İstedadlı bəstəkar Pərviz Mahmudov bir neçə yeni mahnı üzərində çalışır. Musiqiçi AZXEBER.COM-a açıqlamasında onlardan ikisinin yaxın günlərdə dinləyicilərin ixtiyarına veriləcəyini bildirdi. Bunlar Sevda Yəhyayevanın ifasında “Sən” və müğənni kimi səhnədə ilk addımlarını atan Sevanın oxuduğu “Eşq dəlisi”dir.
“Sən”in sözləri Aygün İsmayılovaya, aranjemanı Ramin İsmayıla məxsusdur, aranjemanını Hakan Erol etdiyi “Eşq dəlisi”i isə Leyli yazıb: “Sevdayla artiq beşinci işbirliyimizdir. Hər zaman da uğurlu alınır. Insanlar da onunla mənim yaradıcı harmoniyamıza alışdıqları üçün tez-tez yeni mahnılarımızın olub-olmaması haqqında soruşurlar. “Sən”in də seviləcəyinə inanıram. Seva da istedadlıdır. Ifaçılığa başlayan digərləri kimi Seva ilə olan işbirliyimizin də yaxşı olacağına əminəm. Istər populyar, istərsə də səhnədə ilk addımlarını atan hər bir müğənni özünəməxsusdur, onlar ilk növbədə səsləri, ifa tərzləri ilə fərqlənirlər. Mənsə hər zaman onların özlərinə uyğun mahnı təqdim edirəm.” P. Mahmudov səhnəyə yeni gələn müğənnilərin ilk olaraq ona mürciət etməsinin də sirrini açıqladı. O özü də bəstəkar kimi fəaliyyətə müğənni olmaq istəyən Sevda Yəhyayeva ilə başlayıb: “Onun ifasında “O zaman” mahnısı çox sevildi, sonra isə Günay İbrahimli və Zarina Məmmədova bu ənənəni davam etdirdi. Əslində işin çətini səhnəyə yeni gələn ifaçını gözəl şəkildə təqdim etmək, onun bacarığı, potensialını ortalığa çıxarmaqdır. Istedadlı həmkarlarımı dəstəkləyirəm, lakin mənim tərzimi təkrarlamaları ilə öyünməsinlər. Radiolarda səslənən bir çox hit mahnıların müəllifi mən olsam da heç vaxt buna arxayınlaşmıram, çünki hər yeni mahnım digərinə rəqibdir.”