"Azərbaycanda 90 faiz insan Ukraynanı dəstəkləyir, mənim ətrafımda da hələ ki, Rusiyanı dəstəkləyən kimsə yoxdur. Hamı bu məsələdə Ukraynanın haqlı bilir və Ukraynanın yanındadır”.
Bu sözləri AZXEBER.COM-a açıqlamasında Ağ Partiyanın sədri Tural Abbaslı deyib. O, qeyd edib ki, Rusiya təcavüzkar ölkədir və başqa bir suveren ölkənin ərazilərinə daxil olub:
"Rusiya-Ukrayna məsələsində Azərbaycan cəmiyyətinin mövqeyi birmənalıdır. Rusiya təcavüzkar ölkədir və başqa bir suveren ölkənin ərazilərinə daxil olub, onun müstəqilliyinə təhtid yaradır. Onun xalq tərəfindən seçilmiş iqtidarını hakimiyyətdən salmaq istəyir, ordusunu məhv etmək istəyir. Təbii ki, Azərbaycanda 90 faiz insan Ukraynanı dəstəkləyir, mənim ətrafımda da hələ ki, Rusiyanı dəstəkləyən kimsə yoxdur. Hamı bu məsələdə Ukraynanın haqlı bilir və Ukraynanın yanındadır. Amma dünyada müxtəlif mövqelər var və bəziləri Rusiyanı, bəziləri Ukraynanı dəstəkləyir. Hərənin özünün həqiqəti var. Mən yenə də deyirəm, Azərbaycan üçün də, bizim Ağ Partiya üçün də Rusiya təcavüzkar və düşmən ölkədir. Hansı ki, bu gün Ukraynaya soxulub, sabah Azərbaycana soxula bilər, biri gün başqa yerə girə bilər. Bu baxımdan da biz birmənalı olaraq Ukraynanın yanındayıq, Ukrayna xalqının yanındayıq”.
Tural Abbaslı həmçinin qeyd edib ki, müharibənin nəticəsinin necə olacağını zaman göstərəcək:
"İndi müharibənin nəticəsi necə olacaq, onu indidən demək tezdir. Artıq müharibənin 8-ci günüdür, müharibə gedir. Hələ ki, Ukrayna dirəniş göstərir və demək olar ki, bütün iri şəhərlərini öz nəzarətində saxlayır. Amma sonrası necə olacaq, nəticə necə olacaq, işğal olacaqmı, olmayacaqmı, hakimiyyət dəyişəcək, yoxsa yox, və ya Qərb yenə də Ukraynanı tək qoyacaq, yoxsa qoşun yeridəcək, bütün bunları zaman gələndə görəcəyik”.
Aydın Nuri