“Onun Milli Şura layihəsinin ətrafına yeni dövrün bolşevikləri, o dövrün Mikoyanları, Şaumyanları, Əliheydər Qarayevləri qoşulmuşdu”.
Ötən gün Milli Şuranın sədri, keçmiş vahid namizəd Rüstəm İbrahimbəyov APA-nın Moskva müxbirinə verdiyi müsahibədə siyasətdən getməsi haqqında danışıb. Kinorejissor müsahibəsində onu namizəd olmağa məcbur etdiklərini, siyasətdən getdiyini və artıq Rusiya vətəndaşlığından çıxmaq istəmədiyini bildirib.
Məsələylə bağlı AZXEBER.COM-a danışan Ana Vətən Partiyasının sədri, Azərbaycan Milli Məclisinin deputatı Fəzail Ağamalı R. İbrahimbəyovun çox primitiv və diletant siyasətçi olduğunu söyləyib:
“Bir neçə ay bundan öncə mən demişdim ki, Rüstəm İbrahimbəyov çox primitiv və diletant siyasətçidir. Və eyni zamanda onun heç vaxt Azərbaycan xalqı ilə birlikdə olmadığını önə çəkmişdim. O, kənardan Azərbaycan üçün təzyiq etmək məqsədi ilə yaradılan bir layihənin içərisində idi və onun tərkib hissəsi idi. R. İbrahimbəyovun Rusiyanın müəyyən dairələri tərəfindən önə verilməsi artıq öz təsdiqini tapıb. O, Azərbaycan cəmiyyəti üçün önəmli bir ad deyildi. Onun Milli Şura layihəsinin ətrafına yeni dövrün bolşevikləri, o dövrün Mikoyanlar, Şaumyanlar, Əliheydər Qarayevləri qoşulmuşdu. Sonda isə məlum oldu ki, Milli Şura Azərbaycan cəmiyyəti üçün sosial sifariş deyil. Buna görə bu layihə fiaskoya uğradı”.
F. Ağamalı Cəmil Həsənlinin önə verilməsini İsa Qəmbərin və Əli Kərimlinin özlərini məğlubiyyətdən sığortalamaq istəyi kimi qiymətləndirib:
“İndi isə Müsavat partiyası və AXCP seçkilərdə öz məğlubiyyətlərini kompensasiya etmək üçün Cəmil Həsənlini qurban verdilər. Bu da bir gerçəklikdir ki, əgər sənin hansısa siyasi keyfiyyətlərin tükənibsə, cəmiyyətin maraqlarına xidmət edə biləcək bir siyasət yürüdə bilmirsənsə, o zaman siyasətdən getməlisən. Bu prinsip dünyada da belədir. Məsələn, Tansu Çillər və Məsut Yılmaz Türkiyənin aparıcı siyasətçilərindən biri idilər. Ancaq seçkilərdə uduzduqdan sonra onlar siyasətdən getdilər. Bu addımı atmaq üçün insanda gərək şəxsi keyfiyyət olsun. İsa Qəmbər və Əli Kərimli isə özlərini məğlubiyyətdən sığortalamaq üçün tarixçini, kinorejissoru qabağa verirlər. Amma bu seçkilər bir daha Milli Şuranın məğlubiyyəti ilə nəticələnəcək”.
Əfsələddin Ağalarov
AZXEBER.COM