Mənim sevimli dəlim

Mənim sevimli dəlim
KÖŞƏ
17:27 22.09.2014
4948

Nigar İsmayılqızı

Qış idi. Elə bilirdim ki, yağışdan sonra qar yağacaq.

Dedim bəlkə, bu qışda qar dənəciklərinin altında yox olmaq imkanım oldu.

Yox olub, yenidən var olmaq həvəsi ilə.

Olmadı.

Yağmadı.

Dənəciklərə həsrət qaldım.

Guya həmişə mən arzulayanda yağırdi ki...

Daha Tanrını narahat etmək istəmirdim.

Çətin anlarımda ondan kömək gözləmirdim.

Susurdum.

Bu susqunluğun arxasında mənə doğma olan səslərdə varlığımı hiss edirdim.

Həyatda elə anlar olur ki, qar dənəciklərinin altında var olmaq istəyirsən.

O bilər.

O anlayar.

Həqiqətləri düşündüyü üçün dəli oldu, tarixdən dəli kimi də getdi.

Nitşeni deyirəm. Bəli, Nitşeni... O daha yaxşı bilir Tanrının harada olduğunu.

Deyirdi: Tanrı yoxdu. Yaxşı ki, yoxdu, qalsaydı, yükü ağır olacaqdı.

Ayağının altındakı həşəratları qorumaq üçün topuğuna kiçik zəncir taxan yazıçı isə israr edirdi.

Tolstoya görə, nə olursa olsun, dünyanı insanlıq xilas edəcəkdir. Əslində, insanlıq da dünyanı xilas etmək məcburiyyətində deyil.

Nitşe Tanrının bu dünyada varlığına şübhə ilə yanaşsa da, İlahi varlığın məhz bu dünyada olmasını təsdiq edirdi. Yoxluq özü də bir varlıq deyil? Əsas olan bu həqiqəti tapmaqdır. Özünü tap! Tanrıya yaxın ol! O uzaq deyil, hər an səninlədir. Bilmirəm niyə, amma çaşıb mövzudan kənara çıxmağı xoşlayıram. Onda daha maraqlı olur...

Yad, amma insana doğma olan ölkədə, yeni stansiyada, balaca, rahat, enerji dolu bir kafedə onunla görüşdüm. Məni görüb gülür. Özü kimi, gülüşü də içdən idi. Amma sürətlə getməyə davam edirdi. Ona doğru addımlayırdım. Gedə-gedə çönüb mənə baxır, yenə gülümsəyir, yoluna davam edirdi. Gülmək ona yaraşırdı. Tez-tez əynində boz rəngdə nəsə görürdüm. Deyəsən, boz rəngi çox sevirdi: mən onu sevdiyim kimi, o özünə aşiq olduğu kimi. Çiynində klassik stildə, dördkünc, sadə çanta vardı.

Onu da deyim ki, çantasından xoşum gəldi. Qadın dediyin qadın olmalıdır. Can Yücəl yaxşı deyib: qadın gərək geyinməyi, çanta tutmağı bacarsın. Hələ çətiri demirəm. Dördkünc, taxta stol, stullarla bəzədilmiş kafedə balaca dipçəkdəki rəngli güllər üzümə baxırdı. Sanki mənim balaca, rəngli güllərdən xoşum gəldiyini bilirdilər. Uzun şüşəli pəncərənin bir addımlığında yer tapıb oturduq. Mənim üçün hədiyyə də almışdı. Dördkünc qutu, qızılı rənglə yazılan hərflər. Ürəyimə damıb ki, hədiyyəyə öz ətirindən vurub. Onu ancaq bu qadın düşünə bilər. Sevindim.

Elə bir insan ola bilməz ki, hədiyyəni sevməsin. Mənimçünsə sürpriz idi, çünki bu, ondan aldığım ilk hədiyyə idi. Təmiz şüşə. Nə bu şüşəyə başımı söykəyib, nəfəsimlə özümdən başqa kimsənin bilmədiyi nəsə çəkərdim. Arada da nəfəsimlə çəkdiyim dumanlarda yox olardım. Uşaqlıqdakı kimi. Balaca qız idim. Uşaqlıqda belə hərəkətlər çox edirdim. Elə bilirdim, dəli olmuşam. Yaşadığım evdə məndən başqa bir dəli də var idi. Sözün yaxşı mənasında dəli deyirəm. Güvəndiyim dəli, cəsarətli dəli, hər zaman sənin yanında olan dəli. Dəliliyi də vicdanla edən ağılı başında olan dəli. Hər zaman susqun, sulu gözlü, keçmişinə bağlı, tünd çay içən, qədimi əşyaları sevən, rəngli şarflar taxan, cız-bız hazırlayan, tez-tez qatarda səyahət edən, tək olanda kitabları özünə dost seçən dəlini deyirəm.

Qəribə dəli idi - onu da deyim. Uşaq vaxtı o dəli ilə yaxşı anlaşırdım. Qonşuluqda isə xalis, "sənədli" dəli var idi. Davakar qonşu olsa da, onunla arada dərdləşirdim. Hiss edirdim ki, onun da mənimlə söhbət etməyə meyli var. İnan dostum, o sənədli ağıllılardan daha yaxşı adam idi. Mən danışanda elə diqqətlə dinləyirdi. Nə olar ki, dəlidi, amma müsbət xüsusiyyətləri də var idi. Onu yaxşı xatırlayıram. Bayramlarda gecələr közdə əntiqə kabab hazırlayırdı. Mənimlə yeməyini də paylaşırdı. Uşaqlar deyirdi: özünə təzə dost tapmısan. Deyəsən, məni dəliyə qısqanırdılar. Kim nə deyir desin, onunla söhbət etməkdən narahat deyildim. Ona güvənirdim, vicdanlı insan olduğuna azda olsa əmindim.

Mənzilimizdəki dəli hara gedirdi məni də özü ilə aparırdi. Onunla çox yerlərə baş çəkmişəm. Maşında yol gedəndə ikimizdə susurduq. Amma susaraq o qədər danışırdıq ki... Yaxşı ruhlu, ürəkli, səbirli, həssas, anlayışlı dəli idi...

Yaxşı xatırlayıram, Vladimir Vısotskini dinləməyi çox sevirdi. Onunla 22 il yol gəldik. Birdən özü də istəmədən gedəsi oldu. Bu dəfə çamadanını yığıb həmişəlik getdi. Səfər o qədər uzun çəkdi ki. Artıq 7 ildi. Hələ də ondan xəbər yoxdu. Qayıtmadı. Mən dəlini lap dəli eləyib getdi. Onunla yuxularda görüşürük. Kislovotski, Soçi istiqamətində. Yəqin, göylərdə məndən ağıllı dəli tapıb. Əslində, qalmaq istəyirdi, amma getdi. Son sözü bu oldu: dostum, qorxma! Səsi hələ də qulaqlarımdadı!.. Daha olan olub da, nədən qorxacam ki? Deyirəm istər elə, istər belə çamadanlarını yığan adamı saxlamaq günahdı. Nədi axı bu günah. Ufff. Nə istəyir insanlardan.

Qadın boyasız dırnaqları ilə məni şüşədəki dumanlı dünyamdan ayırdı. “Karamel” rəngli, uzun saçlı qadın gözlərimin içinə dik baxırdı. Bu dəfə də gözləri gülümsəyirdi. Elə istəyirdim onun saçlarına toxunmaq. Qarşı qarşıya otursaq da, yanına keçmək istədim. Sadəcə qulağına nəsə pıçıldamaq keçdi ürəyimdən... Saçlarını içimə çəkmək, dumanlı illəri yenidən xatırlamaq istədim. Axı niyə? Səbəb? Bu qadın bu dünyaya yox deyib, öz dünyasını qurub orada xoşbəxt olmağa qərar vermişdi. Xoşbəxt idi, azad idi - kəpənək kimi. Rəngli kəpənəklərdən xoşum gəlir. Kaş kəpənəklərin də məndən xoşu gələydi. Bəlkə də, gəlir...

Ətrafdakılar deyir: yenə öz havandasan. Hələ bir dostum mənə zəng vuranda "salam, dəli" deyirdi. Deyəsən, özünün də başına hava gəlmişdi. Soruşuram, mənə niyə dəli deyirsən? Deyir, özüm də sənin günündəyəm. Bilmirəm nə olmuşdu mənim günümə. Hələ bir dəli deməyi azmış kimi, arada "Axxxx səni əclaf" deyə səslənir. Sözün yaxşı mənasında əclaf. Küsülü olsaq da, onun yaxşı ürəyi vardı... Əşi qoy bu dünyada mənə əclaf desinlər. Bəzən özüm də özümə deyirəm: Mən əclafam. Əsas odur, əclaflığı da edəndə ağız dadını oxşuya bilirəm. Əclaflığa meylim yoxdusa, bu əclaf sözü arı pətəyə oturan kimi mənim canıma otura bilməyəcək. Elə bilirəm...

Ürəyimdə balaca bir yuva var. Həsirdəndi orada hər şey. Həsir yüngül olur. Hara istəyirəm, ora aparıram. Bax tutaq ki, öz vətənimdən, içimdən ayrılsam nə dəyişəcək. Rahat yerdən qopmaq olmur axı. Rahatsansa, qal orada. Sadəcə bu rahatçılıq italiyan əsilli, qadın gözləri haqqında uzun uzadı düşünən, Pikasso kimi məşhur rəssamı özünə heyran edən, geyimli qadınları çəkən, havalı rəssam Modilyanı kimi səni də yox eləməsin.

Bəlkə, Bakıya qar yağdı... Boranlı havadan donan məşhur şəxsiyyətlərin heykəlləri, tamaşaçısız qalan teatr ocaqları, dəmir kimi möhkəm olan maşınlar, insan sevgisinə həsrət oturacaqlar, səliqəyə ehtiyacı olan zibilqabılar, donmuş fantanlar, ağaclar, quşlar, sədaqətli itlər kimi sən də qara büründün. O zaman məni anlayacaqsan. Bəyazlar içində qar adamları seyr etməyin nə qədər zövqlü olduğunu hiss edəcəksən. Bəlkə, bu qardan, təmizlikdən sonra köhnə Bakını tapa bildin, bəlkə...

Vaqif Səmədoğlunun sözü olmasın, şairlərin də susduğu bu şəhərdə yetər ki, “Heyvanıstan” olmasın...

Lütfən, sus, dinlə... Gələn var. Bu dəfə özünü yox, qar dənəcəklərini. Ağ saqqallı, körpələrin sevimlisi Santa-Klauslar əllərindəki zəngləri dınqıldadır. Bax, Santa-Klausun əynindəki qırmızı rəngli xalat, gilas dodaqlı, balaca, şirin qızları xatırladır. Və həzin-həzin qar yağır. Mən qar dənəciklərinin altında həvəslə gəzən iki cüt, qara paltolu, əlcəkli, şarfı boynuna bərk-bərk dolayan, tünd yaşıl şlyapalı, şaxtalı havanı içinə çəkə-çəkə gəzən, gözlərində işıq olan, qar olanda dənizin altinda qalan balıqların hara getdiyini düşünən qar adamlara baxıram...

OXŞAR XƏBƏRLƏR