"Mənim bir arzum var - Azərbaycan futbolu..." - MÜSAHİBƏ

İDMAN
23:23 01.11.2011
1680

Azərbaycan futbolunun veteranlarındanİsgəndər Cavadov55 yaşının tamam olması münasibətilə azerisport.az saytının suallarını cavablayıb, arzularından danışıb. - Sentyabrda anadan olsanız da, ad gününüzü noyabrın 1-də qeyd edirsiniz. Niyə? - Bəli, sentyabrın 20-də anadan olmuşam. 55 illiyimi böyük təntənə ilə, yüksək səviyyədə qeyd etmək istəyirdik. Rusiyanın veteranlarından ibarət yığmasının Bakıya gəlməsini gözləyirdik. Onlar bizdən xahiş etdilər ki, yubileyi oktyabra saxlayaq, buna görə də hər şeyi təxirə saldıq. Amma sonradan onlar ümumiyyətlə gələ bilmədilər. Ona görə də yubileyi bu gün keçirməli olduq. Sağ olsunlar Milli Məclisin məni dəstəkləyən deputatları. - Geridə qalan dövrə qısaca nəzər salmağınızı istərdik... - 55 yaş az deyil. “Neftçi”də oynadığım uşaqlıq günlərimi xatırlayıram. Öz karyeramdakı qızıl ili tez-tez xatırlayıram. Yadıma gəlir ki, ilk dəfə “Neftçi”nin avtobusunu görəndə düşünmüşdüm ki, görəsən mən bu klubda oynaya biləcəm. Böyük çətinliklə də olsa, mənə bu müyəssər oldu. Belə komandada oynadığıma sadəcə inanmırdım. Bu, Azərbaycan futbolunun tarixidi. O vaxt komandada Anatoli Banişevski kimi ulduzlar çıxış edirdilər. Gənc idik, əsas heyətə düşəcəyimizə inanmırdıq. Amma mən özümü xoşbəxt sayıram ki, karyeramda “Neftçi”nin xüsusi yeri var. - Özünüzə nə arzu edərdiniz? - 55 yaşımda sağlam olmaq istərdim. Bütün dostlarıma da bunu arzulayıram. İnsan üçün hər şeydən önəmli olan özünü yaxşı hiss etməsidi. Əgər o, sağlamdısa, yaşının neçə olmasının o qədər də əhəmiyyəti yoxdur. - Sizi bu gün kimlər təbrik edib? - Mən təbrikləri hələ öz ad günümdə almışdım. Həmin insanlar bu gün yenə təbrik edirlər. Doğmalar, yaxınlar, futbol veteranları, dostlar, klublarda çalışanlar – hamı zəng edir, xoş sözlər söyləyirlər. Məni yada salan hər kəsə təşəkkürümü bildirirəm. - Həyata keçməsini arzuladığınız nəsə var? - Mənim bir arzum var - Azərbaycan futbolu dünyada özünə yer eləsin. Mən inanıram ki, bizim futbol Avropada öz sözünü deyəcək səviyyəyə çatacaq. İndi elə ölkələr futbol oynayır ki, heç fərli bir şəraiti də yoxdu. Biz digərlərindən daha yaxşı oynamalıyıq. Çünki Azərbaycanda idmana böyük qayğı var. Klublarımızı Çempionlar Liqasını, Avroliqanın qrup mərhələrində görmək istəyirəm. Bax, budur mənim arzum.

OXŞAR XƏBƏRLƏR