"Mən müharibədə olanda anamın başına sanki qar ələnmişdi" - Qazi Ramazan İslamov

SOSİAL
12:11 14.11.2022
8689
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə Gəncliyin Sosial İqtisadi İnkişafına Yardım İctimai Birliyinin həyata keçirdiyi "Tarix yazanlar" layihəsi qazi İslamov Ramazana həsr edilir.

Sentyabrin 27-si könüllü olaraq müharibəyə getmək üçün özüm müraciət etdim. Səfərbərlik idarəsindən bildirildi ki, əgər lazım olarsa, sizə məlumat verəcəyik. 28-i axşam dostlarıma çağırış gəldiyi üçün onları yola salmağa getmişdim. Anamdan zəng gəldi və kövrək səsilə "sənə də çağırış gəlib” dedi. Çağırış gəldiyinə sevinməli olduğum halda, anamın kövrək səsi məni də kövrəltdi. Təsadüfə baxın ki, ev tikdirdiyimiz üçün həmin gündən 28 günlük məzuniyyətə çıxmışdım. Elə o gün də mənə çağırış gəldi.

Müharibəyə getmək üçün müraciət etdiyinizi ailəniz bilirdi?

Yox, heç kimə deməmişdim bu haqda.

Müharibə günləri yaddaşınızda necə qalıb?

Müharibədən yadımda qalan xoş xatirələr, pisləri yuyub aparır. İlk olaraq Aşağı Aybasanlıya hücuma keçdik. Orada 2 şəhid, 11 yaralımız oldu. Müharibənin və itkinin nə olduğu dərk etmirdik. Bunu ancaq gecə saat 2 olardı, dərk etdik və şəhid hərbçilərimiz Leytenant Muradov Siyavuş və leytenant Məmmədov Fərid aramızda yoxdur. Həmin an onların yoxluğu bizə çox pis təsir etdi və hamımız hönkür-hönkür ağlamağa başladıq. Dəhşətlisi o idi ki, yaralı və şəhidlərimizin bəzisi paramparça olmuş, bəzilərinin ayağı, qolu bir tərəfə düşmüşdü. Onların xırıltılı səsi gəlirdi və biz onların vəziyyətinin pis olduğunu dərk edirdik. Suyumuz bitdiyi üçün yerdən palçıqlı suyu götürüb, duruldub içirdik.

Aprel döyüşlərində ehtiyat tabor idik

Mən Aprel döyüşlərində də iştirak etmişəm. Gecə saat 1-də bizi apardılar Ağdərəyə. Bizi Ermənistan ordusunun hücumunun qarşısını almaq üçün aparmışdılar. Aprel döyüşlərində də 49 nəfərlik bölükdən 16 nəfəri şəhid verdik. Vətən Müharibəsində də şəhid və yaralı sayımız çox oldu. Vətən Müharibəsi məni böyütdü. 

Ən çox şəhid və yaralı verən bizim taborumuz olub.

İkinci hücuma keçəndə tağım, bölük, manqa komandirlərimiz şəhid və əsgər yoldaşlarımız yaralı idi. Tabor komandirimiz bizimlə yoldaş idi. Əslində tabor komandiri 3-5 km arxada olmalıdır ki, bizi arxadan idarə etsin. Ancaq bizim komandir öndə gedirdi. 

Onları ərazidən uzaqlaşdırıb maşına qoyanda ikisinin də əli bir-birinin üstünə düşdü, sanki qucaqlaşdılar...

Müharibə dövründə tağım komandirimiz olan Leytenant Muradov Siyavuşla yaxın idim. Hər zaman deyib-gülüb, zarafatlar edirdik. O, hər zaman özünə "mən şəhid olacam” deyirdi. Hücuma hazırlaşırdıq, tankların yolumuzu açmasını gözlədiyimiz anda minamyot atıldı. O da gəlib bizim aramıza düşdü. Mən həmin an ərazidən bir az uzaqlaşmışdım. Minamyot atılandan sonra Siyavuşun yanına qaçdım. Siyavuşun üzünə baxıb, hələ başa düşmürdüm nə olub. Qəlpə onun gicgahından girmişdi. İkinci tağım komandirimiz Məmmədov Fəridi də həmin gün itirdik. O da. Minamyot atılması nəticəsində şəhid oldu. Fəridlə Siyavuşun bir şəkli var idi, hər ikisi bir-birini göstərib, bu şəhid olacaq deyirdi. Allahın işinə baxın ki, onlar şəhid olandan sonra onları ərazidən uzaqlaşdırıb maşına qoyanda ikisinin də əli bir-birinin üstünə düşdü, sanki qucaqlaşdılar. Mən də şəhadət zirvəsinə ucalmaq istərdim.  Bu hər adama nəsib olmur.

Ən ağır döyüşləriniz hansı istiqamətdə olub?

Ən ağır döyüşlər Füzuli, Xocavənd və Əsgəran istiqamətində olub. Biz Xocavəndə daxil olanda bizi üçtərəfli mühasirəyə almışdılar, atmırdılar. Yarım gündən çox mühasirədə qaldıq, 3-5 saniyə ərzində yerimizi dəyişməsəydik, vurardılar bizi. Yükümüzün ağırlığı və yorğunluq bizi lap yormuşdu. Gecə 2 idi, mövqeyi aldığımız üçün çox sevinirdik. 

Mühaibənin son gününə qədər ailəm harada olduğumu bilmirdi

Müharibənin son gününə qədər ailə üzvlərim harada olduğumu bilmirdi. Qonşumuz var idi və müharibə zamanı mənimlə birlikdə idi. Həmin qonşumuz anamdan soruşub ki, Ramazan necədi? Anam da bildirib ki, Bakıdadır. Həmin qonşumuz anama mənim Şuşada olduğumu deyib. Aprel döyüşlərində anamın saçının kökü ağarmışdısa, Vətən müharibəsində anamın başına sanki qar ələnmişdi, üzü qırışmışdı. 
 
Günel Hüseynli

OXŞAR XƏBƏRLƏR