərbaycanda məktəblə əlaqədar valideyn şuraları mövcuddur. Bunlar da məktəbin nə təhsil, nə də təlim prosesinə cəlb oluna bilmirlər. Sözügedən problemlərlə bağlı ictimai müzakirələr aparılmalıdır. Məktəblərə kömək etməli, onları dirçəltməliyik. Burada olan neqativ situasiyaları aradan qaldırmalıyıq".
Mikayıl Mirzəzadə
Yazı Medianın İnkişafı Agentliyinin "uşaq və gənclərin fiziki və mənəvi inkişafı" mövzusunda dərc edilib.











































