"Məmur xalqa xidmət üçün vəzifəyə təyin edilib, özünün iqtisadi qüdrətini artırmaq üçün yox”.
Bu sözləri AZXEBER.COM-a açıqlamasında Milli Məclisin deputatı, prezidentliyə keçmiş namizəd Zahid Oruc söyləyib.
O bildirib ki, Prezident İlham Əliyevin dünən Nazirlər Kabinetinin müşavirəsində səsləndirdiyi fikirlər qeyri-qanuni olaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olan məmurlara xəbərdarlıqdır:
"Əgər biz dünənki müşavirənin içərisindən iqtisadiyyatla bağlı Prezidentin verdiyi ümumi tapşırıqları ayırsaq, orada xüsusi vurğulanacaq onlarla məqam var. Bu sırada ən mühüm məsələ iqtisadi liberalizmin gücləndirilməsi və sahibkarlıq mühitinin genişləndirilməsidir. Gördüyümüz kimi, dövlət başçısı ölkəmizin qazandığı nailiyyətlərlə yanaşı vergi inzibatçılığı, kölgə iqtisadiyyatı, yeni nazirin qarşısına qoyulan vəzifələrlə bağlı fikirlərini cəmiyyətlə bölüşdü. Mənə elə gəlir ki, bu müşavirədən sonra ortada olan boşluqlar tama aradan qaldırılacaq”.
Bazara kənardan müdaxilələrin yolverilməz olduğunu deyən millət vəkili bildirdi ki, məmur öz işi ilə, sahibkar da öz işi ilə məşğul olmalıdır:
"Cənab Prezident özü də qeyd etdi ki, artıq bu mərhələ arxada qalıb. Həqiqətən də hər bir ölkədə, seçdiyi ali hədəflərdən asılı olmayaraq, iqtisadiyyat müəyyən mərhələlərdən keçir. Biz sovet mirasını arxada qoymalıyıq. Bu isə elə də asan deyil. Çünki ənənələr fərqlidir, bunun üçün müəyyən hazırlıqlar olmalıdır. Müşavirədə daha diqqətçəkən məqamlardan biri kiçik sahibkarlıq fəaliyyəti ilə məşğul olan subyektlərin vergi yükünün azaldılması ilə bağlı oldu. HÖlkə başçısının söylədiyi kimi, hamı marağında olmalıdır ki, iqtisadiyyat azad şəkildə formalaşsın. Bu daxildə zənginlik yaradacaq, ölkəmizin kənardan asılılığı azalacaq, qeyri-neft sektorunun inkişafına təkan verəcək. Əgər məmur hər hansı sahibkarı öz himayəsinə alıb, bu şəkildə pul qazanırsa, bu qəti yolverilməzdir. Sahibkarın arxasında dövlət dayanır, Prezident ortaya qəti iradə qoyaraq, onlara hər cür dəstək verir. Belə olan halda məmur bu işlərə qarışmamalıdır. Başqa sözlə ifadə etsək, Məmurlar biznesmenlərə "krışalıq” etməməlidir. Hesab edirəm ki, Prezidentin son çıxışı bu cür fəaliyyətlə məşğul olan məmurlara ciddi xəbərdarlıq oldu”.
// Azər Niftiyev, AZXEBER.COM