xari

“Övladım pandemiyadan öncə nişanlı olsaydı, mütləq toy edərdim” – Fazil Mustafa “Onun 10 cavabı"nda

SİYASƏT
16:19 15.04.2021
4700

AZXEBER.COM informasiya portalı bu həftədən etibarən "Onun 10 cavabı” adlı yeni layihəyə start verir. Verilişin formatına uyğun olaraq hər həftə ölkənin ictimai-siyasi və mədəni həyatında fəal rol alan şəxslər dəvət olunacaq və müxtəlif suallarla üz-üzə qalacaqlar. Qonaqlar Azərbaycan mətbuatında təmsil olunan və fərqli redaksiyalarda çalışan 10 jurnalistin suallarını cavablandıracaqlar.

"Onun 10 cavabı”nın ilk qonağı millət vəkili, Böyük Qurtuluş Partiyasının sədri Fazil Mustafadır (Qəzənfəroğlu).

 

1.Simnarə Həmidqızı

- XİN başçısı bəyan etdi ki, "İskəndər" raketi məsələsi çözülməyənədək Ermənistanla "əsir”lərin dəyişdirilməsindən söhbət gedə bilməz. Bu məsələ ilə bağlı proqnozlarınız nədir?

- Mənim fikrimcə, bu məsələnin üzərində ciddi müzakirələr aparmaq lazımdır. Azərbaycan tərəfi onsuzda arqument irəli sürüb ki, "hərbi əsir" söhbəti bitib. Noyabrda imzalanan bəyənatdan sonra bu ərazidə müəyyən dərəcədə sızma fəaliyyətini gerçəkləşdirən hər bir şəxs terrorçu hesab olunur. Buna görə onlar hərbi əsir hesab edilmir. Biz hərbi əsirləri tamamilə təhvil vermişik. Amma bu terrorçuların geri qaytarılması məsələsi qanunvericiliyə uyğun şəkildə həyata keçirilə bilər. Məhkəmədə onlara cəza verilməlidir. Bundan sonra müvafiq Ədliyyə Nazirlikləri arasında hər hansı bir anlaşma varsa, o zaman ekstradisiya məsələsi həll oluna bilər.

2.Famil Fərhadoğlu

- Fazil bəyin övladı pandemiyadan öncə nişanlı olsaydı, karantin müddətinin uzandığını görüb övladına toy edərdimi?

- Mütləq edərdim. Mənə elə gəlir ki, toy edən şəxsləri cərimələmək düzgün deyil. O halda cəzalandırmaq olar ki, qadağa olmur, qayda qoyulur, o qayda pozulursa, onda hər hansı bir cəza tətbiq etmək olar. Onsuz da reallıqda on-iyirmi nəfərlə çox adam bunu evlərində, həyətlərində keçirir və bu da çox normaldır. Çünki mövcud vəziyyət sosial gərginlik yaradır. Bu insan taleyi ilə bağlı olan bir məsələ olduğu üçün icazə verilməli idi. Mən hesab edirəm ki, Operativ Qərərgahın bəlkə də ən səhv yanaşmalarından biri toy məsələsini vaxtında, düzgün tənzimləməməsidir.

3.Kərəm Ələsgərov

- Sizin fikrinizcə əyani, yoxsa distant təhsil faydalıdır və nəyə görə?

- Əlbəttə, burada heç bir şübhə yoxdur ki, əyani təhsil faydalıdır. Çünki müəllimlə təmas qurulmayan təhsilin effekti o qədər də böyük deyil. Müasir texnoloji imkanlar onu göstərir ki, distant təhsil seçilmiş insanlar üçündür. Deyək ki, müəyyən insanlar var ki, onlar üçün əyani təhsil zəruridir. Distant təhsil bəzi amillərə görə daha effektivdir. Deyək ki, tələbə universitetə gedərkən bir-iki saatını yolda itirməkdənsə, internet resurslarında istifadə edərək dərsdə iştirak edə bilər, həmin vaxtda da oxuyub araşdırmağa sərf edə bilər. Bu, özünün təhsilə, oxumağa marağı olan insanlar üçün da əlverişlidir. Şəxsən mən indi tələbə olsaydım, distant təhsilə üstünlük verərdim. Çünki o vaxt universitetə gedib-qayıtmaqda itirdiyim vaxt mənim üçün önəmli idi.

4.Ayşə İsazadə

- Fazil müəllim, Vətən müharibəsindən sonra ağrılı məqamlardan biri də, itkinlərlə bağlı olan məsələdir. Müharibənin bitməsindən 5 aydan artıq vaxt ötüb və bu gün də bəzi ailələrin övladlarından xəbərləri yoxdur. Hazırda bu proseslərlə bağlı mövqeyiniz necədir? Onlar əsirdir, yoxsa şəhid olublar?

- Burada hansısa qurumu qınamaq da çətindir. Çünki bildiyiniz kimi, Murov dağı ətrafında qar hələ ərimədiyinə görə müəyyən dərəcədə o ərazilərdə əsgərlərimizin həlak ola bilməsi ehtimalı var. Yaxud da ermənilər tərəfində öldürülüb gizlədilmiş meyitlər də ola bilər, əsir götürülüb gizlədilmiş şəxslər də. Bu səbəbdən müxtəlif ehtimallar var. Dövlət qurumları çalışırlar ki, tez bir zamanda bu faktları aşkarlayıb ailələrə məlumat versinlər. Buna görə hansısa dövlət qurumlarını məsuliyyətsizlikdə qınamaq düzgün deyil. Digər tərəfdən minalanma prosesi də total şəkildə axtarışları ləngidir. Buna görə də birdən-birə onların tapılması, onlar haqqında məlumatı aydınlaşdırmaq asan deyil.

5.Aqil Ələsgər

- Hörmətli Fazil bəy, siz də dəfələrlə açıq kontekstdə pandemiya ilə bağlı tətbiq olunan siyasətə öz etirazınızı bildirmisiniz. Görünən odur ki, çox az bir kəsim xaric hər kəs eyni fikirdədir. Bəs, o zaman çox məntiqsiz olan bəzi qadağalarda Operativ Qərargahın israr etməsindəki əsas səbəbi nədə görürsünüz?

- Burada səbəb görmürəm. Burada məntiqsizlik görürəm. Məsələn, qapalı idman zallarının bağlı qalması mənasız, məntiqsiz bir qərardır. İdman zallarını bağlamaqdansa, onu hansısa məhdudiyyətlərlə, məsələn müəyyən saydan artıq olmaması şərti ilə maska, spirt öz yerində olmaqla icazə verilsə, bunu hamı anlayışla qarşılayar. Toylarla bağlı da eyni məsələdir. Bunu qadağan etmək olmaz. Müəyyən say məhdudiyyəti ilə, vaxt məhdudiyyəti ilə və başqa məhdudiyyətlərlə keçirilməsinə icazə verilməlidir. Bundan başqa məscidlərdə fərdi qaydada insanlar gedib namazını qıla bilərlər. Başa düşdük, kollektiv şəkildə getmək müəyyən problemdir. Amma fərdi qaydada icazə verməmək düzgün deyil.

6. Fərid Şahbazlı

- Bundan əvvəlki çağırışda Parlamentdə millət vəkilləri tez-tez məmurlarla aralarındakı problemlərdən bəhs edirdilər, yəni dövlət qurumlarının rəsmiləri bəzi məsələlərə laqeyd yanaşırdılar və bu ciddi müzakirələrə səbəb olurdu. Bəs, indi bu barədə vəziyyət necədir, millət vəkilləri ilə dövlət qurumlarının rəsmiləri arasında münasibətlər hansı səviyyədədir?

- Hesab edirəm ki, bu məsələdə problemlər həqiqətən də azalıb. Həm millət vəkilləri, həm də dövlət qurumları fəaldılar. Onlar məhdudlaşdırlımış iş rejimində çalışır. Millət vəkilləri, tutaq ki, komitə iclasına onlayn toplaşırsa, bura da dəvət olunan hansısa komitə üzvlərinin də sayı məhdud olur. Bəzən məmurlarla da müəyyən anlaşılmazlıqlar olur. Bu da dilə gətirilir. Amma dediyim kimi, pandemiyaya görə bunların Milli Məclisdə geniş müzakirə olunması imkanı yoxdur.

7. Emin Vaqifoğlu

- İctimai nəqliyyatda hər gün sıxlıq yaşanır, restoranlarda hər kəs dincəlir, bəs toylara nə üçün icazə verilmir? 15-20 nəfər qohumların belə yığışıb kiçik tədbir təşkil etməyinə icazə yoxdur. Fazil bəy, bu barədə fikirləriniz nədir?

- Bu barədə mən fikrimi az öncə təqribən açıqladım. Açığı bunu çox vaxt restoranlarla müqayisə edirlər. Amma bu müqayisə də doğru deyil. Restoran işlədən kimdir? Azərbaycan vətəndaşı. Orada çalışanlar kimdir? Evinə çörək aparan Azərbaycan vətəndaşı. Demək orada onların işləməsi müəyyən bir kateqoriyaya mənsub şəxslərin evinə çörək aparması deməkdir. Ona görə bunları bu cür müqayisə etməyək. Bizə lazımdır ki, məşğul əhalinin sayı çox olsun. Artıq hamı dövlətdən umacaq vəziyyətə gəlib çıxmasın. Bu çətin dövrdə ən azı bir dərman pulunu, çörək pulunu qazana bilsinlər. Toy məsələsi insanlar arasında gərginlik yarada biləcək bir məsələdir. Xoş bir niyyətlə insanlar ailə qurmaq istəyir, amma böyük bir problemlə üzləşirlər. Mən təklif etdim ki, bu toylar qısa bir çevrədə keçirilsin, ancaq bankda bəylə gəlinin adına hesab açılsın. Dəvətnamələr də göndərlisin. Gəlmək vacib deyil, amma gənc ailəyə dəstək üçün hesaba pulunu köçürsün. Belə olduğu halda da ailə sıfırdan başlamır, maddi əsası olur.

8.Günel Hüseynli

- Uşaq pulu ilə bağlı məsələ son günlər ən çox müzakirə olunan məsələdir. İlqar Məmmədovun bu mövzu ilə bağlı çıxışı da xeyli müzakirəyə səbəb oldu. Sizin məsələyə münasibətiniz necədir?

- Mən əvvəllər də bu məsələni qaldırmışam. Hətta kateqoriyalara da ayırmışam ki, birinci 6 yaşa qədər uşaqlara, daha sonra 12 yaşa qədər uşaqlara verilsin. Əslində, bu uşaqpulu verilir. Amma hamıya verilmir. Uşaqpulu termini sosializm terminidir. Burada da uşaqpulunu istəyənlər problemi işsizliklə bağlıdır. Bu səbəbdən uşağı dolandıra bilmir, imkanı çatmır. Bu qisim adamlar uşaq adı ilə aldığı pulu ehtiyacı olduğu istiqamətdə xərcləmək üçün buna bir maaş kimi baxır. Bir qisim isə, həqiqətən də uşağın ehtiyaclarını ödəmək üçün bunu istəyir. Bu pulu ehtiyacı olanlara vermək lazımdır. Mənim fikrimcə, 12 yaşınadək ehtiyacı olan uşaqlar araşdırılmalı və onlara büdcədən vəsait ayrılmalıdır.

9.Hacıbəy Heydərli

- Fazil bəy, artıq Ramazan ayı başlayır. Sizcə, pandemiya şəraitində iftar məclisləri keçirilməlidirmi? Bağlı olan məscidlər nə vaxt açılmalıdır? Eyni zamanda Həcc ziyarəti qadağan edilib. Belə olan halda insanlar alternativ olaraq nə etməlidir? O pulu hara xərcləsələr daha savab olar?

- Söhbət pulu xərcləməkdən yox, prosesə daha sağlam baxmaqdan gedir. Məsələn, Həcc ziyarəti haqlı olaraq qadağan olunub. Gedirsən, virusa yoluxma riski var. Ümumiyyətlə, dinin mahiyyəti insana dəyər verməkdi. Bu, həm də onun sağlamlığından ibarətdir. Dindən qoyulan qadağalarda belə insan sağlımlığı düşünülüb. Belə olan halda Allahın yüngülləşdirdiyi işi çətinləşdirmək lazım deyil.

10.Aydın Nuri

- Siz idmanı sevirsiniz və daha çox məşğul olduğunuz idman növlərindən biri də futboldur. Sizcə, Azərbaycan futbolunun inkişafı üçün nələr çatmır, hansı yeniliklər edilməlidir?

- Mən, həftədə bir və ya iki dəfə futbol oynayıram. Pandemiya səbəbilə kilo aldığımız üçün idmanla məşğul olmaq lazımdır. Suala gəldikdə isə, bu sahədə köklü dəyişikliklər etmək lazımdır. Bu, həm də ilə sağlamlıqla bağlı olan bir məsələdir. Təkcə idman infrastrukturunu dəyişməklə bunu düzəltmək mümkün deyil. Uşaqların körpəlikdən normal idman şəraitində yetişməsinə şərait yaratmaq lazımdır. Bu, binaların həyətində infrastrukturun yaradılması ilə başlayır. Çox problemlər var. Hər halda burada köklü islahatlar aparmaq lazımdır. Azərbaycanlılar qabiliyyətlidir. İstənilən idmanda öz bacarığını göstərə bilərlər.

Aydın Nuri 

 



 

OXŞAR XƏBƏRLƏR