Milli Şuranın yaradılması ilə bağlı müzakirələr davam edir. Mətbuatda, eləcə də ictimaiyyət arasında şura üzvlərinin siyahısı birmənalı qarşılanmayıb. Bəziləri hətta Milli Şuraya Rüstəm İbrahimbəyovun sədr seçilməsini də düzgün hesab etmir.
Hüquq müdafiəçisi Vidadi İsgəndərli AZXEBER.COM-a açıqlamasında “Milli Şura”ya üzv qəbul olunmamasının səbəblərinə aydınlıq gətirib: “Mən hələ gənc yaşlarından siyasi mübarizəyə qədəm qoymuşam və bütün həyatım mübarizə şəraitində olub. İstər Qarabağ müharibəsində, istərsə də ki, ondan sonrakı dövrdə daim haqsızlığa qarşı barışmaz mövqedə olmuşam və bu gün də iddialarıma sadiqəm. Mənim milli azadlıq uğrunda az xidmətim yoxdur, kifayət qədər xidmət göstərmişəm. Mən universitetdə oxuduğum müddətdə demişdilər ki, kim Bakıda baş verən mitinqlərdə iştirak etsə, o, təhsildən uzaqlaşdırılacaq, amma buna rəğmən mən yenə də iştirak etdim, sırf buna görə deportasiya olundum. Bu gün müxalifətin bir-biri ilə qarşıdurmasının xalqın xeyirinə heç bir faydası yoxdur. Mən bunu Prezident İlham Əliyevə müraciətimdə demişdim. Mən onu da qeyd etmişdim ki, bu gün xalqın birliyə ehtiyacı var. Milli Şuraya gəlincə isə, o öz missiyasını həyata keçirmək üçün birləşir. Və xalqın içində bu şuraya böyük maraq var. Milli Şuraya mənim münasibətim müsbətdir. Və həmişə olduğu kimi yenə də deyirəm, əgər Milli Şura xalqın mənafeyinə zidd hərəkət etsə, mən bu şuranın əleyhinə çıxış edəcəm. Mənim bu şuraya təyin olunmamağımın səbəbi isə siyasi qısqanclıqla bağlıdır. “Milli Şura” hələ ki tam formalaşmayıb. O ki qaldı mənim Rüstəm İbrahimbəyovu özümə lider kimi görüb-görməməyimə, mən onu Azərbaycan siyasətində lazımlı adam kimi qəbul edirəm.”
Vidadi İsgəndərli son zamanlar təzyiqlərlə üzləşdiyini deyib: “Son zamanlar sosial şəbəkələrdə mənim üzərimdə böyük təpki var. Belə ki, profilimə edilən hücumlar, haqqımda yazılan sitatlar, müəyyən qruplardan çıxardılmağım siyasi qısqanclığı bir daha sübut edir. Bunu isə müxalifət tərəfdən bəzi insanların etdiyi istisna olunmur.”
Qeyd edək ki, Milli Şura mayın 28-də təsis olunub.