Seymur VERDİZADƏƏbülfəz Elçibəy dünyasını dəyişəndə, partiyadaşlarının ünvanına bu cür ittihamlar səsləndi: “Ölüm ayağında olanda Əbülfəz bəyi övladları ilə görüşdürmək lazım idi. Yəqin ki, Bəyin uşaqlarına deməyə sözü vardı. Amma buna imkan vermədilər. Elçibəyin son sözü dilinin ucunda qaldı...”Rəhmətlik atam xərçəng xəstəliyindən dünyasını dəyişdi. Yataq xəstəsi olduğu bir ay ərzində biz bunu məharətlə ondan gizlədə bildik. Səhhəti günbəgün ağırlaşsa da, atam tezliklə sağalıb ayağa qalxacağına inanırdı. Sağalmaz xəstəliyə mübtəla olduğunu bildiyimiz halda ölümü ona yaraşdırmırdıq. Biz ancaq gələcək haqda danışır, saysız-hesabsız planlar qururduq. Atam ölümündən bir gün əvvəl komaya düşdüyü üçün biuzə son sözünü deyə bilmədi. Dəfn mərasimi başa çatandan sonra qohumlarımızdan biri məni məzəmmət etdi: “Gərək, atanıza həqiqəti deyəydiniz. Bəlkə də onun sizə deməyə sözü vardı”.Bu sözləri eşidəndə, anam da, qardaşım da bərk sarsıldılar. Amma mən heç vaxt təmkinimi pozmadım. Çünki atam lazım olan sözləri ölümündən düz 10 il əvvəl mənə demişdi. Mən, ata ilə oğulun dostluq etməsinin nə qədər faydalı olduğunu həmin vaxt daha yaxşı anladım...Tələbə yoldaşlarımdan birinin atası ağır xəstədir. Kişinin sağalmaz dərdə düçar olduğunu məhəllədə bilməyən yoxdur. Övladları xəlvətdə göz yaşları axıtsalar da, atalarının yanında deyib-gülür, özlərini dünyanın ən xoşbəxt adamı kimi aparmağa çalışırlar. Dünyagörmüş adam olan Əbil dayı üç gün əvvəl arvad-uşağını başına yığıb, onlara vəsiyyət etmək istəyirmiş. Amma arvadı onu necə “topa” tutubsa, kişinin sözü ağzında qalıb. Dünən tələbə yoldaşım mənə dedi: “Deyəsən, atam bizə nəsə vacib bir söz demək istəyir. Amma hər dəfə ağzını açmaq istəyəndə, başının üstünü necə alırıqsa, yazıq kişi dillənməyinə peşman olur”.Dünəndən bəri öz-özümə düşünürəm: “Əgər Əbil dayı bu dünyada cəmi beş-on gün ömrü qaldığını bilirsə, onun üzünə gülüb, arxada ağlamağın nə mənası var?”Əmin ola bilərsiniz, Əbil kişi dünyasını dəyişəndən sonra uşaqları başlarına döyüb belə deyəcəklər: “Gərək, vaxtında atamızın vəsiyyətini dinləyəydik. Kişinin son sözü dilinin ucunda qaldı...”